“Media savadlılığı birinci növbədə ölkənin informasiya təhlükəsizliyinin müdafiəsi üçün labüd olan bir institutdur. Çünki media savadlılığı informasiyaların istehsalından başlamış, onun müxtəlif auditoriyalara çatdırılması və ictimai rəyin formalaşdırılmasına qədər bir neçə mərhələdən keçən bir prosesdir. Xüsusilə, informasiyaların hazırlanması və onun auditoriyalara çatdırılması”.
Bunu hafta.az-a “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev bildirib.
A.Quliyev Azərbaycanda media savadlılığının öz dinamikası ilə seçildiyini deyib. O, hesab edir ki, media savadlılığı 15 il əvvəllə müqayisədə xeyli inkişaf və təkmilləşmə yolu keçib.
“Biz dəfələrlə müxtəlif yanlış informasiyaların təsiri altında cəmiyyət və insanların nə qədər səhv qərarlar qəbul etdiyini görmüşük. Təəssüf ki, bir çox hallarda yanlış informasiyaların ictimai rəyə atılması cəmiyyəti və insanları ziyanlı istiqamətə yönəltmək üçün məqsədyönlü xarakter daşıyır. Nəzərə alsaq ki, süni intellektin çox geniş imkanları meydana çıxıb və bu imkanlar xüsusilə informasiya fəaliyyəti yayımı sahəsində olduqca böyük imkanlara cəbhə açıb. Belə şəraitdə media savadlılığına xüsusilə böyük ehtiyac yaranır”.
Baş redaktor hesab edir ki, əgər bu vaxta qədər media savadlılığı səviyyəsinin artırılmasına bir qat ehtiyac var idisə, bugünkü reallıq media savadlılığının qat-qat artıq pillələrə qaldırılmasını tələb edir. Çünki bu, birinci növbədə cəmiyyətin informasiya təhlükəsizliyi məsələsidir.
“Media savadlılığına malik cəmiyyəti informativ üsullarla aldatmaq asan deyil. Media savadlılığına malik olan cəmiyyəti, toplumu dövlətin siyasətinin əleyhinə qaldırmaq mümkün deyil. Eləcə də media savadlılığı prinsipini daşıyan insanları bir-birinə qarşı qoymaq mümkün deyil. Media savadlılığına malik olan cəmiyyətlər həmişə özlərinin sabitliyi, dinamik inkişafı ilə seçilirlər. Müxtəlif sosial-siyasi, dini qruplar arasında maksimal dərəcədə tolerantlıq prinsipinə söykənən formada inkişaf edirlər. Ona görə də media savadlılığı bu gün dövlətin, cəmiyyətin, medianın, jurnalistlərin ciddi ehtiyac hiss elədiyi bir institutdur. Əgər media savadlılığının təkmilləşdirilməsi yönümündə prosesi konkret hədəflərə yönəldə bilsək, Azərbaycan cəmiyyəti böyük təminat əldə etmiş olar”.
A.Quliyev qeyd edib ki, 44 günlük müharibədən sonra Azərbaycan cəmiyyəti müxtəlif xarici qrupların ideoloji təxribatlarına məruz qalır. O, belə bir şəraitdə media savadlılığının cəmiyyətin kənar informasiya hücumlarının qarşısında ən etibarlı müdafiə mexanizmlərindən birinə çevrildiyini önə çəkib.
“Media savadlılığı cəmiyyətin doğru informasiya ilə təmin olunmasını özünün əsas hədəflərindən hesab edir. İnformasiya yayılana qədər o, sadəcə xəbərdirsə, yayılandan sonra artıq hücum, hərəkət, müdafiə və müəyyən dinamikanın mənbəyinə çevrilir. Əgər informasiya neqativ məqsədlərlə yayılıbsa və yanlış kontentə malikdirsə, belə informasiya dağıdıcı hərəkətlərin başlanğıcına çevrilə bilər. Ona görə də media savadlılığı cəmiyyətin bütünlüklə normal və mütərəqqi tələbatlarından biridir. Yetər ki, media savadlılığının hansı hədəflərə yönəldiyi düzgün başa düşülsün”.
A.Quliyev bu işdə savadlı media nümayəndələrinin rolunu danılmaz sayıb. Bildirib ki, savadlı media nümayəndələri media savadlılığı prinsiplərinin daşıyıcıları olmaq baxımından mühüm funksiya yerinə yetirirlər. Media savadlılığını mütərəqqi proses kimi yeni hədəflərə çatdırmaq gücündədirlər”.