Yıldız Usmanova (Yulduz Usmanova) sadəcə Özbəkistana və özbək xalqına məxsus deyil, o, dünyanın sevimlisidir. Haradansa oxumuşdum ki, 25 milyondan artıq diski satılıb, vətəni Özbəkistanda, Türkiyədə ən tanınmış sənətçilər onunla duet oxumaq istəyib. O, həm sənətin zirvəsindədir, həm də millətinin vurğunudur. Ədaləti ilə tanınıb və sevilib, uzun illər təqib olunub, qolları qandallanıb, vətənindən sürgün edilib və sair. Amma Yıldız Usmanova əzilməyib, daha da güclənib, dünya şöhrətini qazanıb, illərlə ayrı qaldığı xalqının yanına, öz evinə şərəflə və sözün əsl mənasında ulduz kimi dönüb. Olduqca mehriban, dostcanlı olan bu xanım sənətçinin barəsində uzun-uzadı danışmayacağam.
Buyuraq, misralara dönmüş müsahibəni birlikdə oxuyaq...
- Azərbaycan musiqisi hər zaman öndə olub, sədaları hər yerdə eşidilib və çox istəyirəm ki, gələcəkdə də musiqinizin şöhrəti zirvələrdə olsun. Azərbaycan musiqisinin klassikləri olan Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova və digərləri dünyada məşhurdurlar.
- Gələcəkdə Azərbaycanla müştərək hər hansı layihələriniz olacaq?
- Hələlik, dəqiq heç nə deyə bilmərəm, amma bu gün buradayamsa və nələrisə səsləndirirəmsə, deməli, mütləq olacaq.
- Qəfil gəldiniz, konsert verməyəcəksiniz?
- Bu məndən yox, təşkilatçılardan asılıdır, təşkil etsələr, məmnuniyyətlə... İndi Şakira filan dəbdədir, amma bizim milli musiqilər tamam başqadır, əlbəttə, çağırsalar gələrəm.
- Azərbaycanla Özbəkistan arasında mədəniyyət müstəvisində əlaqələr necədir, qənaətbəxşdir?
- Çox istərdim ki, hər iki ölkənin mədəniyyət nazirlikləri mütəmadi olaraq oturub danışsınlar, birlikdə nə iş görə, hansı müştərək layihələri həyata keçirə bilərlər, bir qərara gəlsinlər. Avropadan, Amerikadan istənilən müğənnini gətirib konsertini təşkil etmək olar, amma onlar milli dəyərlərimizə cavab verə bilməzlər. Onların təqdim etdiyi sənətin necə deyərlər, görünüşü yaxşı ola bilər, amma içi bizə uyğun deyil.
- Bayaq Şakiranın adını çəkdiniz, necə edək ki, bizim də müğənniləri onun kimi sevib, dinləsinlər?
- Baxın, indi muğama dövlət qayğısı var, inkişaf etdirilir, çünki xalqlarımızın milli xəzinəsidir. Amma muğam və ya klassik musiqilərdən ibarət konsertlərə böyük tamaşaçı kütləsi yığmaq mümkün deyil. Dövrün tələbi başqadır, indi insanların zövqünü oxşamaq üçün hit mahnılar yazılmalıdır. Bunun üçün də xüsusi strategiya işlənilməlidir. Gənc müğənniləri irəli çəkmək, inkişaf etdirmək lazımdır.
- Özbəkistan və Azərbaycan da daxil olmaqla, türk ölkələri sənətçilərinin iştirakı ilə musiqi festivalları keçirilsə yaxşı olmazmı?
- Əlbəttə, çox istərdim olsun. Türk dünyasının ən məşhur, ən çox tamaşaçı auditoriyasına malik müğənniləri həmin festivalda mahnıları ilə öz sözlərini deməlidirlər. Festivalların harda keçirilməsinin isə əhəmiyyəti yoxdur, bir dəfə Türkiyədə, o biri dəfə Azərbaycanda, başqa bir dəfə Özbəkistanda və sair – bütün türk dövlətlərində keçirilə bilər. Əsas odur ki, qarşıya qoyulan hədəfə çatılsın.
