Kolumbiya səfirliyi online müzakirə keçirib

09:55 10.11.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Kolumbiyanın ölkəmizdəki Səfirliyi “Tarixçi Xorxe Orlando Melonun nəql etdiyi Kolumbiyanın minimal tarixi” adlı online müzakirə keçirib.

Hafta.az-ın yazdığına görə, virtual söhbət zamanı görkəmli kolumbiyalı tarixçi Xorxe Orlando Melo Kolumbiya tarixinin müxtəlif dövrlərinə və ölkədə baş verən ən mühüm mərhələlərə ekskursiya edib. Müzakirə Kolumbiyanın Azərbaycandakı və Rusiyadakı səfirlikləri tərəfindən bu ölkənin xaricdə Təşviqi Planı çərçivəsində hazırlanıb.

Rusiya və Azərbaycandakı səfirlər Alfonso Lopez Kabalero və Luis Antonio Dimatenin çıxışlarından sonra tədbir professor Melonun tarixdən söz açan əsəri olan “Kolumbiyanın Minimal Tarixi” kitabının müzakirəsi ilə davam edib, ölkənin ilk sakinlərindən tutmuş son beş ilin ən aktual hadisələrinədək, xalqın qarşısında duran əsas problemlərin müəyyənləşdirilməsi ilə yekunlaşıb. Bununla da tədbir iştirakçıları ölkənin müstəqilliyinin iki yüz illiyini və bu yaxınlarda Xarici İşlər Nazirliyinin 200 illik yubileylərini qeyd etmək fürsəti qazanıblar.

Müzakirənin moderatoru kolumbiyalı akademik, ölkənin mühüm universitetlərinin müəllimi və tədqiqatçısı, köşə yazarı və beynəlxalq analitik Markos Pekkel olub. Tədbirdə şərhlər dinlənilib. çıxışçılara suallar ünvanlanıb. 

Xorxe Orlando Melo kimdir? O, Kolumbiya Milli Universitetində Fəlsəfə və Ədəbiyyat fakültəsi bitirib və Şimali Karolina Universitetində Latın Amerikası tarixi üzrə magistr dərəcəsi alıb. O, həm də Oksford Universitetində tarix ixtisasına yiyələnib. Melo Kolumbiyadakı Universidad Nacional del Valle, Duke Universitetində və Clacso-da professor kimi çalışıb. Həmçinin Milli Universitetin İnkişaf Araşdırmaları Mərkəzinin, Siyasi Araşdırmalar və Beynəlxalq Münasibətlər İnstitutunun direktoru olub. 1990-1994-cü illərdə o, prezidentin İnsan Hüquqları və Medellin üzrə müşaviri olub. 1994-2005-ci illərdə Luis Anqel Aranqo Kitabxanasına rəhbərlik edib və 2012-2014-cü illərdə Xorxe Tadeo Lozano Universitetində Sosial Elmlər kafedrasının dekanı olub.

“İspan hökmranlığının qurulması”, “Tarix və siyasət haqqında”, “Keçmişi proqnozlaşdırmaq” və “Kolumbiya tarixşünaslığının esseləri” kitablarının müəllifidir, Medellin tarixi, Antiokiya tarixi və bir sıra kollektiv işlərin koordinatoru olub. 

Tədbiri izləmək üçün aşağıdakı linkə daxil olmaq olar: https://cancilleria.evius.co/landing/60a52d809b8db445411b202b