Xəbər verildiyi kimi, Suqovuşana gedən avtomobillərimiz erməni terrorçuları tərəfindən atəşə tutulub. Ermənistan isə həyasızcasına hay-küy salaraq guya Qarabağda Azərbaycan əsgərlərinin ermənilərə güllə atdığı barədə feyk xəbərləri yayır.
Ermənilər məkirli davranaraq yenə də öz əməllərini Azərbaycanın üstünə yıxmağa çalışırlar. Ermənistan yenə də hərbi təxribatlarla vəziyyəti gərginləşdirməyə çalışır. Ermənistan tərəfi bu cür manevrlərlə nəyə çalışır, yaxud erməni terrorçuları bu dəfə kimlərin sifarişi ilə hərəkət edirlər.
Politoloq Natiq Miri hafta.az-a şərhində Suqovuşan istiqamətində Azərbaycan avtomobillərinin atəşə tutulmasında Rusiya hərbi birləşmələrinin məsuliyyət daşıdığını bildirib. Politoloq hesab edir ki, erməni silahlı qüvvələri regiondan çıxarılmadıqca və 10 noyabr bəyanatının şərtlərinə əməl edilmədikcə, bu gərginlik davam edəcək.
“Çünki Rusiya işğalçı qüvvələri heç bir zaman Qarabağda sabitliyin tərəfdarı deyillər. Proseslər gərgin müstəvidə qaldıqca onların Azərbaycanda varlığına hüquqi zəmin yaranır. Əmin olun ki, bu gərginlik birbaşa Rusiyanın dəstəyi, idarəetməsi ilə baş verir. Əldə heç bir dəlil, sübutlar olmadan guya Qarabağda bir erməni vətəndaşının öldürülməsi hadisəsinə görə Rusiya tərəfi də Azərbaycanı müəyyən mənada ittiham etdi”.
Politoloq bildirib ki, artıq neçənci dəfədir ki, Azərbaycan Rusiya hərbçilərinə müraciət edərək, onları vəziyyətin tənzimlənməsinə dəvət edir. Lakin Rusiya yenə də özünün havasını çalmaqdadır.
“Çünki Rusiya hər zaman özünün geosiyasi maraqları kontekstində davranan bir ölkədir və biz onun əhatə dairəsini daraltmayınca bu, davam edəcək. Bunun üçün də Ermənistan separatçı qüvvələrinə məxsus olan qanunsuz silahlı birləşmələr tərksilah olunub Azərbaycan ərazisindən çıxarılmalıdır. Gərginliyin qarşısının alınmasının yolu budur”.
N.Miri Prezidentin son müsahibəsində yenə Qarabağda olan rus sülhməramlıları ilə bağlı Rusiya dövlətinə müəyyən mesajlar verdiyini deyib. Onun sözlərinə görə, ortada Rusiya prezidentinin imzası olan bir sənəd var, amma nə Rusiya sülhməramlıları, nə də Ermənistan buna əməl eləmir. Politoloq bildirib ki, əgər Rusiya öz imzasına hörmət etməsə və götürdüyü öhtəlikləri yerinə yetirməsə 10 noyabr sənədinin heç bir anlamı qalmır və bu, dövlətlərarası etimadı ciddi şəkildə zədələyir.
“Əgər 11 yanvar-10 noyabr sənədləri götürülən öhtəliklərə rəğmən icra olunmursa, bundan sonra bu üç dövlət arasında hansı əsas sənədin imzalanmasından söz gedə bilər. Əgər etimad itəcəksə, bunu heç bir zaman bərpa etmək mümkün olmayacaq. Bunu Rusiyaya dəfələrlə xatırlatmağa ehtiyac yoxdur. Məsələn, Görus-Qafan yolunun bağlanması bir hadisədir. Fikir verdinizsə, İran “atılıb-düşdü” amma nəticədə anladı ki, reallıq tamam fərqlidir və bu gün diqtə edən ölkə İran deyil- Azərbaycandır, Türkiyədir. Biz qadir olduğumuz üstünlüyümüzdən istifadə etməliyik. Bu da Laçın dəhlizinin bağlanması olmalıdır. İcazəmiz olmadan heç bir şəxs, maşınlar Qarabağa girməməlidir. Bu yöndə qərar verən tərəf Azərbaycan dövləti olmalıdır. Bizim konstitusiya pozulur. Bu necə suverenlikdir ki, ərazimizə girən yad adamlara “dur” əmrini verə bilmirik. Ona görə də mütləq mənada hadisə yaşanmalıdır ki, Rusiya əhatə dairəsinin daraldığını hiss eləsin. Biz Laçın dəhlizində 5 km ərazini daraltdıq. Bu gün Azərbaycan ordusu Laçın dəhlizindən keçən yolun tam üstündə, 50 metrliyindədir. Bu cür siyasi iradələr ortaya qoyulmalıdır. Əks halda belə təxribatlar, qışqırmalar davam edəcək. Sərhədləri bağlayın hər şey bitsin”.
Politoloq bildirib ki, Rusiya Azərbaycanı nədəsə ittiham etməzdən əvvəl özü 10 noyabr atəşkəs bəyanatına əsasən üzərinə götürdüyü öhtəliyi yerinə yetirməldiir.
“Bəyanatda yazılıb ki, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmaqla paralel sülh qoşunları regiona daxil olur. Amma rus hərbçiləri 24 saat ərzində Qarabağa yeridildi. Bu gün sülhməramlı missiyasından başqa rus hərbi texnikası da Qarabağdadır. Rusiya Qarabağda nə etməyə çalışır, müharibəyə hazırlaşır?!. Görünən odur ki, anlaşma pozuntusu Rusiya tərəfindən edilir. Rusiyaya sual verilməlidir ki, niyə erməni silahlı qüvvələri hələ də Qarabağdadır. Bu gün Qarabağda 10 min erməni silahlı birləşmələri var, əlavə 7 mini qanunsuz olaraq rus sülhməramlılarının təhriki ilə gətirilib. Bizə bundan artıq əsas lazımdır?!. Rusiya ya erməni silahlı qüvvələrini çıxarmalıdır, ya da özləri rədd olub getməlidir. Və Laçın dəhlizi bağlanmalıdır, vəssalam!”