- Amma indi bir çox müğənnilər pulun əsirinə çevrilirlər...
- Əsl sənətçi bunu etməməli, öz tərəfsizliyini qorumalıdır. Mənə varlı da eyni məbləği ödəyir, kasıb da. Ona görə də öz sözümü hər yerdə deyə bilirəm. Mən oliqarxların deyil, xalqın müğənnisiyəm - xalq artistiyəm. Şükür ki, heç vaxt xalqa yalan danışmamışam, ona görə də xalqım mənə etibar edir.
- Müğənnilər üçün dəyişməz qaydalar var?
- Biz Azərbaycanı çox sevirik, çünki Zeynəb Xanlarovanın mahnıları ilə böyümüşük. İndi isə gənc sənətçilərin dünyaya çıxması lazımdır. Mən Yıldız Usmanova stadionlarda konsertlər verdim, amma vətəndən uzaqda – qürbətdə yaşamalı oldum. Məcburən 10 il Avropada yaşadım. Amma bu 10 ilim hədər getmədi - Avropadan dünyaya açıldım. Özbəkistanda konsertləri stadionlarda verdiyim halda, Avropada 20-25 nəfəri güclə toplayırdım. Yəni hər şeyi sıfırdan başladım. Əsas odur qorxmayasan, möhkəm və iradəli olasan, hər şey düzələcək. Mən Yıldız ola bilərəm, amma əsas odur ki, milləti sevəsən və təbliğ edəsən, öz zəhmətinlə milli sənəti dünyaya yayasan. Məncə sənətçinin işi-qayəsi elə millətini tanıtmaqdır, başqa cür ola bilməz. Müğənni öz ifalarının hit olmasını gözləməməlidir. Bu ola da bilər, olmaya da. Kimsə suyun altında neçə balıq olduğunu deyə bilməz, bu da elə.
- Müasir Azərbaycan müğənnilərindən kimləri tanıyırsınız?
- Sadəcə bir-iki müğənnini tanıyırdım. Bilirsiniz, mən özüm mahnılar yazıram deyə, heç vaxt ifa üçün hardansa mahnı axtarmıram. Heç vaxt hansısa xalqın mahnısını oxumaq kimi həvəsim olmayıb. Hansı ki, indi plagiatlıq baş alıb gedir - bu mənə yaddır. Yalan nə deyim, deyim ki, onu tanıyıram, bunu tanıyıram, yox. Amma əlbəttə, artıq tanımağa başlayıram. Burada şairə Nazilə xanımla (Nazilə Səfərli – V.T.) tanış oldum, çox gözəl şeirləri var, mahnılar bəstələnir, Rəqsanə xanımı tanıdım.

- Bayaq muğama dövlət qayğısından söz açdınız, amma dinləyicisinin az olduğunu dediniz. Bəs müasir mahnılarımız niyə kütlə toplamır?
- Muğam böyük sənətdir, amma səmimi danışaq: bu gün insanların muğamlara sevgisi, həvəsi kütləvi deyil və ola da bilməz. Gənclərin dilini-düşüncəsini başa düşməli, onların zövqünü oxşayan mahnılar yazıb-oxumalıyıq. Amma burada mütləq musiqinin infrastrukturu milli müstəvidə qurulmalıdır. Məsələn, gənclər sevir deyə onlara ancaq rep oxuyaq, pop oxuyaq demirəm – bunlar başqalarından köçürmə olar. Əgər özül milli müstəvidə qurulsa, müasir mahnılarımızı da milli ruhda yaza bilərik. Yalnız bu halda yeni Zeynəb Xanlarovalar gələcək sənətə. Həm də bir olmalıyıq. Mən Nazilə xanıma da dedim: yazdığı gözəl şeirlərdən göndərsə, bir özbək müğənni olaraq onlara musiqi bəstələyərəm və inanıram ki, çox yaxşı mahnılar yaranar. Musiqinin dili, milləti olmaz. Musiqiyə ən çox lazım olan ürəkdir və bir də gözəl səs.
