Ötən gün Qarabağdakı separatçı rejimin bir neçə nümayəndəsi, o cümlədən Arayik Arutyunyanın yanında separatçı “anti-böhran şurası”nın sədri Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandanı, general-polkovnik Aleksandr Lentsovla görüşüb. Bu barədə Ermənistanın “Hraparak” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
“Görüş çox gərgin atmosferdə keçdi. Lentsov bildirib ki, Laçın “dəhlizində” yaranmış vəziyyətə görə məsuliyyət Rusiyadan çox, Nikol Paşinyanın üzərinə düşür. Rus generalın sözlərinə görə, Paşinyanın "Qarabağın Azərbaycandır" deməsindən sonra Laçın yolu bağlanıb. Fəallar RHK komandirinə deyiblər ki, onlara təhlükəsiz həyata təminat verən Putin olub və bu, 9 noyabr tarixli bəyanatla da təsdiqlənib, lakin komandir bu vəziyyətdə yalnız Rusiya tərəfinin günahkar olduğunu təkzib edib... O, həmçinin əmrlərə əməl etdiklərini, qərarların siyasi platformada qəbul edilməli olduğunu qeyd edib. Nəticədə fəallar general Lentsovla görüşü narazı şəkildə tərk ediblər”, - qəzet yazır.
Nəşr onu da qeyd edir ki, “bəzi məlumatlara görə sülhməramlıların qərargahı qarşısında iclasdan iki gün əvvəl aksiyalar keçirilib, lakin aksiyalarda maksimum 30 nəfər iştirak edib”.
“Görüşdə Samvel Babayanın yaxın dostlarından biri, Rusiya əleyhinə fikirləri ilə tanınan və Qarabağda agent kimi qəbul edilən Artur Osipyan David Vanyan iştirak edib. Qarabağ sakinləri hesab edirlər ki, onlar Ermənistan hakimiyyəti adından anti-Rusiya əhval-ruhiyyəsini qızışdırırlar”, – qəzet yazır.