Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi artırıb. Belə ki, AMB-ın İdarə Heyəti uçot dərəcəsinin 0,5 faiz bəndi artırılaraq 6,5 faizdən 7 faizə çatdırılması barədə qərar qəbul edib. Bu barədə qurumun sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.
Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 6 faiz saxlanılıb, yuxarı həddi isə 7 faizdən 8 faizə çatdırılıb.AMB-nin İH-nin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı dekabrın 17-də ictimaiyyətə açıqlanacaq.
Bəs, görəsən, Mərkəzi Bankın bu qərarı kreditlərin bahalaşması ilə nəticələnə bilərmi?
Məsələni hafta.az-a şərh edən bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov deyib ki, əslində Mərkəzi Bankın bu addımı atacağı gözlənilən idi. Onun sözlərinə görə, qurum bu addımı ilə infilyasiyanı cilovlamağa çalışır:
“İqtisadi nəzəriyyəyə görə, uçot dərəcəsi Mərkəzi Bankın banklara verdiyi kreditin faiz dərəcəsidir. Yəni, Mərkəzi Bank istənilən qədər pul çap edib banklara kredit şəklində verə bilər. Amma bu zaman ciddi infilyasiya baş verəcək. Buna görə Mərkəzi Bankın da əsas məqsədi qiymətlərin sabitliyidir. Yəni, manat sabit olmalıdır. Bu baxımdan infilyasiya təhlükəsi yarandıqda faiz dərəcəsini artırır. Və ya əksinə Mərkəzi Bank görəndə ki, infilyasiya çox aşağıdır o zaman uçot dərəcəsini endirir ki, iqtisadi aktivlik yüksəlsin. Biz indi görürük ki, Tarif Şurasının son qərarları ilə qiymətlər artdı. Eyni zamanda, xaricdən gətirilən avtomobillərin, telefonların rüsumu artırıldı. Bunlar hamısı infilyasını şərtləndirən amillərdir. Mərkəzi Bank da yüksək infilyasiyanın qarşısını almaq üçün uçot dərəcəsini dərhal artırır. Bu iqtisadi nəzəriyyədir. Xaricdə də proses bu nəzəriyyəyə uyğun gedir. Çünki hər bir bank Mərkəzi Bankdan şəffaf, rahat qaydalarla kredit əldə edə bilir. Amma bizdə proseslər heç də belə getmir. Bizdə isə hər bank və ya bank olmayan kredit təşkilatı Mərkəzi Bankdan kredit götürə bilmir. Düzdür, qanuna görə götürməlidir, amma bunun üçün şəffaf şərait yaradılmır. Bu baxımdan faiz dərəcəsi endirilsə də, qaldırılsa da bazara heç bir təsiri yoxdur. Məsələn, 5-6 il bundan əvvəl Mərkəzi Bankın uçot dərəcəsi 2-3 faiz idi. Amma biz baxsaq bankların həmin dövrdəki faiz dərəcələrinə olduqca yüksək idi. Əslində isə iqtisadi qanunauyğunluğa görə kreditlər həmin dövrdə daha ucuz olmalı idi.Yəni, məntiqlə Mərkəzi Bankın bu qərarından sonra kredit faizləri artmalıdır. Amma artmayacaq, bu qərar sadəcə ona görə verilib ki, baxın biz də nə isə bir iş görürük ”.