“Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilib.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, qərar Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 noyabr tarixli 536 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə hazırlanmışdır. Qərarla “Ərzaq təminatı xəritəsi” informasiya sistemi haqqında Əsasnamə təsdiq edilir və informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən olunur.
Qərar ölkənin ərzaq təminatı və ərzaq təhlükəsizliyi sahəsində məlumatların vahid informasiya məkanında formalaşdırılması, aidiyyəti dövlət orqanları arasında məlumat mübadiləsinin təkmilləşdirilməsi, bu sahədə monitorinq və təhlil imkanlarının genişləndirilməsi, habelə qərar qəbuletmə prosesinin etibarlı informasiya ilə təmin edilməsi məqsədilə hazırlanıb.
Qərar ilə “Ərzaq təminatı xəritəsi” informasiya sisteminin fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilir, sistemin strukturu, funksional imkanları, məlumatların toplanılması, işlənilməsi, saxlanılması, mühafizəsi və mübadiləsi qaydaları, habelə sistemin sahibi, operatoru, iştirakçıları və istifadəçilərinin hüquq və vəzifələri tənzimlənir.
Qərarın qəbul edilməsi nəticəsində ölkənin ərzaq təminatına dair məlumatların mərkəzləşdirilmiş qaydada idarə olunması təmin ediləcək, aidiyyəti dövlət qurumları arasında məlumat mübadiləsi və koordinasiya gücləndiriləcək, ərzaq məhsulları üzrə istehsal, istehlak, ehtiyat, idxal və ixrac göstəricilərinin operativ monitorinqi və proqnozlaşdırılması imkanları genişlənəcəkdir. Eyni zamanda, ərzaq təminatında yarana biləcək risklərin vaxtında müəyyənləşdirilməsi, bazarda tələb və təklif balansının qiymətləndirilməsi, dövlət dəstəyi tədbirlərinin daha səmərəli planlaşdırılması, qiymət sabitliyinin qorunması və strateji qərarların elmi əsaslarla qəbul edilməsi üçün etibarlı informasiya bazası formalaşdırılacaqdır.
Nəticə etibarilə, qərarın qəbul edilməsi ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə, ərzaq təminatının dayanıqlığının artırılmasına, dövlət idarəetməsinin səmərəliliyinin yüksəldilməsinə və bu sahədə rəqəmsal idarəetmə mexanizmlərinin inkişafına xidmət edəcəkdir.