Kredit faizləri ucuzlaşacaq?

19:19 08.02.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Kreditlərin faizləri iqtisadiyyatda olan risklərdən, borcalananın ödəmə qabiliyyətindən, cəlb edilən vəsaitin maya dəyərindən asılıdır”. Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuata açıqlamasında deyib.

O qeyd edib ki, faizlərin aşağı düşməsi üçün müxtəlif səbəblər olmalıdır: “Bu, depozitlərə təsir göstərir. İqtisadiyyatın yaxşı vaxtlarında daha aşağı faizlərə nail ola bilərik. Lakin təcrübəmdən deyə bilərəm ki, faizlər nə qədər də aşağı olsa, bir az da endirilməsi istəniləcək. İstəyimiz odur ki, kredit faizləri ədalətli olsun”.

T.Kazımovun sözlərinə görə, gələn ildən Azərbaycanda uçot dərəcəsinin depozit faizlərinə təsir edəcəyi gözlənilir: “Hazırda bazarda likvidlik kifayət qədərdir. Yüksək likvidlik şəraitində Mərkəzi Bankın faiz dərəcələri çalışmır. Pulların həcmini elə səviyyədə saxlamalıyıq ki, dəyəri Mərkəzi Bank tərəfindən planlaşdırılan dəhliz çərçivəsində olsun”.

Qeyd edək ki, bu günlərdə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 8 faizdən 7,75 faizə endirilməsi barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,5 faizdən 6,25 faizə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 9 faizdən 8,75 faizə endirilib. Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2 faiz) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında vəziyyət nəzərə alınmaqla verilib. Faiz dəhlizinin parametrləri haqda növbəti qərar  isə martın 28-də açıqlanacaq.

Mövzu ilə bağl iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, kredit faizlərinin yüksək olmasının əsas səbəblərdən biri iqtisadiyyatımızın kifayət qədər güclü olmamasıdır: “Avropa və Amerikada iqtisadiyyat həddindən artıq güclüdür və valyutalarına etibar, inam var. Ölkələrlə bağlı risklər isə çox aşağı səviyyədədir. Bütün dünya da öz pullarını həmin ölkələrə investisiya edir, buna görə də pulun dəyəri aşağı düşüb. Azərbaycanda isə iqtisadiyyat çox risklidir, çünki valyuta axını neft və qazdan asılıdır. İkinci səbəb isə riskli coğrafi regionda yerləşməyimizdir. Ətrafımızda ciddi siyasi, iqtisadi, hərbi proseslər baş verir. Pulun dəyəri də bunları əks etdirir”.

Ekspert qeyd edir ki, xaricdə banklar pulu ucuz tapır, ucuz da satırlar, bizdə isə baha tapılır, baha da satılır: “Xaricdə ona görə 5 faizə kredit imkanları var ki, orada 1 faizlə pulunu investisiya edənlər var. Lakin siz pulunuzu 1 faizlə banka qoymazsınız, axı. Düşünərsiniz ki, risklidir, devalivasiya ola bilər, pulun dəyəri itir, inflyasiya ola bilər. Odur ki, banklar depozitləri aşağı faizlə tapa bilmirlər. Başqa bir məsələ isə kapital bazarlarının inkişaf etməməsidir. Şəxslər kredit almaq üçün ancaq banka getməlidir. Burada da bankların üstün mövqeyi yaranır ona görə də baha satmaq imkanları da formalaşır. Alternativ olaraq şirkətlərin səhm, istiqraz buraxıb pul cəlb etmə şansı çox aşağıdır. Şirkətlərin də tarixçəsi çox qısadır, riskləri böyükdür”.

Ekspert həmçinin qeyd edir ki, faiz dərəcəsinin aşağı salınması ümumi iqtisadiyyat üçün müsbət siqnal olsa da, bu azalma kredit faizlərinə təsir göstərmir:  “Uçot dərəcələrinin aşağı salınması nəzəri cəhətdən kreditlərin ucuzlaşmasına gətirib çıxarmalıdır. Azərbaycanda bu baş vermir. Uçot dərəcəsi qaldırılanda və ya aşağı endiriləndə kredit faizlərində hər hansı dəyişiklik olmur. Çox təəssüf ki, Mərkəzi Bankın apardığı faiz siyasətinin transmissiyası sürətli deyil. Son bir neçə ayda MB uçot dərəcəsini aşağı salsa da, biz iri kommersiya banklarının öz faizlərini artırması meylini müşahidə edirik.  Kredit faizlərinin aşağı salınması, eləcə də depozit və kredit faizləri arasında əlaqənin formalaşması üçün Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sistemli addımların atılmasına ehtiyac var”.

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli vurğulayır ki, kredit faizlərinin aşağı düşməsi üçün həm də rəqabətli mühit olmalıdır: “Mərkəzi Bank rəhbəri bir məsələdə haqlıdır, yəni depozit faizləri gərək aşağı olsun ki, kredit faizləri də aşağı düşsün. İndi depozit faizləri 9-10 faiz civarındadır. Banklar 9-10 faizə depozit götürüb daha aşağı faizə kredit verə bilməzlər. Problem odur ki, depozit faizlərini 2-3 faiz aşağı salsan, yaxud kreditləri 5-6 faizə çəksən, o zaman insanlar depozitləri banklardan çəkəcəklər. Depozitləri saxlamaq sərfəli olmayacaq. Nəticə etibarilə depozitdə olan manat vəsaitləri az da deyil, 10 milyard manat civarındadır. Bunlar da başqa sahələrə, o cümlədən valyuta alışına yönələ bilər. Bu baxımdan Mərkəzi Bankın dediyində iqtisadi məntiq var. Ancaq faizlərin aşağı salınması üçün bir tək depozitləri bəhanə gətirmək doğru deyil. Depozitlər bu məsələnin önəmli hissəsidir. Bir də rəqabətli mühit məsələsi var. Yəni bank sistemində ciddi rəqabətli mühit olmalıdır, rəqabət zəifdir, ona görə də kreditlər daha yüksəkdir. Depozitləri 9-10 faizlə götürürlər. Ancaq istehlak kreditləri bəzi hallarda ikiqatına, 20-22 faizə çatır. Bu doğru deyil. Bununla bağlı kreditlərin fazini aşağı çəkmək üçün ciddi rəqabətli mühitə ehtiyac var”.