Azərbaycanda qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada deyib. Onun sözlərinə görə, bu, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir.
M.Ağayev bildirir ki, ötən il ölkədə 1 milyon 774 min 77 yol-nəqliyyat vasitəsi qeydə alınıb: “Onlardan istehsal ili 10 ilə qədər olanların sayı 15 faiz təşkil edir, yəni 266 min 878-ə bərabərdir. İstehsal ili 10 ildən 20 ilə qədər olanların sayı 707 min 673-dür ki, bu da 39,3 faiz təşkil edir. İstehsal ili 20 ildən yuxarı olanların sayı 799 min 526-ya bərabərdir. Yəni respublika üzrə avtomobil parkında nəqliyyat vasitələrinin 45,1 faizinin yaşı 20 ildən yuxarıdır. Hazırda ölkəmizdə hibrid avtomobillərinin sayı 42 min 461, elektrik mühərrikli avtomobillərin sayı isə 3 min 138-dir. Onların sayında kifayət qədər artım var”.
Yeri gəlmişkən, bu ilin sentyabrın 1-dən Azərbaycanda avtomobil sahibləri köhnə maşınlarını utilizasiyaya verə biləcəklər. Əvəzində vətəndaşlar nəqliyyat vasitələrinin utilizasiyası fondunda formalaşmış vəsait hesabına qaydalarda nəzərdə tutulmuş məbləğdə ödəniş əldə edəcəklər. Kimsə yerli istehsala aid yeni nəqliyyat vasitəsi alarsa ödəniş tam, başqa məqsədlər üçün utilizasiyaya müraciət edərsə ödəniş 70 faiz həyata keçiriləcək.
Qeyd edək ki, artıq bu ilin fevralın 1-dən Azərbaycanda "Nəqliyyat vasitələrinin utilizasiyası fondu"nun yaradılmasına dair Prezident Sərəncamı qüvvəyə minib. Beləcə, nəqliyyat vasitələrinin utilizasiyası fonduna vəsaitlərin köçürülməsinə başlanılıb. Utilizasiya haqqı deyərkən, köhnə avtomobillərin istifadəsinə və idxalına görə avtomobil sahiblərindən alınan əlavə ödəniş nəzərdə tutulur. Bu ödəniş hesabına hökumət avtomobil parkının gəncləşdirilməsi ilə bağlı fəaliyyətini maliyyələşdirmək şansı qazanır. Belə ki, fonda yığılmış vəsait hesabına köhnə avtomobillərin təhvili üçün həmin avtomobillərin sahiblərinə yeni avtomobil alışında güzəştlər və ya birbaşa ödənişlər nəzərdə tutulur.
Utilizasiya haqqının hesablanması və ödənilməsinə dair qaydalarda bildirilir ki, avtomobillərə hər dövlət texniki baxışı zamanı avtomobilin istehsal və buraxılış ili dörd ildən 10 ilədək olduqda - 10 manat, 10 ildən 20 ilədək olduqda - 20 manat, 20 ildən 30 ilədək olduqda - 30 manat, 30 il və daha çox olduqda 40 manat utilizasiya haqqı ödəniləcək. İstehsal tarixi dörd ilədək olan avtomobillər üçün utilizasiya haqqı nəzərdə tutulmur.
Dövlət Statistika Komitəsinin (DSK) ötən il açıqladığı sonuncu rəqəmlərə görə, Azərbaycandakı avtomobillərin toplam sayı təxminən 1.4 milyonu ötür. Onların cəmi 5 faizinin yaşı beş ildən azdır. Avtomobillərin 12 faizinin yaşı 5-10 il arası, 38 faizinin yaşı 10-20 il arası, 45 faizinin yaşı isə 20-dən çoxdur. DSK-nın yaş bölgüsü ilə utilizasiya haqqının ödənilməsi ilə bağlı yaş bölgüsü tam üst-üstə düşmədiyindən hər il fonda nə qədər məbləğin daxil olacağını dəqiq hesablamaq mümkün deyil. Avtomobillərin yaş bölgüsü əsasında DSK-nın təxmini hesablaması göstərir ki, fonda ildə təxminən 25-30 milyon manata yaxın vəsait daxil olacaq.
