Koronavirus əleyhinə peyvəndlərin sifarişi necə həyata keçirləcək?- TƏBİB-dən AÇIQLAMA

10:42 23.07.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq aylardır ki, dünyada yayılan koronavirus pandemiyasına qarşı təsdiqlənmiş müalicə üsulu və dərman yoxdur. Ayrı-ayrı ölkələrin institutlarında sınaqlar aparılsa da hələ ki, konkret nəticə əldə edilməyib. Bir çox alimlər bildirirlər ki, yaxın gələcəkdə virus əleyhinə peyvəndlər hazırlana bilər. ÜST-ün təcili yardım proqramının direktoru Maykl Rayan "Twitter" hesabında bildirib ki, koronavirus əleyhinə peyvəndi insanlar 2021-ci ilin ilk yarısından gec olmayaraq əldə edə biləcək.

O qeyd edib ki, pevəndlə bağlı sınaqların keçirilməsində inkişaf meylləri müşahidə edilsə də məhlulun tam ixtira olunma vaxtını dəqiq demək olmur. 

Rayan əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı peyvənd hazır olandan sonra onun bütün insanlara paylanılacağını nəzərdə tutr: "Pandemiya əleyhinə peyvəndlər varlılar, yaxud da kasıblar üçün deyil, bu, hamı üçündür”.

Bəs peyvənd effektiv olsa, Azərbaycan bu peyvəndlərin sifarişini necə həyata keçirəcək və hansı ölkənin institutları ilə əməkdaşlıq edəcək?

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva hafta.az-a açıqlamasında dedi ki, hələ ki, belə bir vaksin təsdiqlənməyib. Təsdiqləndiyi halda, ölkəmiz də lazımi işləri görəcək:

"Hal-hazırda bir çox institutlar bu sınaqları aparır, təsdiqlənmiş vaksin isə yoxdur və bu barədə nə isə demək mümkün deyil". 

Həkim, terapevt Rasif Bağırovun fikrincə, vaksinin tətbiqlə bağlı bizim əldə etdiyimiz məlumata görə, İgiltərədə sınaqlar aparılır:

“Düzdür, İngiltərədən başqa ölkələrdə də sınaqlar həyata keçirilir. Hər bir ölkə qabağa düşmək istəyir. Amma İngiltərədə hazırlanan vaksinlərə üstünlük daha çox olacaq. Çünki İgiltərə artıq bütün mərhələləri keçib. Amma özünü nə qədər doğruldacaq o sonrakı prosesdir. Ola bilsin ki, noyabr-dekabr aylarında vaksinin hazırlanması tam hazır olacaq. Bu pandemiya olduğu üçün ÜST özü nəzarət edəcək. Vaksinin paylanması da qanunauyğunluqla həyata keçiriləcək. Bütün dünyaya paylanması nəzərdə tutulacaq. Avropanın başqa aparıcı farmakoloji mərkəzlər də istehsal edə bilər. Vaksinlərin Avropa istehsalı olan ölkələrdən alınması daha yaxşı olar”.