İyulun 20-də ölkə ərazisində qeydə alınan 29, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 108, o cümlədən borclu şəxs qismində axtarışda olan 75, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 4 və dələduzluğa görə axtarışda olan 13 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eləcə də narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 11,7 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb. Həmçinin yabanı halda bitmiş 852 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 8,3 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın heroin və 1,4 kiloqramdan artıq tiryək olub.
Eyni zamanda, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib. Paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 tüfəng və 250 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər də saxlanılıb.