Kəlbəcərlilərin yurd həsrəti bitdi - Sorğu

11:14 26.11.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Bu gün Kəlbəcərimiz azaddır. Bu gün dillənəcək kəlbəcərli xəyallar, danışacaq Kəlbəcərin susan, buz bağlayan ürəkləri... Dərdli vətənin oğullarının, qızlarının sevincdən qəhərlənən gözləri, sözləri məlhəm olacaq bu Vətənin xoş gününə, xoşbəxtliyinə...

Bu gün Kəlbəcərdən danışacağıq. 28 illik ayrılıqdan sonra donan Kəlbəcərin üzü doğma övladlarının nəvazişli təbəssümü, isti hənirtisi ilə isinəcək. Bu gün Kəlbəcərin azad övladları “Həftə içi”nə Kəlbəcərdən danışacaqlar...

Jurnalist Elxan Salahoğlu:

– Kəlbəcərin  bir güllə atlmadan sülh yolu ilə alınması mənim üçün sanki bir yuxudur.  Heç xəyalıma gətirə bilməzdim ki,  itirilmiş torpaqlarımızın bir hissəsini müharibə yolu ilə alarıq,  axıra Kəlbəcərlə Laçın qalar, onları da döyüşsüz qaytararıq. Şükürlər olsun Azərbaycan Ordusuna, Ali Baş Komandana,  düşmənin cavabını yerindəcə, layiqincə, artıqlaması ilə verdi. O cavab elə artıqlaması ilə verildi ki, Ağdamın, Kəlbəcərin bir güllə atmadan xilasına imkan yaratdı.  Allah bütün şəhidlərimizə rəhmət eləsin, yaralı əsgər  və zabitlərimizə Tanrıdan şəfa  diləyirəm. Ali Baş Komandanımıza, Dövlətimizə Tanrıdan  güc-qüvvət versin!

Ermənistan işğalçı dövlət olaraq Kəlbəcəri asanlıqala öz sahiblərinə qaytarmaq haqqında düşünmürdü. Bunu xəyallarına belə gətirmirdilər. Kəlbəcərin işğalı zamanı dinc Kəlbəcər camaatının başına açdıqları müsibətlərin  28 ildən sonra öz başlarına gələ biləcəyini anladılar. Bundan qorxdular və Paşinyan kapitulyasiyaya getdi. Baş verənlərə belə bir nəzər saldıqda, bu gün yaşadıqlarımız bizim üçün doğrudan da bir fəxarətdir.

28 ildən sonra Kəlbəcərin azad olunması mənim üçün, bir kəlbəcərli üçün həm də kövrək hisslərin oyanmasıdır. Düzdür, qürur duyuram, fəxarət hissi keçirirəm ki, 28 illik həsrət bitdi. Eyni zamanda, 30 ildə itirdiklərimizə heyfsilənirəm. Bu 30 ildə bizim həyatımızda çox itkilərimiz oldu, həm maddi, həm mənəvi... Böyüklərimizi itirdik, ağsaqqalları, ağbirçəkləri itirdik.

Kəlbəcərin işğaldan azad olunması uğrunda 1993-cü ilin dekabr -yanvar, 1994-cü ilin yanvar-fevral aylarında keçirilmiş Murovdağ əməliyyatlarında nə qədər oğlanlar itirdik, nə qədər şəhidlər verdik, nə qədər yaralılarımız oldu. O döyüşləri, əməliyyatın ağırlığına, hava-iqlim, dağ şəraitində keçirilməsinə görə, Türkiyənin hərb tarixindəki “Sarıqamış” əməliyyatı ilə müqayisə edərəm. Mən özüm də bu döyüşlərdə iştirak eləmişəm. Həmin döyüşlərdə qardaşım şəhid olub, cəsədini 6 aydan sonra, 1994-cü ilin iyun ayında qar əriyəndə tapmışıq.  O döyüşlərdə mənim savaş yoldaşlarım şəhid olub, o döyüşlərdə mənim sinif yoldaşlarım şəhid olub...

