“Krım Ukraynaya məxsusdur və heç bir ərazi güzəştə gedilə bilməz”.
Hafta.az-ın yazdığına görə, bunu Ukrayna Ali Radasının üzvü Tamila Taseva bildirib. O, təxminən 70 ölkənin bu mövqeyi dəstəklədiyini, bir çox siyasətçi tərəfindən Putinin "arzu siyahısı" adlandırılan "sülh planının" isə beynəlxalq dəstək almadığını vurğulayıb.
Taseva Ukraynanın aydın mövqeyini vurğulayan Taseva "Putinin arzu siyahısı" kimi təsvir edilən ABŞ prezidenti Donald Trampın qondarma sülh planından söz açıb. Bildirib ki, bu təkliflərin Ukrayna və beynəlxalq ictimaiyyət üçün qəbul edilməsi mümkün deyil. O, plana təkcə ərazi bütövlüyü ilə bağlı deyil, həm də qoşunların sayının azaldılması və müharibə cinayətkarları üçün faktiki əfvlə bağlı qəbuledilməz müddəaların daxil olduğunu bildirib.
“28 maddəyə baxdıqda aydın olur ki, bu, yalnız ərazi bütövlüyü məsələsi deyil. Bizim üçün bu, qırmızı xəttdir: biz heç bir ərazidən imtina etməyəcəyik. Bu, BMT Nizamnaməsi ilə müəyyən edilmiş suverenlik və ərazi bütövlüyüdür, bütün beynəlxalq hüquq buna əsaslanır. Lakin siyahıda Putinin tələblərindən olan qoşunların sayının azaldılması və bütün müharibə cinayətkarları üçün faktiki əfv kimi müddəalar da var. Ukrayna Parlamentində bir millət vəkilinin buna səs verəcəyinə şübhə edirəm, çünki belə bir plan sonda parlamentin təsdiqini tələb edəcək. Buna görə də, belə bir planın Krım Platforması və ya digər beynəlxalq mexanizmlər çərçivəsində dəstək alması ehtimalı az görünür” deyən millət vəkili sonda Ukraynaya göstərilən dəstəyə görə beynəlxalq tərəfdaşlara təşəkkür edib.
"Beynəlxalq tərəfdaşlarımızın dəstəyi bizim üçün əvəzsizdir. Krım, Donetsk, Luqansk, Xerson və Zaporojjyanın Ukrayna ərazisi olduğunu bir daha təsdiqlədikləri üçün onlara minnətdarıq", - o fikrini tamamlayıb.