Manatla bağlı nikbin PROQNOZ

12:06 03.07.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan manatı ilə bağlı hər hansı təhlükəli məqam yoxdur

Azərbaycan iqtisadiyyatının son illərdəki sabitlik strategiyasının əsas elementlərindən biri manatın sabit məzənnə rejimidir. 2015-ci il devalvasiyalarından sonra Mərkəzi Bank tərəfindən atılan addımlarla valyuta bazarının idarə olunması istiqamətində çox ciddi tədbirlər görülüb. 2017-ci ildə manatın məzənnəsi 1 ABŞ dollarına 1.7 manat səviyyəsində sabitləndi və bu siyasət hazırda da davam edir.

Nikbin proqnoz

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı, ən azı, 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq. Qurum analitikləri hesab edirlər ki, hakimiyyətin ortamüddətli perspektivdə valyuta çevikliyinin tədricən artırılması ilə bağlı planları elan etməsinə baxmayaraq, sabit məzənnənin saxlanılması əsas siyasi prioritetlərdən biri hesab olunur. Agentlik qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi alətlərini inkişaf etdirməyə davam edir, həmçinin pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir:

"Buna baxmayaraq, monetar qərarların iqtisadiyyata təsiri məhdud olaraq qalır. Onlar məhdudlaşdırıcı amillər arasında daxili pul bazarlarının yetərincə inkişaf etməməsini, bank sektorunda yüksək likvidliyi, həmçinin dollarlaşmanın əhəmiyyətli səviyyəsini qeyd edirlər. 2025-ci ilin aprel ayına depozitlərin 40 faizə qədəri azalma tendensiyasına baxmayaraq, xarici valyutada ifadə olunur”.

Qeyd edək ki, “Fitch” ilə yanaşı, Niderlandın “ING Group”u və Asiya İnkişaf Bankının analitikləri də manatın dollara bağlılığının 2026-cı ilə qədər saxlanılacağını gözləyirlər. Bu rəylər Azərbaycanın makroiqtisadi siyasətindəki stabil yanaşmanın beynəlxalq miqyasda tanındığını göstərir. Öz növbəsində, Azərbaycan İqtisadiyyat Nazirliyi və “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi mövcud sabit məzənnə rejiminin ən azı 2028-ci ilin sonuna qədər saxlanılacağını proqnozlaşdırır.

Sabit məzənnə hansı sahələrə təsir edir?

Sabit məzənnə qiymət sabitliyini qorumaqla inflyasiyanı məhdud saxlayır. Bu, eyni zamanda ixracatçılar üçün uzunmüdətli rəqabət qabiliyyətini azaltsa da, daxili bazarda sosial sabitliyi qoruyur. Xarici investorlar üçün devalvasiya risklərinin olmaması Azərbaycanı nisbətən cazibəli məkan kimi qoruyur. Sabit məzənnə əhalinin sosial rifahını qoruyur, amma iqtisadiyyatın uzunmüdətli dövrdə daha çevik və rəqabətə dayana bilən hala gətirilə bilməsi üçün pul siyasətində yeniliklər qaçırılmazdır.

Mövzu ilə bağlı iqtisadçı-ekspert Fuad İbrahimov bildirir ki, Azərabycan manatı ilə bağlı hər hansı təhlükəli bir məqam yoxdur:

“Yəni, manatın ucuzlaşmasını şərtləndirən amillər mövcud deyil. Mərkəzi Bankın siyasəti də kifayət qədər elastikdir. Hansı ki, bu siyasət də manatın məzənnəsinin qorunub saxlanılmasına xidmət edir. Xarici borclarımız da ÜDM səviyyəsinə nisbətdə kifayət qədər risksiz bir vəziyyətdədir. Neftin qiyməti ucuzlaşsa da, təhlükəli dəhlizə daxil olmayıb. Belədə devalvasiya da gözlənilmir”.

Manatın taleyi neftin qiymətindən asılıdır

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, hökumət mümkün olan qədər manatın məzənnəsini sabit saxlamaqda qərarlıdır:

“Bunu da qeyd etmək lazımdır ki, xüsusilə 2024-cü ilin sonlarından başlanan proseslər, 2025-ci ilin əvvəlindən beynəlxalq ticari-iqtisadi münasibətlərdə gedən köklü dəyişikliklər, neft bazarındakı qiymət enişi, Azərbaycanda yaranmış yeni çağırışlar, o cümlədən işğaldan azad olunmuş əraziləri bərpasına irihəcmli vəsaitlərin ayrılması, həmin vəsaitlərin idxalı artırması, bu artımın tədiyə balansı üzərində yaratdığı təzyiqlər, müsbət ticarət saldosunun azalması kimi məsələlər uzunmüddətli dövrdə manatın məzənnəsinin sabit saxlanması imkanlarını xeyli dərəcədə məhdudlaşdırır. Bütün bunları nəzərə almaqla, düşünürəm ki, uzunmüddətli dövr üzrə manatın məzənnəsinin sabit qalması ehtimalı 50 faizdən yuxarı deyil. Manatın məzənnəsinin 2030-cu ilədək sabit saxlanması birbaşa dünya neft qiymətlərindən asılı olacaq. Burada əsas rolu neftin dünya bazar qiyməti oynayacaq”.

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli bildirir ki, manatın məzənnəsi hökumət tərəfindən tənzimlənir:

“Hökumət bu siyasəti indi də davam etdirir və bunun üçün imkanları da var. Ölkəmizin strateji aktivləri 60 milyard dollara bərabərdir. Mərkəzi Bankın strateji valyuta ehtiyatları isə 11 milyard manatdan çoxdur. Belə bir şəraitdə hökumət hər ay hərraca 600-700 milyon dollar vəsait çıxara bilir. Bu da manatın sabitliyini təmin edir”.