Ötən aydan etibarən, ölkə üzrə bir sıra lisey və gimnaziyalara 2022-2023-cü tədris ili üçün şagird qəbulu prosesinə rəsmən start verilib.
Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak edəcək, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri lisey və ya gimnaziyaların seçimini aparacaqlar.
İmtahan zamanı şagirdlərə Azərbaycan dili və riyaziyyat fənləri ilə yanaşı, riyazi məntiq biliklərinin yoxlanılması məqsədi ilə tapşırıqlar təqdim ediləcək.
Lisey və gimnaziyalara siniflər üzrə imtahan tarixləri aşağıdakı kimidir:
• 17 iyun - V siniflərə qəbul (hazırda IV sinifdə oxuyanlar üçün);
• 18 iyun - VI siniflərə qəbul (hazırda V sinifdə oxuyanlar üçün);
• 19 iyun - VII siniflərə qəbul (hazırda VI sinifdə oxuyanlar üçün);
• 20 iyun - VIII və IX siniflərə qəbul (hazırda VII və VIII sinifdə oxuyanlar üçün).
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyaların siyahısı ilə müvafiq linkə keçid edərək tanış ola bilərsiniz.
Mərkəzləşdirilmiş qaydada qəbul prosesi keçiriləcək lisey və gimnaziyalar
Dövlət hesabına yataqxana və gündə 3 dəfə isti yeməklə təmin olunan lisey və gimnaziyalar:
• Bakı şəhəri S.C.Pişəvəri adına Respublika humanitar fənlər gimnaziyası;
• Bakı şəhəri A.S.Makarenko adına Respublika humanitar fənlər təmayüllü gimnaziya;
• Bakı şəhəri S.Bəhlulzadə adına xarici dillər təmayüllü Respublika gimnaziyası;
• Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyi;
• Şəki şəhəri Kimya-biologiya təmayüllü lisey;
• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;
• Şirvan şəhər Kimya-biologiya təmayüllü lisey;
• Quba şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü lisey;
• Şəmkir şəhər Kimya-biologiya təmayüllü lisey;
• Ağdaş şəhər M.Şeyxzadə adına humanitar və təbiət fənləri təmayüllü gimnaziya;
• Biləsuvar şəhər texniki fənlər təamyüllü məktəb-lisey;
• Gəncə şəhər Xarici dillər təmayüllü gimnaziya
Digərləri:
• Bakı şəhəri Lütfi Zadə adına texniki-humanitar lisey;
• Bakı şəhəri 2 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri 147 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyi;
• Bakı şəhəri 16 nömrəli texniki-humanitar lisey;
• Bakı şəhəri S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziya;
• Ağstafa şəhər texniki-humanitar təmayüllü lisey;
• Şamaxı şəhər texniki, humanitar və təbiət təmayüllü lisey;
• Oğuz şəhər E.Abdullayev adına 2 nömrəli tam orta məktəb
Burada şagirdlər və valideynlər üçün ciddi narahatlıq doğuran bir məqam var. Belə ki, şagirdlər imtahandan uğurlu nəticə qazanıb yuxarıda adları qeyd olunan liseylərdən birinə qəbul edilərlərsə, Təhzsil Nazirliyinin tabeliyində olmayan digər liseylərə qəbul imtahanlarında da yüksək bal toplayaraq onlara qəbul olunacaqları halda əvvəlki seçimlərindən imtina edə bilmirlər.
Halbuki hər iki liseyin qəbul imtahanları arasında bir xeyli vaxt olur və məktəbli iki imtahanda da iştirak etmək hüququna malikdir. Lakin Təhsil İnstitutu tərəfindən elektron sistemdə seçimini dəyişmək istəyən şagirdlərin valideynlərinə artıq mərkəzləşdirilmiş qaydadada imtahan keçirilən liseylərin yen tədris ili ilə bağlı kontingentinin təsdiqləndiyi, şagirdin yerdəyişməsinin bu prosesə maneə yaratdığı bildirilir. Qeyd edək ki, analoji vəziyyət keçən il də yaşanıb. Çoxsaylı şikayətlərdən sonra Təhsil İnstitutu şagird yerdəyişməsinə imkan yaradıb. Valideynlər bildirirlər ki, belə halların yaşanması uşaqların təhsil hüquqlarının pozulması deməkdir.
Bəs görəsən, liseylərə qəbul imtahanları niyə eyni gündə keçirilmir? Yaxud da şagirdlərə azad seçim hüququ niyə verilmir?
Məsələ ilə bağlı hafta.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi söylədi ki, prosesdə bir xeyli çatışmazlıqlar var. Bunun əsas səbəblərindən biri isə odur ki, bəzi liseylər özəl təhsil müəssisələridir:
“Onların hər birinə qəbul liseyin özünün həyata keçirdiyi imtahan yolu ilə aparılır. Vahid qəbul keçirilsə, yaranmış bütün problemlər aradan qalxar. Əgər bir şagird orta məktəbdə təhsil alırsa və bu təhsil müəssisəsi Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindədirsə, liseyə qəbul imtahanında iştirak edib qəbul olmadığı halda, yenidən məktəbə geri qayıda bilməyinə imkan yaradılmalıdır. Burada təhsil haqqında qanunvericilik və dövlət başçısının prioritet məsələ kimi daima vurğuladığı təhsilin əlçatanlığı prinsipi əsas götürülür. Liseyə qəbul oluna bilməyən şagirdi məktəb yenidən tədrisə qəbul etməlidir. Bunun üçün xüsusi çıxarışa ehtiyac olmamalıdır. Məsələnin həlli üçün ilk növbədə Təhsil Nazirliyi müvafiq qərarlar verməlidir. Düşünürəm ki, bu il də liseylərə qəbul ötən ilki kimi baş tutacaq. Bu sahədə hər hansı dəyişiklik nəzərdə tutulmayıb”.
Banu