İstər ağıllı yaşayış məntəqələrinin inşası, istərsə də yaşıl enerjidən istifadə layihələrinin icrası istiqamətləri üzrə Koreya böyük təcrübəyə malikdir və hətta deyə bilərəm ki, dünyada lider dövlətlərdən biridir.
Bu fikirləri hafta.az-a Azərbaycanın Koreya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov deyib.
Onun sözlərinə görə, sevindirici haldır ki, sözügedən istiqamətlər üzrə ölkəmizin aidiyyəti qurumları ilə Koreya tərəfi arasında artıq təmaslar mövcuddur və belə demək mümkünsə, artıq ilkin nəticələr alınmaqdadır:
"Məsələn, iyunda Azərbaycan Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi tərəfindən Koreyanın “ağıllı şəhər” və İKT sahələri üzrə qabaqcıl təcrübələrinin xarici dövlətlərlə paylaşılması məqsədi daşıyan “K-City Network” qlobal əməkdaşlıq proqramına seçilib. Ölkəmiz “K-City Network” qlobal əməkdaşlıq proqramında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin nəzdindəki müvafiq qurum tərəfindən irəli sürülmüş “Bakı şəhərində internet şəbəkəsi üzrə həllər planının hazırlanması layihəsi” ilə iştirak edəcək. Layihənin məqsədi son zamanlar Bakıda tətbiqinə başlanmış bir sıra “ağıllı xidmətlərin” inteqrasiyası məqsədilə “ağıllı şəhər” platforması və geniş internet şəbəkəsinin qurulmasına dair baş planın hazırlanmasından ibarətdir. Bu baxımdan hesab edirəm ki, yaxın gələcəkdə bu kimi layihələrin əhatə dairəsini işğaldan azad edilmiş ərazilərimizə genişləndirmək mümkündür".