Manat dəyərdən düşməyəcək - SƏBƏB

16:36 15.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son aylarda dünya bazarında neft və qazın qiymətində baş verən bahalaşma xaricdən ölkəmizə gələn valyuta axınının həcmini artırır. Hazırda xarici ticarətdə əsas tərəfdaşlarımız olan Avropa, Rusiya və Türkiyənin milli valyutalarının məzənnələrində də ciddi dəyişikliklər müşahidə olunur. Türkiyə lirəsi tarixi minimumunu yeniləyərkən, Rus rublu neft gəlirləri hesabına bir qədər  möhkəmlənməyə davam edir. Bəs görəsən, əsas iqtisadi tərəfdaşlarımızın valyutalarındakı bu dəyişikliklər Azərbaycan manatınının məzənnəsinə nə cür təsir edəcək?

Məsələ ilə bağlı hafta.az-a danışan iqtrisadi ekspert Natiq Cəfərli bildirdi ki, dünya valyuta bazarlarında baş verən proseslərə manat həmin an reaksiya vermir, buna səbəb isə manatın məzənnəsinin inzibati qaydada tənzimlənməsidir:

“Manatın məzənnəsi ölkəmizdə inzibati qaydada tənzimləndiyinə görə, birjalar müəyyənləşdirilmir. Qiymətli kağızlar bazarı və valyuta birjası olmadığına görə, bizdə məzənnə siyasəti inzibati qaydada Mərkəzi Bankın təyin etdiyi məzənnəyə görədir. Yəni birbaşa olaraq dünya valyuta bazarlarında baş verən proseslərə manat həmin an reaksiya vermir. Amma, obrazlı desək manat həm də "kazığ neft"dir. Neft bazarında baş verən dəyişikliklər manata təsir göstərir. Qonşu ölkələrin valyuta məzənnəsinin dəyişməsi həmin ölkələrdən gələn məhsulların Azərbaycandakı satış qiymətlərinə təsir etməlidir. Məsələn Türk lirəsi ucuzlaşanda Türk malları da ucuzlaşmalıdır, ancaq hələ ki heç bir ciddi ucuzlaşma müşahidə olunmur. Rus rublu möhkəmləndikcə Rusiyadan gələn məhsullarda bir qədər bahalaşma müşahidə olunacaq”.

Ekspert manatın neftə olan asılılığını vurğulayaraq  məzənnəsində baş verə biləcək ciddi dəyişikliklərin onun bahalaşıb-ucuzlaşması ilə birbaşa əlaqəli olduğunu söylədi. O, həmçinin gələcəkdə devalvasiya dalğalarının olacağını da istisna etmir. 

“Sırf məzənnəyə gəldikdə isə, bizdə məzənnə siyasətində neft qiymətlərinin aparıcı rol oynadığını nəzərə alsaq indiki dövrdə neft kifayət qədər yüksək dəyərə satılır. Bu Azərbaycan üçün çox komfortlu, hətta gözlənilməz bahalıqdır. İndi Azərbaycan nefti təxmini 85 dollar civarındadır. Bu da ölkəmizin Mərkəzi Bankının və hökümətin əlini rahatladır. Manatla bağlı yürüdülən məzənnə siyasətini davam etdirməyə şərait yaradır. Azərbaycanda manata birbaşa və dolayı təsir edən əsas amil neft qiymətləridir. Qonşu ölkələrdə baş verən dəyişikliklər deyil. Ona görə də neftin qiymətinin yüksək olduğu bir dövrdə məzənnə ilə bağlı hər hansısa dəyişikliyin olacağını düşünmürəm. Ən azından yaxın aylar-illərdə nə qədər ki neft qiymətləri yüksək olacaq o zamana qədər Azərbaycan Mərkəzi Bankı neftin qiymətini nəzərə alaraq manatın məzənnəsini sabit saxlamağa çalışacaq. Dünyada bir neçə il sonra yaşıl energetikaya keçid neftə tələbatı azalda bilər. Növbəti neftin ucuzlaşması dalğası baş verərsə, o zaman Azərbaycanda manatın dəyəri yenidən ucuzlaşa  və devalvasiya dalğaları yaşaya bilər”.

Nəzərinizə çatdıraq ki, hazırda Dünya bazarında “Azeri Light” (CIF) Azərbaycan neftinin 1 barelə olan qiyməti 84,9 dollar təşkil edir.

Oxunma sayı 195