 Bax, bu 28 ildə itirdiklərimizə nəzər yetirdikdə, düşündükdə, 28 il əvvəllki tarixə nəzər saldıqda, əlbəttə ki, kədərlənməmək mümkün deyildir. Yenə sözümün əvvəlinə qaydıram, çox şükür ki, ordumuz bu zəfəri bizə yaşatdı. Bu qalibiyyəti bizə yaşatdı. 28 il əvvəl ayrı düşdüyümüz yurdumuza yenidən qovuşa bildiyimizə görə özümüzü xoşbəxt sayırıq.

Boya-başa çatdığım yurdumuza, el-obamıza, Kəlbəcərimizə necə qayıdacağam?.. İnanın ki, bu 28 il ərzində həmişə bu günü gözləmişəm. Xəyallarımda Kəlbəcərə qayıdışın planlarını qurmuşam.

Kəlbəcərin 3-cü ən böyük ən ucqar kəndi olan Başıbeldə doğulmuşam.  Allahın köməkliyi ilə Kəlbəcərə ilk ziyarətim məhz Başlıbeldən başlamalıdır. Kəlbəcərin hər qarışı,  Qarabağın, Azərbaycanın hər qarışı mənim üçün əzizdir,  müqəddəsdir. Mənim üçün daha böyük dəyərləri var  o kəndin.

1993-cü ildə Kəlbəcər rayonu işğal olunarkən kəndimizdə 100-dən çox mülki insan evlərini tərk edə bilməmişdi, mühasirədə qalmışdılar.  İşğaldan bir neçə gün sonra, aprel ayının 5-də həmin o 100 nəfərdən 30-35 nəfəri evlərini tərk edib Murov istiqamətinə yola düşsələr də, 62 nəfər son anda dağlara çəkilərək kahalarda gizlənmək məcburiyyətində qalmışdı.  Onların arasında yataq xəstələri, qadınlar, kişilər, qocalar, uşaqlar da var idi. 113 gün düşmən ordusunun mühasirəsində qalan sakinlər həmin müddətdə dəfərlərlə erməni quldurlarının hücumlarına və işgəncələrinə məruz qalmışdılar. Kəlbəcərin işğalından, təxminən, 2 həftə sonra, aprel ayının 18-də ermənilər 62 nəfərin gizləndiyi yeri müəyyən edə bilmişdilər.  Həmin gün ermənilər Başlıbel kəndinin yuxarı hissələrində çöllərə dağılmış mal-heyvanı qarət eləmək üçün kəndin yuxarı hissəsinə çıxmışdılar və o zaman kahalarda gizlənən adamların yerini təsadüfən müəyyən eləyə bilmişdilər.  Burada həmin o 62 nəfərin içində Laçından gələn 9 nəfər də var idi ki, onların bir hissəsi silahlı əsgərlər idi.  Onlar mühasirədə qalmış Laçın batalyonunun əsgərləri idilər.  Son məqamda mühasirəyə düşmüşdülər, gəlib Başlıbeldən keçəndə məlum olmuşdu ki, yol bağlıdır və qərar qəbul etmişdilər ki, elə Başlıbel camaatı ilə bir yerdə kahalara sığınıb orada yaşasınlar. Ermənilər həmin kahaya hücum edən zaman 14 nəfəri girov götürmüş, 19 nəfəri yerindəcə güllələmişdilər.  Qalan 30 nəfər oradan dağlarla, dərələrlə qaçaraq elə həmin gecə sərtucurumlu yerlər keçərək gizlənməyə çalışmışdılar. Həmin  hadisə vaxtı həlak olanlar bir neçə gündən sonra dəfn olunmuşdular. Qaçıb canını qurtaranlar 4-5 gündən sonra  geri qayıdıb kahada nə baş verdiyini, kimlərin öldüyünü, kimlərin girov aparıldığını dəqiqləşdirərkən, qətlə yetirilənlərin hamısını elə kahanın yanındaca, 13 nəfərini bir yerdə, 3-4 nəfəri bir az aralıda dəfn etmişdilər. Təbii ki, elə bir şərait idi ki, onları adət-ənənə ilə dəfn etmək mümkün deyildi. Onları elə əyinlərindəki geyimlərlə torpağa basdırmışdılar... 

