Ermənistanda Xocalı canisi, Qarabağdakı separatçı rejimin rəhbərlərindən olan Robert Köçəryan yenidən gündəmə gəlməyə çalışıb. O, mətbuat konfransı keçirirək aparılan sülh danışıqları, Zəngəzur dəhlizi və digər məsələlərə dair sərsəm bəyanatlar səsləndirib. Köçəryanın indi xortlamasının hansı səbəb və zərurətdən doğduğu maraq yaradır. Onun Moskvanın diqtəsi ilə hərəkətə keçdiyi iddia edilir.
“Köçəryan siyasi səhnəni heç vaxt tərk etməmişdi. Sadəcə, həbs olunandan, Putinin təzyiqləri ilə azad ediləndən sonra bir qədər kənara çəkilən mövqe ortaya qoymuşdu. Ermənistan hakimiyyətinin Rusiyaya qarşı demarşları fonunda aktivləşdirildi və elə Baqratın başlatdığı hərəkatın da əsas yön verənlərdən biri qismində məhz Robert Köçəryanın çıxış etdiyi məlumdur”.

Bunu hafta.az-a Robert Köçəryanın Ermənistanın siyasi səhnəsinə qayıtması ilə bağlı açıqlamasında siyasi ekspert Rəşad Bayramov bildiirb. Onun sözlərinə görə, indi vəziyyət bir az da dəyişib. Yəni ABŞ-Ermənistan arasında strateji tərəfdaşlıq haqqında xartiyaların imzalanması, Ermənistanın Avropa İttifaqının üzvlük proseduruna başlanması Rusiyanı yenidən Paşinyana bu və ya digər şəkildə təzyiq etməyə məcbur edir.
Ekspert vurğulayıb ki, bu təzyiq vasitələrindən və rıçaqlarından biri də Rusiyanın Ermənistanda olan “5-ci kolon”u qismində çıxış edən Köçəryandır:
“Həm Rusiyanın dəstəyi, həm də ölkə daxilində Paşinyan hakimiyyətinin reytinqinin düşməsi, eləcə də sürətli silahlanma və xarici dəstək fonunda ictimai rəydə revanşist hisslərin üstünlüyü Köçəryan üçün bir meydan açıb. Köçəryan bütün bu komponentləri birləşdirərək həm revanşist qüvvələrin maraqlarını, həm Rusiyanın mənafeyini təmin edə biləcək şəxs olaraq meydana çıxmaq cəhdləri göstərir. Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün kifayət qədər resursları düşünmürəm ki, olsun. Paşinyan hakimiyyətinin reytinqi ölkə daxilində aşağı düşsə də, hər halda ayrı-ayrı müxalif namizədlərin və müxalifətin ümumi reytinqindən yüksəkdir. Müxalifətdə faktiki olaraq yeni simalar yoxdur. Aktiv üzdə olan simaların hamısı zaman-zaman hakimiyyətdə olmuş, bu və ya digər şəkildə korrupsiyaya bulaşmış, ictimaiyyətdə nifrət qazanmış şəxslərdir”.
R.Bayramov qeyd edib ki, digər məsələ Qərbin öz maraqlarını Ermənistanda Rusiyaya qurban verməməsi ilə bağlıdır. Yəni Qərb bütün imkanları ilə yenə də Paşinyanı dəstəkləyən mövqe sərgiləyəcək, hətta lazım gələrsə, müxalifətə qarşı çox sərt tədbirlərin görülməsi istiqamətində belə, Paşinyan üçün imkanlar açılacaq:
– Məlumdur ki, Ermənistanda nə qədər siyasətlə məşğul olan insanlar, jurnalistlər olur-olsun, onların həbsinə Avropanın və Qərbin institutları biganə yanaşırlar, hər hansı bir qınayıcı bəyanatlar verməkdən yayınırlar. Odur ki, indiki mərhələdə də, yəni kritik hadisələr baş verərsə, Paşinyan hakimiyyəti süquta uğramaq mərhələsinə gəlib çatarsa, o zaman bu, Paşinyan üçün meydan verəcək və çox sərt tədbirlərin görülməsindən ötrü bütün imkanlar yaradılacaq. Ona görə də indiki halda hələ ki, Ermənistanda Köçəryanın Paşinyanı hakimiyyətindən uzaqlaşdırmaq kimi bir imkanı yoxdur. Bütün bunlara baxmayaraq, Köçəryan hakimiyyətdən müəyyən narazı qüvvələri arxasında toplayaraq hakimiyyətə təzyiq göstərmək gücündədir. Rusiyaya indiki mərhələdə lazım olan məsələ də budur:
– Paşinyanı daha artıq addımlar atmaqdan çəkindirmək, Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması haqqında qərarların verilməsindən uzaqlaşdırmaq, bununla da müəyyən müddət qazanmaq.
