Kiyevdə özünü ukraynalı kimi təqdim edən Rusiya vətəndaşı saxlanıldı

19:23 23.06.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Kiyevdə hüquq-mühafizə orqanlarının əməkdaşları silah və sursat arsenalına malik olan şəxsi ifşa ediblər.

Hafta.az  “Segodnya” nəşrinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin baş idarəsi məlumat yayıb.

Cinayəti törədən şəxsin 42 yaşlı Rusiya vətəndaşı olduğu üzə çıxıb.

Kriminal polisin rəhbəri Andrey Qarastyukun dediyinə görə, polis həmin şəxsin Kiyev vilayətindəki yaşayış yerində axtarış aparıb və cinayət fəaliyyətinin sübutlarını ələ keçirib:

"Müəyyən edilib ki, Rusiya vətəndaşı daim kirayə götürdüyü mənzilləri dəyişib, müxtəlif avtomobillərdən istifadə edib, həmçinin hərbi birləşmələrdən birinin geyimindən istifadə edib.  Cani heç bir yerdə əsl vətəndaşlığı barədə məlumat verməyib və özünü ukraynalı kimi təqdim edib. Biz onun üzərindən və yaşadığı evdən hərbi ləvazimat, patronlar, silahlar, iki radiostansiya və bıçaq ələ keçirmişik. Eyni zamanda şübhəli şəxsin təcavüzkar dövlətin(Rusuyanın-S.L.) təxribat və kəşfiyyat fəaliyyətində iştirakı yoxlanılır”.

Polis həmçinin cinayətkarın hərəkətdə olduğu iki avtomobili də aşkar edib və yoxlayıb. Xarici avtomobillərin dövlət nömrələri mövcud nəqliyyat vasitələrinə uyğun gəlməsə də,  Rusiyada qeydiyyatdan keçib.

Bundan əlavə, saxlanılan şəxsin yaşayış yerindən mobil telefonlar, noutbuklar, fleş disklər, xarici sərt disklər və qaralama yazıları götürülüb. Hazırda saxlanılan şəxsin rus işğalçıları ilə əlaqədə olması yoxlanılır.

Cinayətkarı 7 ilə qədər həbs gözləyir.

Oxunma sayı 185