Azərbaycan Respublikası Kəlbəcər rayonunun müvəqqəti(!) olaraq Rusiya hərbi kontingentinin himayəsi altındakı separatçı erməni rejiminin nəzarətində qalan Həsənriz kəndində Tailand boksu idman klubu açılıb.
Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı nəşrlərə qanunsuz
"Tailand boksu federasiyası"nın rəhbəri Aleksan Ağabalyan danışıb.
Məlumata görə, “Aterk” adlandırılmış bu Azərbaycan kəndindəki erməni uşaq və gənclər üçün açılmış tailand boks idman komandası 6 yaşdan yuxarı 63 idmançıdan ibarətdir. Yaş məhdudiyyəti yoxdur.
Zəruri arayış:
Həsənriz kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Amma 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin əvvəlində ermənilər kəndi yenidən işğal edib. Həsənriz uğrunda döyüşlərdə neçə-neçə Azərbaycan oğlu şəhid olub….
Hazırda Həsənriz kəndi cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumata görə, son vaxtlaradək kənddə erməni ordusunun batalyonu saxlanılıb.
10 noyabr üçtərəfli razılaşmasından sonra Rusiya sülhməramlıları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in inzibati bölgüsü əsasında apardıqlarından Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb.
Təbii ki, bu, qanunsuz bölgüdür...