Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir

22:02 18.11.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Mədəniyyət Nazirliyi tərəfindən “Xristian irsimizi tanıyaq” adlı layihənin icrasına başlanılmışdır. Layihə çərçivəsində Azərbaycan ərazisində xristian dininə aid olan və dövlət tərəfindən qorunan məbədlər, kilsələr və ibadətgahlara dair qısa videoçarxlar təqdim olunur.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, ilk videoçarx Şəki rayonunun Kiş kəndi ərazisində yerləşən Kiş Alban məbədinə həsr olunub.

Azərbaycanda xristianlıq hələ İsa Məsihin həvariləri dövründə - eramızın I-II əsrlərində yayılmağa başlamışdır. Bu fəaliyyət xristianlığı yaymaq məqsədi ilə qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasına gələn həvarilər Varfolomey və Faddeyin, eləcə də Faddeyin yetirmələri olan Yelisey və Marın adları ilə bağlıdır. Həmin dövrdə indiki Şəki rayonunun Kiş kəndi ərazisində “Şərq kilsələrinin anası” kimi məşhurlaşan Qafqazın ilk xristian məbədinin əsası qoyulub. Daha sonra Qafqaz Albaniyasının digər yerlərində də xristian icmaları meydana gəlmiş, beləliklə, həvari mənşəli Alban Kilsəsi təşəkkül tapıb.

Multikultural və çoxkonfessiyalı ölkə olan Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri əsrlərdir dinc yanaşı yaşayır, qurub-yaradırlar. Ölkəmizdə olan çoxsaylı xristian icması cəmiyyətimizin ayrılmaz və fəal hissəsidir və onların abidələri və ibadət yerləri, kilsələr Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Təsadüfi deyil ki, Roma Papası Fransisk 2016-ci ilin oktyabr ayında Azərbaycana səfəri zamanı Azərbaycanı dini tolerantlıq üzrə dünyada model ölkə kimi qiymətləndirib.

Oxunma sayı 1095