Rusiya hələ ki, Ukrayna savaşından yekun nəticəyə gələ bilmədiyi üçün, hələ də ortada konkret müharibənin dayandırılması ilə bağlı şərait olmadığı və danışıqlar mərhələsi yenicə başladığından bununla müəyyən müddət qazanmağa çalışır. Böyük ehtimalla, Rusiya-Ukrayna cəbhəsində atəşkəsin imzalanmasından, müvafiq razılaşmaların əldə olunmasından sonra Ermənistan istiqamətində mövqelərini bərpa etmək və möhkəmləndirmək üçün müvafiq addımlar atacaq. Ona görə də Rusiya həmin müddətə qədər maksimum şəkildə Ermənistan hakimiyyətini təzyiq altında saxlamaq üçün Köçəryan kimi “kart”lardan istifadə etməyə başlayır.

Politoloq Natiq Miri isə bildirib:
– Robert Köçəryanın yenidən gündəmə gəlməsi onun özünün siyasi iradəsinə bağlı məsələ deyil. Çünki onun aktivləşməsi və mətbuat konfransı keçirməsi Münhendə Təhlükəsizlik Konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Avropa birliyini darmadağın edən çıxışından sonraya təsüdüf edir. Paralel olaraq, gündəmdə artıq ABŞ-Rusiya danışıqları var. Burada da reallıq ondan ibarətdir ki, hələlik bu danışıqlarda Avropanın iştirakı nəzərdə tutulmur və bu, açıq bəyan olunub.
Görünən odur ki, Rusiya geosiyasi maraqları olan bölgələrdəki özünün casuslarına, emissarlarına, zamanında ona xidmət etmiş vassallara aktivləşmələri ilə bağlı göstəriş verib. Köçəryan bir çox məsələlərdən danışmış olsa da, ictimaiyyətə belə bir mesaj ötürüb ki, Paşinyan məğlubedilməz deyil və 2026-cı il parlament seçkilərində hakimiyyətdən gedəcək. Çox maraqlıdır, həmin mətbuat konfransı gününə təsadüf edən Rusiya Prezidenti ilə Ermənistan baş nazirinin telefon danışığı var. Bu telefon danışığının gərgin keçdiyi bildirilir. Düzdür, bu, müxalif qruplarının yazdığı iddiadır, ancaq düşünürəm ki, qismən də olsa bu informasiyada həqiqət payı var. Putin əlbəttə ki, Paşinyandan parlamentdə birinci oxunuşda Avropa Birliyinə üzvlüyün başlaması ilə bağlı sənədin təsdiq olunması məsələsini Paşinyandan soruşub. Bununla bağlı Rusiyanın ciddi narahatlığı var, bu addımın konkret ciddi nəticələrinin olacağı ilə bağlı xəbərdarlıq da edilib. Yəni bunlar eyni vaxta təsadüf edə bilməz. Bu da onu göstərir ki, Rusiya əgər özünü bir qalib kimi elan edərsə, tədricən bütün geosiyasi maraqları və özünün əhatə dairəsi hesab etdiyi coğrafiyalarda yenidən mövqelərini gücləndirəcək. Doğrudur, bu dərhal baş verməsə də, tədrici bir proses olsa da, bu, Rusiyanın verdiyi mesajlardır ki, bu mesajlardan birini də Ermənistanda bəyan edən Rusiyanın emmisarı Robert Köçəryan oldu.
R.Köçəryanın konkret missiyasına gəlincə, N.Miri bildirir ki, onun məlum mətbuat konfransında verdiyi mesajlardan biri də rəhbərlik elədiyi güc mərkəzinin siyasətdən gedəcəyi deyil, əksinə, növbəti Paşinyan hakimiyyətinə qarşı bütün birliyə rəhbərlik etmək gücündə olması mesajıdır:
– Yəni “Mən varam, biz güclüyük və yenidən hakimiyyətə gələ bilərik” mesajını cəmiyyətə ötürdülər. Düşünürəm, bu, ictimai rəyi, bir növ, hazırlamaq xarakteri daşıyır. Bundan sonra əlbəttə ki, ciddi siyasi fəaliyyəti görəcəyik. Bu baxımdan, təbii ki, Köçəryanların Rusiya vasitəsilə hakimiyyətə gəlməsi sülh prosesini baltalamaq xarakteri daşıyacaq. Rusiya öz nəzarətindən kənarda heç bir sülh müqaviləsi, anlaşma görmək istəmir.