İnzibati-hüquqi cəhətdən Azərbaycan Respublikasının Kəlbəcər rayonuna aid olan və ermənilərin “Verin Oratağ” adlandırdığı Yuxarı Orataq kəndində 44 günlük savaşdan sonra digər bögələrdən 15 köçkün erməni ailəsi, yaxud 52 nəfər yerləşdirilib.
Hafta.az xəbər verir ki, bu haqda Xankəndindəki separatçı erməni nəşrlərinə kəndin qanunsuz “icma rəhbəri” G. Martirosyan danışıb.
Daha sonra separatçı məmur kəndin miskin iqtisadi-sosial durumundan bəhs edib.
“Hazırda kənddə 622 nəfər yaşayır və müharibədən sonra heç kim kəndi tərk etməyib.
Məktəbdə 116 şagird oxuyur, amma yeni binanın tikilməsinə ehtiyac var. Uşaq bağçamız yoxdur, amma kəndimizdə bağça yaşlı 80-ə yaxın uşağımız var. Kəndin ictimai zalı və ilk tibbi yardım məntəqəsi var. Banket zalı yoxdur. Bəzi kənd yolları asfaltlanır. Qəsəbə işıqla təmin olunub, amma qaz verilmir. Su problemimiz var. Yeni su kəməri çəkilməlidir. Müharibə zamanı kənddəki 1 evə qismən ziyan dəyib. Yaxın gələcəkdə təmir planlaşdırılır.
Sakinlər əsasən əkinçilik və heyvandarlıqla məşğul olur”.
Zəruri arayış:
Yuxarı Oratağ — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Qızılqaya kənd inzibati ərazi dairəsində kənddir.
Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Verin Oratağ olmuşdur. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Yuxari Oratağ kəndi dağətəyi ərazidədir. Qədim adı Oratağ olmuşdur. XIX əsrin 20-ci illərində İrandan köçüb gəlmiş erməni ailələri burada məskunlaşdiqdan sonra eyni adda digər məntəqə (Nerkin Oratağ - “Aşağı Oratağ”) yarandığına görə kənd Verin (erm. “Yuxarı”) Oratağ adlanmışdır. Oykonimin ikinci komponenti qədim türk dillərindəki ur (şiş, qabarıq) və tağ (dağ, təpə, yüksəklik) komponentlərindən düzəlib, “şiş təpə” mənasındadır.
Hazırda Yuxarı Oratağ kəndi rəsmən Rusiyanın sülhməramlı sayılan hərbi kontingentinin nəzarətindədir.