Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Milli Məclisə daxil olmuş Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı bu gün parlamentdə ictimai müzakirə təşkil olunub. Məlumata görə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin təşəbbüsü ilə keçirilən müzakirələrdə Milli Məclisin deputatları, Azərbaycan nəşriyyat evlərinin, kitab satışı şəbəkələrinin, media qurumların nümayəndələri iştirak edib.
Qanun layihəsinə görə, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən KİV məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı, mətbu KİV məhsullarının və kitabların (o cümlədən elektron kitabların), habelə dərslik komplektlərinin istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti (reklam xidmətləri istisna olmaqla) ƏDV-dən azad olunur.
Bəs görəsən, yeni qanun kitabsevərlərə nə vəd edir? ƏDV-dən azad edilmə kitabların qiymətinə nə kimi təsir göstərəcək? Hafta.az-ın əməkdaşı bu və digər suallara aydınlıq gətirmək üçün bir sıra kitab nəşriyyatı şirkətləri arasında sorğu apardı.
İlk müsahibimiz "Hədəf Nəşrləri"nin baş redaktoru Cavid Qədir oldu. O, kitab və kağız məhsullarının idxalının və satışının ƏDV-dən azad olunmasına dair Vergilər Məcəlləsinə dəyişikliklərlə bağlı parlamentdə ictimai müzakirə təşkil olunmasından, dəyişikliklər qəbul edilsə, kitab bazarında hansı fərqlərin yarana biləcəyindən danışdı:
“Sözügedən dəyişikliklər qəbul edildiyi təqdirdə bütövlükdə kitab industriyası üçün açılmış nəfəslik rolu oynayacaq. Çünki bütün məhsullar 18 faizlik vergi yükündən azad olacaq. Bu da xüsusilə pandemiya dövründə ciddi tənəzzül yaşayan kitab bazarına xeyli dəstək verəcək. Kitabçılığın inkişafı, eləcə də cəmiyyətin mütaliə səviyyəsinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən layihələrə yol açacaq. Yeri gəlmişkən, ölkənin əksər nəşriyyatını özündə birləşdirən Azərbaycan Nəşriyyatları İctimai Birliyinin təşkilatçılığı ilə 30-31 oktyabr tarixlərində keçirilən “I Sumqayıt Kitab Sərgisi” ANİB-2021 anşlaqla yadda qaldı. İndi təsəvvür edin, 18 faizlik ƏDV ləğv olunsa, daha hansı layihələrə imza atmaq olar”.
Baş redaktor, qanun qüvvəyə mindikdən sonra kitabların qiymətində yaranacaq dəyişikliklərlə bağlı suallarımızı da cavabsız qoymadı:
“Ümumiyyətlə, bir çap məhsulunun maya dəyərini konkret demək üçün həmin məhsulun bütün kriteriyalarını dəqiqləşdirmək lazımdır. Çap növü, tirajı, istifadə olunacaq kağız, səhifə sayı, ölçüsü, eləcə də digər nüanslar. Bircə məsələni dəqiq deyə bilərəm ki, kitabların qiymətində kifayət qədər yüksək pozitiv fərq yaranacaq. Onu da vurğulamaq yerinə düşər ki, kağız idxal məhsulu olduğundan qiymətinə nəzarət edə biləcək mexanizm yoxdur. Yəni bu məsələdə xarici bazardan asılılıq hökm sürür”.
Növbəti həmsöhbətimiz isə, “Əli və Nino” kitab mağazaları şəbəkəsinin təsisçisi Nigar Köçərlidir. Nigar xanım, yeni qərarın müzakirələrindən yüksək məmnuniyyətini ifadə etdi və onu da vurğuladı ki, bütün hallarda yeni qərar kitabsevərlərin xeyirinədir:
“Qanun hələ ki qüvvəyə minməyib, lakin proses artıq yekunlaşır. Bu çox vacib məsələdir. Çox sevincliyik ki, Milli Məclisin deputatı Tahir Mirkişilinin təşəbbüsü ilə qanunla bağlı ictimai müzakirə gedir, yaxında da qüvvəyə minəcək. Uzun bir proses oldu. Çoxdan olmalı idi. Təşəkkür edirik ki, artıq Azərbaycanda da Türkiyə və Avropa ölkələrində olduğu kimi kitab yükü azalacaq. Bundan əvvəl biz Türkiyədən, Avropadan yaxud da Rusiyadan kitab idxal edəndə əlavə 18% ödəyirdik. Bu hal davam etdikcə ağır yükə çevrilirdi. Bir kitabçı şəbəkəsi olaraq ƏDV ödəyirdik. Həmin o əlavə qiymət də kitabın üzərinə gəlirdi, müştəri də onu ödəməli olurdu. Təbii ki, bu da hər kəsə böyük fərq edir. Kiməsə gülməli gələ bilər ki, kitab ya 4 manata oldu, ya 5 manata... Ancaq fərq böyükdür”.
Təsisçi, yeni qanunun qüvvəyə minməsi ilə, kitabçılığa böyük marağın yaranacağını istisna etmir:
“Sözügedən qanunun qüvvəyə minməsi ilk növbədə o deməkdir ki, daha çox insan kitab nəşriyyatına maraq göstərib, cəlb olunmağa çalışacaq. Bu da daha yaxşı kitabların çap olunması, tirajların artması, kitab qiymətinin aşağı düşməsi, oxucuların artması və s. bu kimi müsbət cəhətlərə səbəb olacaq. İkinci əsas məsələ odur ki, kitab şəbəkələri, nəşriyyat, kitab dağıtım şirkətləri daha şəffaf xidmət göstərməyə çalışacaqlar.
"Qanun" nəşriyyatının direktoru Şahbaz Xuduoğlu isə yeni qərarın kitabların qiymətində 20%-lik fərq yaradacağına inanır. Həmçinin o, bu sayədə oxucuların artacağına da ümid bəsləyir:
“Prezidentin təşəbbüsü ilə parlamentə qanun layihəsi qəbul olunub. Bu gün Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin rəhbərliyi ilə layihənin müzakirəsi aparılıb, naşirlərin fikirləri dinlənildi. Ümumilikdə bu çox mütərəqqi addımdır. Azərbaycan dövlətinin quruculuq fəaliyyətinə uyğun olub kitab mədəniyyətimizə böyük töhfədir. Ümid edirəm ki, bu qanun kitab qiymətini təxmini 20%-ə qədər azaldıb, oxucuların sayını da eyni dərəcədə artıracaq”.
Ş.Xuduoğlunun sözlərinə görə, hazırda ölkədə oxucuların çoxalma tendensiyası ildən-ilə artmağa davam edir:
“Kitab sərgisində gördük ki, hardasa 30 mindən yuxarı adam sərgiyə qatılmışdı. Yeni qərar bütün hallarda kitabsevərlərə böyük dəstəkdir. Həm qiymətlər aşağı düşəcək, həm də oxucuların sayı daha da artacaq. Bu qanun çox arzunda olduğumuz layihədir, və bütün hallarda kitaba olan diqqətdir”.
Sonda isə, qeyd edək ki, qüvvədə olan Vergi Məcəlləsinə əsasən, hazırda ümumtəhsil müəssisələri, habelə peşə təhsili müəssisələri üçün dərslik komplektləri (iş dəftərləri istisna olmaqla) və uşaq ədəbiyyatının istehsalı ilə bağlı redaksiya, nəşriyyat və poliqrafiya fəaliyyəti ƏDV-dən azaddır.