“Macarıstan Avropada Azərbaycanın ən güclü tərəfdaşıdır” - Peter Kranitzin

09:28 10.12.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Budapeştin əsas məqsədi Cənubi Qafqazda sabitlik, sülh və dinc inkişafdır və buna nail olmaq üçün Macarıstan Ermənistan və Azərbaycanla balanslı münasibətlər qurmağa çalışır”.

Hafta.az yazır ki, bunu Macarıstan Beynəlxalq Münasibətlər Universitetinin baş elmi işçisi, ekspert Peter Kranitzin Armenpress-ə müsahibəsində deyib.

Erməni jurnalist “Macarıstan Avropa Sülh Fondundan Ermənistana dəstək olaraq 20 milyon avro ayrılmasına veto qoyduğu halda, eyni məbləğin Azərbaycanda minaların təmizlənməsi üçün istifadə edilməli olduğunu bildirib” deyərkən macar politoloq cavab verib ki, bu, Avropanın regionda iştirakının "həddindən artıq ermənipərəst" olması ilə bağlıdır. Onun fikrincə, əgər Avropa İttifaqı Cənubi Qafqaza balanslı yanaşma inkişaf etdirə bilsə, vasitəçi kimi deyil, yerli və regional hadisələrə təsir göstərə biləcək ciddi investor və maraqlı oyunçu kimi yenidən ortaya çıxa, regiondakı mövqeyini bərpa edə biləcək.

Yerevanla Budapeşt arasında siyasi dialoqun səviyyəsindən danışan macarıstanlı ekspert ikitərəfli münasibətlərin inkişafı üçün ciddi perspektivlərin olduğunu deyib. “Ermənistanla Macarıstan arasında diplomatik münasibətlərin olmadığı bir dövrdə 10 illik fasilə yarandı. Məlum olduğu kimi, bu münasibətlər 2022-ci ildə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla Macarıstan xarici işlər naziri Peter Siyartonun təşəbbüsü sayəsində bərpa edildi”, - deyə ekspert xatırladıb. Onun sözlərinə görə, Macarıstanla Ermənistan arasında hər hansı tarixi ziddiyyətlər yoxdur. Çünki olsaydı, bu gün tərəflər arasında belə sürətli yaxınlaşma olmazdı. Ekspert bu cür müzakirələr üçün əsas kimi bir neçə halı, xüsusən də Macarıstanın Azərbaycan və Türkiyə ilə isti münasibətlərini göstərib. "Bildiyiniz kimi, Macarıstan Türkdilli Dövlətlər Təşkilatında müşahidəçidir. Budapeştin həm Ankara, həm də Bakı ilə strateji tərəfdaşlığı var. Buna görə də, Avropa İttifaqı daxilində əminliklə deyə bilərəm ki, Macarıstan Azərbaycanın, eləcə də Türkiyənin ən güclü və ən vacib tərəfdaşıdır. Macarıstan regiona əhəmiyyətli dərəcədə sərmayə qoyub. Macarıstan Azərbaycanda üçüncü ən böyük investordur. Biz neft yataqlarına, neft kəmərinə və Bakı-Tbilisi-Ceyhan boru kəmərinə sərmayə qoymuşuq. Macarıstan şirkətləri bu sektorun ən böyük səhmdarları arasındadır. Macarıstan Azərbaycanın Şahdəniz qaz yatağına sərmayə qoyub. Macarıstanın Wizz Air aviaşirkəti region bazarında lideridir, Ermənistan, Gürcüstan və Azərbaycanda əməliyyatlar aparır. Gedeon Richter aptek şəbəkəsi və onlayn aptek kimi əczaçılıq şirkətlərində geniş iştirakımız var. Buna görə də Macarıstanın Cənubi Qafqaz regionunda əhəmiyyətli investisiyaları və maraqları var", - deyə Peter Kranitz izah edib.

Xatırladaq ki, Budapeşt Ermənistana ayrılacaq maliyyə yardımını bloklayıb. Macarıstanın xarici işlər naziri Peter Siyarto bu ilin may ayında Yerevanda keçirilən Yerevan Dialoqu konfransında bildirib ki, Budapeşt Avropa İttifaqının Sülh Fondundan Ermənistana 20 milyon avro ayırmasına qarşı deyil. lakin regionda tarazlığı qorumaq üçün Azərbaycana da eyni miqdarda vəsait ayrılmalıdır.

“Xahişimiz Avropa İttifaqının Azərbaycana da eyni dəstəyi göstərməsi idi. Keçən dəfə bu, işə yaradı: Ermənistana 10 milyon avro, Azərbaycana da 10 milyon avro ayırdı (2024-cü ildə Ermənistan Avropa İttifaqının Sülh Fondu çərçivəsində 10 milyon avro aldı və eyni məbləğ mina təmizləmə üçün Azərbaycana da verildi). Bu yanaşma indi də işə yaraya bilər”, - deyə Peter Siyarto vurğulayıb.