İndi bizim orada əmanət qəbirlərimiz var. Kəlbəcərin işğalı zamanı onlar torpaqlarını tərk etməmişdilər, evlərini, kəndlərini tərk etməmişdilər, kahalara çəkilmişdilər. Mühasirə günü 18 gündən sonra vəhşi ermənilər onları da qətlə yetirmişdi... 

Kəlbəcər azad olunandan sonra, mənim Başlıbelə ilk səfərim məhz həmin o qəbirləri ziyarət etməkdən başlayacaq. Mühasirə zamanı həlak olan insanların arasında mənim çox yaxın qohumlarım – bibim, ana nənəm, bibimin oğlu da var. İmkanım olsaydı, günü bu gün maşını sürərdim, Murovun ətəklərinə qədər gedərdim. Oradan o tərəfə də, necə Kəlbəcər işğal olunarkən yurdumuzu tərk edib gəlmişdik, həmin yollarla pay-piyada gedərdim Başlıbelə... Orada,  kəndin yuxarısında dəfn olunmuş o insanların məzarını ziayarət edərdim. Gedib orada doyunca ağlayıb özümü boşaldacağam...  Kəlbəcərə ilk səfərim, yəqin ki, bu cür olacaq...

İndi bilmirəm nə vaxt. Kəlbəcər elə bir coğrafi ərazidir ki, qışda ora getmək çox çətindir. Hər an, hər gün, sentyabrın axırlarından, oktyabrın ortalarından, ta aprel ayının axırlarına qədər qar olur, keçilməz sədlərdir. Üstəlik, yəqin ki, düşmən hər tərəfi minalayıb. Qar olan yerdə minalanmış əraziləri təmizləmək çətindir. Yəqin ki, ərazilərin təmizlənməsi yay aylarında mümkün olacaq.Yenə də arzu edərdim ki, elə bu qış gedib öz yurdumuza bir dəfə baş çəkib gəlim. Hövsələm çatmaz yay aylarına qədər gözləməyə.

Jurnalist Xalid Vahidoğlu:

– Kəlbəcər həsrəti bitir, nəhayət... Doğma kəndimizi tərk etməyimizdən 27 il 7 ay 25 gün keçir. Neçə yaxınım Kəlbəcər həsrətinə dözməyərək dünyasını dəyişdi. Şəxsən tanıdığım neçə kəlbəcərli ömründən illər verməyə hazır idi ki, bircə saatlıq Kəlbəcərə qayıda bilsin.

Bir qərinəyə yaxın davam edən, özünü dünyada ədalətin təminatçısı hesab edənlərin bitirə bilmədiyi bu həsrətə rəşadətli Azərbaycan Ordusu 44 günlük mübarizəsi ilə son qoydu. İndi səbirsizliklə kəndimizə dönəcəyim günü gözləyirəm. Tanrıya şükür edirəm ki, biz yenidən öz torpaqlarımızda yaşaya biləcəyik.

Qarabağ müharibəsi təkcə mənim deyil, minlələ mənim kimi uşağın həyatını məhv edib. Normal təhsil ala, sağlam böyüyə, uşaqlıq həyatı yaşamağa imkan verməyib. Doğulduğum torpaqda cəmi 14 il yaşaya bilmişəm. Başlıbelə bağlayan hissləri ifadə etməyə söz tapa bilmirəm. Vətənsizliyin nə demək olduğunu bu ağrını yaşamayanlar bilə bilməz, məncə. Bugünədək bir çox ölkələrə gedib, mətbəxlərindən dada bilsəm də, mənim üçün ən ləzzətli təam 3 gün ac-susuz yol gəldikdən sonra 1993-cü ildə Murov dağında əsgərlərin verdiyi çörək olub. Həyatımın ən xoşbəxt anı da Başlıbelə qayıdıb orada yaşayacağım zaman olacaq.  Bütün yaralarımız yavaş-yavaş sağalacaq Kəlbəcər işğaldan azad olunanda. Ağrısını unutmadan sağaldacaq işğaldan azad olunan Kəlbəcər bizi. Yeni həyat verəcək, təkrar yaşamadığımız uşaqlığımıza döndərəcək bizi, Başlıbelə dönüşümüz. Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı, Şuşa, Ağdamda dalğalanan üçrəngli bayrağımız bir daha enməmək üzrə Kəlbəcərdə dalğalanacaq. 

