Kral Salman Yardım və Humanitar Araşdırmalar Mərkəzi (KSRelief) Qəzza zolağında Fələstin xalqına yardım göstərmək üçün Sahem platforması vasitəsilə yardım kampaniyasına başlayıb.
Hafta.az-ın yazdığına görə, kampaniyanın açılışı zamanı Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləzizin 30 milyon riyal (7,9 milyon dollar), vəliəhd şahzadə Məhəmməd bin Salmanın isə 20 milyon riyal (5,3 milyon dollar) ianə etdiyi bildirilib.
Səudiyyə Ərəbistanının həyata keçirdiyi yardım kampaniyası fələstinliləri qarşıdurmadan xilas etmək və müharibə maşınının səbəb olduğu insan əzabını yüngülləşdirmək məqsədi daşıyır.
KSRlief-in baş katibi Abdullah Rabia bildirib ki, bu yardım kampaniyası Səudiyyə Ərəbistanının yaşadığı müxtəlif böhran və çətinliklərdə qardaş Fələstin xalqına dəstək verdiyini, həmçinin humanitar və inkişaf dəstəyi əsirgəmədiyini göstərir.
İanələrin KSRelif-ə bağlı Sahem platforması və Sahem tətbiqi, eləcə də kampaniya üçün müəyyən edilmiş banklar və bankların internet saytı vasitəsilə toplanacağını bildirən Rabia, KSRelief-in ianələrdən heç bir ödəniş tutmayacağını bildirib.
Ərəb dünyasında və qlobal miqyasda Fələstin davasının ən böyük tarixi dəstəkçisi olan Səudiyyə Ərəbistanı, Fələstin xalqının əzmkarlığını gücləndirmək, onlara maliyyə və siyasi dəstək məqsədilə son otuz ildə 5 milyard dollardan çox yardım edib.