Məktəb direktoruna cinayət işi açıldı - RƏSMİ

15:38 20.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəzi kütləvi informasiya vasitələrində Abşeron rayonu Mehdiabad qəsəbəsi 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərovanın vətəndaşı işə düzəltmək adı ilə rüşvət alması ilə bağlı məlumatlar dərc olunub.

Abşeron rayon Prokurorluğundan hafta.az-a verilən məlumata görə, aparılmış ilkin yoxlama zamanı müəyyən edilib ki, 5 nömrəli tam orta məktəbin direktoru Samirə Əkbərova etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vətəndaşdan qızını Bakı şəhəri ərazisində yerləşən məktəblərin birində ixtisası üzrə işlə təmin edəcəyini vəd etməklə 7 min manat məbləğində pul vəsaitini almaqla dələduzluq edib.

 Qeyd edilən fakt üzrə Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə zəruri istintaq hərəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi təmin ediləcək.