44 günlük Vətən Müharibəsi dövründə Azərbaycan əsgərlərinin döyüş meydanındakı qələbəsini siyasi arenada möhkəmləndirən Ali Baş Komandanın Laçın, Xocalı, Xocavənd, Ağdərə, Xankəndidə də bayrağımızın dalğalanmasını təmin edəcəyinə inanırıq!

Ehtiram Mehdiyev, deputat köməkçisi

- Bu elə bir duyğudur ki, hələ həyatımda belə sevindiyim olmamışdı. Bərkdən qışqırmaq istəyirəm, sanki ruh bədənə qayıdır. Elə bil, uzun müddət komadaydım, indi ayılıram.

Kəlbəcər mənim dədə-baba yurdumdur. Kəlbəcəri sonuncu dəfə ana laylası ilə xatırlayıram. Kəndimizi –Başlıbeli, ancaq şəkillərdə, videolarda görmüşəm. Evimizdə Kəlbəcərdən yadigar qalan onlarca əşya var. Səhəng, xalça, süfrə, sandıq, at nalı, qaşıq, çəngəl, bıçaq... Babamdan qalan bu əşyaların ən azı 100 yaşı var. Babam yaşasaydı 128 yaşı olacaqdı. Atam ildə bir-iki dəfə onları açıb bizə göstərir və Kəlbəcərdəki xatirələrindən danışır.

Sizcə, insan görmədiyi yeri necə sevib, dəyər verər? Bu hissi başa salmaq çətindir. Vətəni sevməyin izahı yoxdur. Vətənin hər qarışına, hər daşına canımız qurban.

Hələ kiçik yaşlarımda müharibənin ağrılı-acılı günlərinə şahidlik etmişəm. Nənəm iflic oldu, dayım Şəhid oldu, yaxın qohumlarım itkin düşdü. Aylarla evsiz-eşiksiz qaldıq.Uşaqlığımız köçkün həyatı yaşamaqla keçdi. Müharibə mənə və mənim kimi uşaqlara vaxtından tez böyüməyi öyrətdi.

Bu gün Ali Baş Komandan, Müzəffər Ordumuz sayəsində torpaqlarımıza qayıdırıq. Bu möhtəşəm duyğudur. Bütün Qarabağlılar səbirsizliklə dədə-baba yurdlarına qayıtmağı gözləyir. Bu tarixdir. Biz bu sevinclə yenidən uşaqlığımıza qayıdacağıq. Allah bu sevinci bizə bəxş edən şəhidlərimizə rəhmət eləsin!

Aqil Camal, jurnalist:

– Kəlbəcər mənim üçün təkcə doğulduğum, boya-başa çatdığım, 17 yaşına qədər yaşadığım bir rayon, bir yurd yeri deyildi.  Oradan ayrılandan sonra ən əziz insanımın timsalında görmüşəm Kəlbəcəri.  Bu gün Kəlbəcərin işğaldan azad olunması mənim üçün ən əziz bir insanıma qovuşduğum qədər təsirli və onun qədər dəyərli bir hadisədir. Bu baxımdan Kəlbəcərin azad olunmasını mən ömrümün ən xoşbəxt hadisəsi,  xoşbəxt günü hesab edirəm. Baş verə biləcək ən xoş hadisələri gözümün qabağına gətirəndə, görürəm ki, bundan yuxarı mərtəbəyə qoya biləcəyim bir xoş hadisə ola bilməz. Kəlbəcərin işğaldan azad olunması  tək mənim üçün, tək kəlbəcərlilər üçün deyil, bütövlükdə Azərbaycan xalqı, dövləti üçün bir uğurdur.