Bundan başqa, utilizasiya prosesinə dair qaydalarda köhnə avtomobillərini təhvil verən şəxslərə iki formada maddi qazanc təklif edilir. Nəqliyyat vasitələrini utilizasiyaya verənlər yeni istehsal olunmuş yerli nəqliyyat vasitələrini satın aldıqda onlara satışda güzəşt tətbiq ediləcək. Eyni zamanda, şəxs öz seçimi əsasında yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsinin satın alınmasında güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş ala biləcək. Güzəşt və ya birdəfəlik ödəniş məbləğlərini əldə etmək üçün nəqliyyat vasitələrini utilizasiyaya verənlərə utilizatorlar tərəfindən öncədən təsdiqləyici sənəd veriləcək. Utilizasiyaya verilən hər nəqliyyat vasitəsinə görə yalnız bir təsdiqləyici sənəd veriləcək və bu sənəd üç il müddətində qüvvədə olmaqla, yalnız bir dəfə istifadə üçün nəzərdə tutulacaq.
Güzəşt məbləğləri kvadrisikl (müxtəlif motosiklet və mopedlər) və təkərləri dörddən az olan nəqliyyat vasitələri üçün 200 manat, oturacaq yerlərinin sayı (sürücü oturacağını saymamaqla) səkkizi keçməyən və sərnişindaşımada istifadə edilən nəqliyyat vasitələri üçün 1500 manat olacaq. Deməli, köhnə avtomobilini utilizasiyaya verən şəxsləri Azərbaycanda istehsal edilən avtomobil alarsa, həmin avtomobilin dəyərinə bu məbləğdə endirim əldə edəcək. Bu şəxslər güzəşt yox, birdəfəlik ödəmə istəsə, o zaman onlara yuxarıda qeyd edilən məbləğlərin 70 faizi ödəniləcək.
Yük avtomobillərinə gəlincə, icazə verilən maksimum kütləsi 3.5 tondan yuxarı, lakin 12 tondan aşağı olan və yükdaşımada istifadə olunan nəqliyyat vasitələri üçün 2000 manat, icazə verilən maksimum kütləsi 12 tonu aşan və yükdaşımada istifadə edilən nəqliyyat vasitələri üçün 3000 manat güzəşt və ya bu məbləğlərin 70 faizi miqdarında birdəfəlik ödəniş veriləcək.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, utilizasiya prosesinin başlanmasının avtomobil bazarına müəyyən təsirləri olacaq:
“Nəzərə almaq lazımdır ki, proses yeni başlayıb. İlkin olaraq istifadədən kənarlaşdırılmış avtomobillər əsas predmet olacaq. Bunlar insanların nəqliyyata olan tələbatını tam şəkildə ödəmirdi. Belə olduğu təqdirdə müvafiq utilizasiya prosesi birbaşa olaraq tələbi kəskin şəkildə artırmayacaq. Digər tərəfdən, kifayət qədər köhnəlmiş avtomobillərin utilizasiyasından söhbət gedirsə, onun kompensasiyası avtomobil bazarında yeni avtomobil alma imkanlarını ciddi şəkildə artırmır. Tələbə böyük təsiri olmayacaq. Lakin uzun və ortamüddətli dövrdə, əlbəttə, proses genişləndikcə təkrar avtomobil bazarında canlanmanı artıracaq. Bu kimi yararsız avtomobil azgəlirli sosial qrupun əlində cəmlənir. Onlar yeni avtomobil istehlakında aktiv iştirak etməyəcəklər, ancaq təkrar bazarda olacaqlar. Bu zaman qiymət artımı müşahidə oluna bilər. Utilizasiya fondunun yaradılması ilə bağlı tətbiq olunan rüsumlar, öz növbəsində, ili köhnə avtomobillərin qiymətlərində orta hesabla 500 manat ətrafında alıcılıq gücü, əhalinin gəlirli dinamika, iqtisadiyyatın inkişaf tempi fonunda bir artıma gətirib-çıxaracaq”.