Dünən- fevralın 21-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Rusiyanın “sülhməramlı” sayılan hərbi kontingentinin nəzarətində olmaqla separatçı-terrorçu erməni rejiminin idarə etdiyi Çıldıran kəndində erməni yazıçının adını daşıyan kitabxana açılıb.
Hafta.az xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Sovet dövründə bu kənddə doğulmuş və dünyasını dəyişmiş yazıçı Levon Adyanın adını daşıyacaq kitabxana həmin kəndin erməni uşaqların təhsil aldığı orta məktəbində açılıb.
Zəruri arayış:
Çıldıran - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Dağətəyi ərazidədir. Yaşayış məntəqəsini 1828-ci ildə çar Rusiyası imperiyasının planları və dəstəyi əsasında Türkiyənin Çıldıran adlı ərazisindən köçüb gəlmiş erməni ailələri salıblar. Türkiyədə Çıldıran adlı kənd indi də qalmaqdadır. Türk dillərində çıldır/şıldır "çay, şəlalə, suyun çırpılması, ətrafa yayılması; qəzəblənmə" mənasında işlənir. Çıldıran oykonimi - "şəlaləli yer" və ya "məcrasından çıxan çay" mənasındadır...
Çıldıran kəndi -sovet dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindəki Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Çıldıran kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.

I Qarabağ müharibəsi zamanı uğrunda bir çox oğullarımızın şəhid olduğu bu kənd 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Azərbaycan ordusunun 44 günlük müzəffər yürüşündən sonra 10 noyabr 2020-ci il razılaşmasına əsasən ümumi sahəsi 3050 kv.km olan Kəlbəcər rayonunun 1992-ci ildən əvvələ aid 1936 kv.km-lik ərazisi azad edilsə də, keçmiş Ağdərə rayonuna aid 1114 kv.km-lik torpağı Rusiyanın rəsmən sülhməramlı sayılan hərbi kontingentinin himayəsindəki separatçı-terrorçu erməni rejiminin nəzarətində qalıb. Həmin ərazidəki kəndlərimizdən biri də Çıldıran kəndidir...