- Dünya şöhrətli müğənni olaraq, məqsədinizin neçə faizinə çata bilmisiniz?
- Söhbət məqsəddən getmir, özündə istedad hiss edən hər bir insan fəxrlə “mən özbəkəm”, “mən azərbaycanlıyam” deyə bilməlidir. Avropaya getdim, mənə ingiliscə mahnı oxuduğum üçün pul vermədilər, heç ingiliscə oxuduqlarımı dinləmədilər də. Avropada mənə özbək olduğum və özbəkcə mahnılar oxuduğum üçün hörmət etdilər. Birmənalı olaraq, Avropada şəxsiyyətim və milli kimliyim mənim valyutam sayılırdı və bunun qədri-qiyməti yoxdur. Orada özbək dilində mahnılar oxudum və sonradan özbək mahnılarını ingiliscə tərcümədə də ifa elədim. Amma heç vaxt ingilis mahnısı oxumadım və belə desək, ingilis olmaq istəmədim. Mən öz kimliyimlə, millətimlə, dilimlə yaşadım, yerdə oturub yemək yemək mədəniyyətimlə qürur duydum, heç vaxt kimsəyə bənzəmədim, əksinə, qoy başqaları mənə bənzəsin.
- Bizdə də keçmişdə Rəşid Behbudov, pərəstişkarınız Zeynəb Xanlarova, bu gün isə Alim Qasımov Azərbaycanı dünyada məhz dediyiniz öz xüsusi özəllikləri ilə tanıdıb və tanıtmaqdadır...
- Bu gün gün milli müstəvidə bəzi fərqliliklər etdikləri üçün gəncləri günahlandıra, onlara “bunu səhv etmisən” deyə bilmərik. Günahkar məhz böyüklərdir, o cümlədən mədəniyyət nazirlikləri. Hər şey əmrlə, kağızla ola bilməz, onlar psixoloq rolunu oynamalıdırlar. Keçmişdə xaricə qastrol səfərinə gedəcək sənət adamları ilə “KQB” məşğul olurdu, bu gün isə həmin gənc müğənniləri məhz Mədəniyyət Nazirliyinə çağırmalı, soruşmalıdırlar ki, “övladım, xaricə gedirsən, özünü və millətini, dövlətini nə qədər tanıyırsan”. Gənc sənət adamları ilə bax belə, insan kimi danışmaq lazımdır, hər şeyi zorakılıqla həll etmək mümkün deyil. Hər bir müğənninin çiyinlərində mənsub olduğu xalqın məsuliyyəti var. Sən kimsən, azərbaycanlısan və ya özbəksən, sənin arxanda böyük bir xalq var. Hər bir sənətçinin buraxdığı ən kiçik səhv belə onun xalqının adına yazılar, deyərlər ki, bunlar belə xalqmış, elə xalqmış... Onlara deyilməlidir ki, məsələn, Avropaya gedirsən, yaxşı yol. Sənin çox gözəl səsin var, amma özünlə apardığın mədəniyyət sənin yox, xalqınındır, onu uca tut və qoru. Biz sovetlər birliyində doğulub-böyüdük. O vaxt şərait başqaydı, aramızda birlik vardı, amma qapalıydıq. İndi dünyaya açılmışıq, hər yerdən o qədər informasiya gəlir ki...
- Milli mədəniyyətimizi, musiqimizi dünyada necə məşhurlaşdıraq?