...Kəlbəcərin işğaldan azad olunmasını sülh yolu ilə bizə qaytarılması kimi qəbul etmirəm. Kəlbəcərin azad olunması sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun başladığı hərbi hərəkatın nəticəsidir. Bu əks-hücumlar nəticəsində düşmənin məğlub olması prosesini diplomatik müstəviyə keçirməyə nail olduq. Dünən gecədən başlayaraq Azərbaycan Ordusunun Kəlbəcərə daxil olması belə bu hərbi hərəkatın davamıdır.

...Həm Kəlbəcərə, həm işğaldan azad olunmuş bütün digər bölgələrə, eyni zamanda hazırda nəzarətimizdə olmayan Qarabağa insanlarımızın qayıtması təşkil olunmalı, təşviq olunmalı və bu bölgədən olan insanlarmız bu bölgələrə qayıtmaq üçün hazırlaşmalıdır.  Əgər bu qayıdış olmazsa, demək ki, bizim o 30 ildə çəkdiyimiz o həsrət, o üzüntü səmimi deyilmiş. Dədə Qorqudun təbirincə desək, bizə əkib-becərə biləcəyimiz torpaqlar lazımdır. Əgər əkib-becərməsək,  müasir dillə desək, infrastuktur qurmasaq, orada yaşamasaq,  quru səhra kimi qalar və tədricən onu yenidən itirə bilərik.  Təkcə dövlətin resursları ilə deyil, bütün əlavə resurslarımız hesabına o torpaqlara qayıtmaq, yenidən o yerlərdə məskunlaşmaq və əbədi  o yerlərdə yaşamaq üçün münbit şərait yaratmalıyıq. Bu gün xoşbəxtəm. Azərbaycanımın gözü aydın!

Zülfüqar Hüseynzadə, jurnalist:

– Kəlbəcərin azad olunması, mən deyərdim ki, həyatımın ən xoşbəxt anıdır. Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Bu günə qədər və bu gündən sonra həyatımda baş verən və verə biləcək nə qədər gözəl hadisələri xəyal etsəm belə, bu günün xoşbəxtliyini heç nə ilə əvəzləyə bilmərəm. Kəlbəcərin qayıdışı, Kəlbəcərin azadlığı bir millət, bir dövlət, bir xalq, bir vətəndaş olaraq aşağıya əyilmiş başımızın dikəlməsi, vüqarımızın, ləyaqətimizin bərpa olunmasıdır.

Kəlbəcərin azad olunması təkcə kəlbəcərlilərin, bakılıların, ağdamlıların bayramı yox, 60 milyonluq bütöv Azərbaycanın bayramıdır.  Kəlbəcər coğrafi məkan yox, unikal təbii sərvətləri baxımından, strateji bölgə olması baxımından digər rayonlardan fərqlənir. Mən orada doğulduğum üçün demirəm. Kəlbəcərsiz Azərbaycan yarımcan bir orqan kimidir. İndi biz qısa zaman ərzində Kəlbəcərin təbii sərvətləri hesabına, turizm potensialı hesabına qeyri-neft sektorunu çox geniş inkişaf etdirmək olacaq.  Azərbayacan iqtisadiyyatına töhfəsini verən ən birinci rayonlardan biri olacaq.

Düzdür, bu gün Kəlbəcər bir güllə atılmadan azad olundu. Bilirik ki, bu qələbəmiz Azərbaycan Ordusunun gücü, Prezidentimizin də dediyi kimi, dəmir yumruğumuzun hesabına başa gəldi. Düşmən Azərbaycan Ordusunun qarşısında zəifliyini etiraf etdi və kapitulyasiyaya məcburən imza atdı. Bu uğuru Azərbaycan Ordusu, Ali Baş Komandan, Xalqın birliyi qazandı.

Gözün aydın Kəlbəcərim, gözün aydın Azərbaycanım!