“Biz hər şey etməliyik ki, müharibə başlamasın: Aqavnonu(Laçın rayonunun Zabux kəndi-S.L.) təslim etmirik”.
Hafta.az “ArmenianReport”a istinadla xəbər verir ki, bunu parlamentdə jurnalistlərə müsahibəsi zamanı söyləyən “Vətəndaş sazişi” fraksiyasından olan deputat Andranik Köçəryan daxili həmrəyliyə ehtiyac görür.
“Ermənistanın bu narahat dünyada qarşısına qoyduğu vəzifələri aydın təsəvvür edə bilməsi üçün ilk növbədə ölkəmizdə həmrəylik lazımdır”- A.Köçəryan belə deyib.
Deputat baş nazir N.Paşinyanın sözlərini xatırladaraq bildirib ki, hazırda müharibə təhlükəsi yoxdur.
“Hazırda biz sərhəd xəttində konkret gərginlik ocaqları görmürük, lakin bütün hərəkətlərimiz və islahatlarımız baxımından hər zaman belə sürətli və səmərəli addımlar atmalıyıq ki, 44 günlük müharibədən sonra itkilərimiz bərpa olunsun” -Köçəryan bildirib.
Jurnalistin Zabuxun Azərbaycana təslim edilmədiyi halda müharibənin başlana bilməsi haqda sualına Andranik Köçəryan belə cavab verib:
“Biz hər şeyi etməliyik ki, savaş başlamasın. Siz davamlı olaraq müharibədən danışaraq müharibəni yaxınlaşdırırsınız. Bu sualı niyə verdiyinizi çox yaxşı başa düşürəm.
Elə edək ki, sülh olsun, xalqımıza sülh lazımdır ki, yaralarını sağaltsın. Biz Aqavnodan əl çəkmirik. Siz bu sualı xidmət etdiyiniz keçmiş rəhbərlərə verə bilərsiniz”.
Beləliklə, cavablarından bəlli olub ki, “Vətəndaş sazişi” partiyasının banisi olan Ermənistan hökumət başçısı Nikol Paşinyan kimi deputat A. Köçəryan da alternativ yolun istifadəsindən sonra Laçın şəhəri və Zabux kəndinin Azərbaycana təhvil verilməsinə etiraz etmir.