- Avropada yaşadığım illərdə bir münasibəti kəşf elədim. Onlar bizim musiqimizə, milli mədəniyyətimizə çox vurğundurlar. Çalğı alətlərimizə çox həvəs göstərirlər və hətta pul xərcləyib alırlar da. Avropada sistem bir az fərqlidir. Bizdə də onlardakı kimi prodüsser mərkəzləri olsa dərdimiz nəydi. Onlarda çoxlu festivallar filanlar olur və elanlarını atırlar həmin prodüsser mərkəzlərə. Müğənnilər də müraciət edər, tədbirlərə qatılıb tanınar və dolayısıyla öz mədəniyyətlərini, musiqilərini təbliğ edər. O vaxtlardan Azərbaycandan yalnız pianoçu Əzizə Mustafazadə var bu işdə, ölkəsini, milli musiqisini tanıdır dünyada. Yaxud özbək sənətçilərdən Yıldız olub həmin festivallarda. Amma tək Əzizə və ya Yıldızla bir şey etmək olmaz, bütün sənətçilər bu işdə rol almalıdırlar.

- Bunun üçün vasitəçilərə, siz deyən prodüsserlərə ehtiyac var...
- Prodüsser mərkəzləri mütləq yaradılmalıdır. Müğənnilərin albomları, diskləri ora gedir və satılır. Hər bir prodüsser mərkəzi öz siyahısını qoyur ki, bizdə belə müğənnilər, bu cür mahnılar var və sair. Yəni reklamını edir. Beynəlxalq festivalların təşkilatçıları və sair də onlara sifariş edir ki, bizə mahnılardan ibarət disklər, albomlar göndərin, baxaq, dəyərləndirək və nəticədə onlar bəyəndikləri müğənniləri konsertlərə, festivallara dəvət edirlər. Bir məsələ də var: müğənni burada öz konserti ilə 50 min-100 min qazana bilər, amma beynəlxalq festivallara pul marağı ilə baxılmamalıdırlar. Ola bilər orda 500 manat qazansın, amma dünyaya açılması üçün çox vacibdir iştirakı. Çünki bir dəfə, iki dəfə, dünyada tanınacaq, özündən sonra gələnlər də hər zaman deyəcək ki, dünyaya yolumuzu bu açdı.
- Siz necə çıxdınız həmin festivallara?
- Özbəkistandan məni göndərəndə əvvəl qorxdum, dedim vallah mən heç kimi tanımıram, nə edəcəm orda. Bir dəfə festival oldu Qazaxıstanda, ora göndərdilər. Ay Allah nə edəcəm, dil bilmirəm, kimisə tanımıram, hər şey sıfır. Amma elə oldu ki, festivalda tanışlarımla görüşdüm. Allahın işini görürsünüz, özləri gəlib məni tapdılar. Beləliklə, yollarım açıldı, Avropada milyonlarla diskim satılıb. Allaha qurban olum, heç nədən peşman deyiləm, özbək xalqının adını-şərəfini aparmalı olduğum yerədək apara bilmişəm.
- Dünya şöhrətli sənətçisiniz, ancaq yaşadığınız bir sıra siyasi təlatümlər barədə eşitmişik. Bu haqda nə deyərdiniz?
- Əvvəl çox böyük siyasi problemlərim vardı. Allaha çox şükür, onlar artıq geridə qalıb. Yeni prezidentimiz Şavkat Mirziyoyev xalq arasından çıxdığı üçün xalqı çox yaxşı başa düşür. Çünki o, özü də bir çox çətinliklər yaşayıb. Şükürlər olsun, indi hər şey yaxşıdır və hamımız birlikdə çalışırıq.
- Problemlər niyə yaranmışdı?
- Çünki mən ədalətli biriyəm, amma o vaxt həqiqəti eşitmək istəmirdilər. Bu yerdə bir məqamı da vurğulayım ki, problemləri padişahlar, prezidentlər deyil, onları əhatə edənlər yaradırlar. Məndən bütün insanlara məsləhət: heç vaxt prezidentlərdən inciməsinlər, onların çevrəsindən küssünlər. Məni nə qədər təhdid etdilər. Vətəndən uzaqda 10 il yaşamaq asan deyil. Təsəvvür edin, evimə dönmək istədim, təyyarə hava limanına enən kimi qollarımı qandalladılar, gəldiyim təyyarə ilə geri qaytardılar. Bu illər ərzində çox əzildim, amma sınmadım, bərkidim, toparlandım və çətinlikləri geridə qoydum. Sonunda öz-özümə fikirləşdim ki, prezident necə insandır, axı o pis deyil, ətrafındakılar pisdir. Bir məqamı da diqqətinizə çatdırım ki, hər ziyanın sonunda bir xeyir var. Özbəkistanda incitdilər, Türkiyəyə getdim. Mən Niderland kraliçası Beatrisin pərəstiş etdiyi müğənni oldum. Niderlanda bulaşıq yumağa getdim, Beatrisin sevimlisinə çevrildim (ucadan gülür).
