Latviya Rusiya və Belarus vətəndaşlarına mülk almağı yasaqladı

10:06 21.06.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Latviya parlamentinin qəbul etdiyi qərara əsasən Rusiya və Belarus vətəndaşları bu ölkədə daşınmaz əmlak ala bilməyəcəklər. Qanun layihəsi təkcə vətəndaşlara deyil, həm də ən azı 25 faiz Rusiya və ya Belarus vətəndaşlarına məxsus olan təşkilatlara da daşınmaz əmlak almağı yasaqlayır.

Hafta.az-ın yazdığına görə, qanun fevral ayında Yeni Birlik Partiyasının deputatları tərəfindən təklif edilmişdi. İyunda parlament “Milli təhlükəsizliyə təhlükə yaradan əməliyyatların məhdudlaşdırılması haqqında” müvafiq qanunu üçüncü oxunuşda 69 lehinə, 8 əleyhinə səslə qəbul edib.

Mövzu ilə bağlı danışan latviyalı deputat Aqneze Krusta, “Bu, Latviyada ölkəyə zərərli olan fərd və şirkətlərin təsirini və mövcudluğunu məhdudlaşdırmaq üçün atılan addımdır” deyib.

Qadağa yeni qanun qüvvəyə mindikdən sonra Latviya sakinləri tərəfindən göstərilən kateqoriyalar üzrə edilən bütün əməliyyatları əhatə edəcək. Digər tərəfdən, Avropa İttifaqı və Latviyanın daimi sakinləri, belaruslu qaçqınlar və geri qayıdanlar qanunda azad edilmiş qrup kimi qəbul lunur.

Rusiya və Estoniya ilə həmsərhəd olan Latviya gələcəkdə Rusiyanın NATO və ya Avropa İttifaqına hücumunun ən çox ehtimal olunan hədəflərindən biri kimi qiymətləndirilir. Ukraynada müharibə davam edərkən, Latviya mülki hazırlıq tədbirlərini artırmaq üçün hərəkətə keçib və müharibə baş verəcəyi təqdirdə əhalisinin dörddə birini köçürmək üçün müxtəlif planlar hazırlayıb.

Avropa İttifaqının kəşfiyyat və təhlükəsizlik agentlikləri Rusiyanın təxribat əməliyyatlarının, o cümlədən Moskvanın koordinasiya etdiyi düşünülən bir neçə yanğın hücumu ilə bağlı xəbərdarlıq edib. 2022-ci ilin sentyabrında Latviya Litva, Estoniya və Polşa ilə birgə razılaşmaya əsasən Rusiya vətəndaşlarının ölkəyə girişinə məhdudiyyətlər qoyub.