İraqın Türkməneli bölgəsinin inzibati mərkəzi olan Kərkükdə yerli hökumətin kürd və ərəb məmurları türkmənlərin qanuni hüquqlarını qəsb edirlər. Türkmənlərin kənarda qaldığı Kərkük valisi və bələdiyyəsi seçkilərindən sonra bölgədə daha bir qalmaqal yaşanıb.
Hafta.az-ın yazdığına görə, Kərkük polis rəis müavininin və Kərkük vilayətinin kənd təsərrüfatı müdirinin vəzifələrinin ələ keçirildiyi bildirilib.
Fevralın 20-də sözügedən addıma qarşı İraq Türkmən Cəbhəsi (İTC) tərəfindən mətbuata açıqlama verilib. Türkmənlərin Kərkükdə marjinallaşmaya məruz qaldığı vurğulanan bəyanatda aşağıdakı ifadələrdən istifadə edilib: “İraq Türkmən Cəbhəsi Kərkükdə türkmən komponentinin məruz qaldığı təcrid və marginallaşma prosesinin davam etməsini böyük narahatlıqla izləyir. Bunun ən son nümunəsi Kərkük vilayətinin Kənd Təsərrüfatı müdiri və Kərkük polis rəisinin müavini vəzifələrinin ələ keçirilib. Bu addım əyalətdəki türkmənlərin siyasi və inzibati hüquqlarının növbəti dəfə pozulması deməkdir. Bu təcrübələr Kərkükdə siyasi baxımdan narahatedici hadisələrin olduğu, kənd təsərrüfatı torpaqlarında və yerli hökumət sənədlərində qarışıqlığın artdığı bir vaxtda həyata keçirilir. Türkmənlərin hüquqları sistematik olaraq göz ardı edilir, yerli qərarların qəbulu prosesində onların rolu məhdudlaşdırılır və qanuni hüquqları əlindən alınır. İraq Türkmən Cəbhəsi olaraq Kərkükdəki inzibati və siyasi tarazlığın bizim qırmızı xəttimiz olduğunu və türkmən kimliyini silmək və ya ədalətli təmsilçilik hüququnu qəsb etmək cəhdinə səssiz qalmayacağımızı vurğulayırıq. Kərkükü idarə edən Reşit Hotel hökuməti səriştə, ləyaqət və etnik qruplar arasında ədalətli tarazlığa əsaslanmalıdır. İstisna siyasəti və birtərəfli hökmranlıq cəhdləri vilayətin sabitliyinə təhlükə yaradır. Bu kontekstdə bu tələbləri irəli sürürük: “Baş nazirin dərhal müdaxilə etməsi və bu ədalətsiz tətbiqlərə son qoyması və vəziyyəti əvvəlki vəziyyətinə qaytarmasını, türkmənlərin Kərkükdə mühüm inzibati vəzifələrdən uzaqlaşdırılmasına yönəlmiş ədalətsiz qərarların ləğvini, həqiqi tərəfdaşlıq prinsiplərinə əsaslanan, bütün komponentlərin bərabər idarəetməyə cəlb olunduğu inzibati sistemin təminatını tələb edirik”.
İraq Türkmən Cəbhəsi xəbərdarlıq edib ki, bu cür istisna siyasətlər ciddi nəticələrə səbəb ola bilər. Türkmənlər qəsb edilmiş hüquqlarını geri almaq, Kərkükdə varlıqlarını qorumaq üçün bütün konstitusiya və hüquqi vasitələrdən istifadə edəcəklərini bildiriblər.