- Yaxşı şansınız varmış...
- Mən buna şans da deməzdim, alın yazısına inıram, amma düşünürəm ki, irəli getmək üçün utanmayacaqsan, qorxmayacaqsan. Türkiyəyə getdim, Sərdar Ortac, başqaları dostlarımdır, amma heç kimin qapısını döymədim. Soruşdular gələndə niyə xəbər vermədin, dedim xəbər versəm nə olacaqdı, problemlərimi həll edəcəkdiniz? Orada öncə Türkiyə türkcəsini öyrəndim, türk millətinin adət-ənənələrini, nə düşündüyünü, nə istədiyini bildim. Orada sənət aləminin qaydaları fərqlidir - əsas yük prodüsserlərin çiynindədir, hər işi onlar həll edir. Bütün bunlara baxmayaraq mən qısa vaxtda öz yerimi tapdım, hər kəsin hörmətini qazandım, top onluqda ilk beşliyə də düşdüm. Orxan Gəncəbay mənə çox dəstək oldu, gələcəyə ümidləndirdi, hər şey yaxşı olacaq dedi. Mən onları heç zaman unutmayacam.
- Ömrünüzün xeyli hissəsini məcburən də olsa, xaricdə keçirdiniz. Sizcə qürbətdə keçən illər karyeranızda nə kimi rol oynayıb?
- Birdən-birə qürbətə düşdüm, nə edəcəyimi bilmirdim. Bayaq dediyim kimi, vətənimə, tikib-qurduğum evimə gələ bilmirdim. Amma bütün məhrumiyyətlərə dözüb dayandım. Reallıqları qəbul etdim. Etməsəydim ölərdim orada. Geriyə baxmadım, inkişaf etdim, tanındım, mükəmməl müğənni kimi, insan kimi, siyasətçi olaraq yetişdim.
- Eviniz hardadır, Daşkənddə, yoxsa dədə-baba şəhəriniz Margilanda? Bu arada, mən Margilanda olmuşam, ora füsunkar şəhərdir...
- Margilan doğrudan da gözəldir, amma evim, sənətim, həyat yoldaşım Daşkənddədir, onları qoyub Margilana qayıda bilmərəm (gülür).
- Davamçılarınız – tələbələriniz varmı?
- Yoxdur. Mən xaraktercə sərt biriyəm, hər kəsə sənətimlə dəstək verməyə hazıram, amma uşaqlarla işləməyə hövsələm yetməz. Həm də zorla öyrətməklə sənətçi yetişdirmək olmaz. Əsas odur ki, onlar özlərindən əvvəlki ustadların sənətindən ilhamlansınlar və öyrənsinlər. Mən Zeynəb Xanlarovanı özümə ustad bilirəm. Bəyəm o, mənə dərs verib, əlbəttə ki, yox, mən onun mahnılarını sevərək dinlədim. Mən Zeynəb xanımın iş üslubunu, necə zəhmət çəkdiyini görüb özümə örnək aldım. Zeynəb Xanlarovanın həyat eşqi, şux ovqatı, səhnədəki oynaqlığı məni heyran edir. Mən o qadınla, o böyük ustadla qürur duyuram. O, hər zaman xalqının yanında olub. Xalq onun da, mənim də, hər bir sənətçinin dayağıdır. Xalqın dəstəkləmədiyi heç kim arzulanan sənətçi ola bilməz...