Maşında sıxılı qalmış şəxs belə xilas edildi - VİDEO

10:45 18.04.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

"Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər",- deyə məlumatda qeyd edilib.

Bildirilib ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.