Kondisioneri xarab olan evdə ər-arvad istidən öldü

10:30 08.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Texas ştatında kondisioneri xarab olan yaşlı cütlük iyun ayında yaşanan ifrat istilər zamanı dünyasını dəyişib.

Hafta.az-ın yazdığına görə, Hyuston şəhərində karvan kimi səyyar evdə yaşayan və iyunun 16-da ölü tapılan Ramona və Monvay İson cütlüyünün kondisioneri təmir edəcək usta gözləyərkən həyatını itirdiyi məlum olub.

Cütlüyün qızları Roksana Fluds, ailəsinin istifadə etdiyi kondisionerin iyunun 12-də xarab olduğunu, lakin təmir xərclərini ödəməyə pulları olmadığı üçün bir müddət kredit əməliyyatlarında çətinlik çəkdiklərini söyləyib. O, valideynlərinin kondisionerin təmirinə iyunun 16-na qədər vaxt sərf etdiyini, lakin onların cəsədlərinin elə həmin gün tapıldığını söyləyib.

Kondisioner şirkətlərinin insanları isti hava ilə bağlı xəbərdar etmələri lazım olduğunu ifadə edən Fluds, “Əgər kondisionerlərini təmir etməyə pulları yoxdursa, bilsinlər ki, sözün əsl mənasında sobada yaşayırlar” deyib.

Cütlüyün qonşusu Eddi Fillips deyib ki, onlara öz evlərində qalmağı təklif etsə də, razılaşmayıblar. Bundan sonra cütlüyə usta çağırmaq üçün borc pul təklif edib, amma onlar yenə razılaşmayıblar. 

2016-cı ildən bəri ilk isti dalğanın iyunda yaşandığı Hyustonda həmin həftə havanın temperaturu 40 dərəcədən yuxarı qalxıb.

İyun ayından bəri Texasda ən azı 7 nəfərin həddindən artıq istilərlə bağlı öldüyü məlum olub.