Məktəbəqədər təhsildə yeni mərhələ

17:50 06.07.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Məktəbəqədər təhsil müəssisələri uşaqların saxlanc yeri deyil. Bu fikri elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib. Nazir qeyd edib ki, məktəbəqədər müəssisələrdə verilən təhsil yüksək səviyyədə olmalıdır: “Anlamalıyıq ki, məktəbəqədər təhsil müəssisələri uşaqların təhlükəsiz şəraitdə yeyib, yatdığı yer olmamalıdır. Burada təhsil də olmalıdır. Bu sahəyə ayrılan diqqətin və investisiyanən qoyuluşu müxtəlif aspektlərdə özünü göstərir”.

Mövzu ilə bağlı təhsil eksperti Nadir İsrafilov deyib ki, məktəbəqədər təhsilin təməl pilləsi sayılsa da, uşaqların kiçik yaşlardan yüklənməsinin tərəfdarı deyil: ““Bağça təhsili” adlandırdığımız “məktəbəqədər təhsil” bir vaxtlar “məktəbəqədər tərbiyə” adlanırdı. Məktəbəqədər tərbiyə müəssisələri uşaqların yaş və psixoloji xüsusiyyətlərinə uyğun təlim prosesinin təşkili, onların sağlamlığının mühafizəsi, ilkin təhsilə hazırlanması üçün dövlət orqanları, valideynlər və ictimaiyət qarşısında məsuliyyət daşıyırdı. Yəni bu müəssisələrdə əsas diqqət daha çox təhsilə yox, tərbiyə alan uşaqların maraq qabiliyyəti və istedadlarının inkişafı üçün lazımi şəraiti yaratmağa yönəlmişdi. Təbii ki, məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Dünya təcrübəsi nəzərə alınaraq, təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacib sayıldı. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafının dövlət siyasətində əhəmiyyəti nəzərə alınaraq, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurikulumların hazırlanması nəzərdə tutuldu. Məktəbəqədər təhsil vasitəsilə uşaqların erkən yaş dövrlərində əqli, fiziki, yaradıcı potensialının və mədəni səviyyəsinin inkişafı, psixoloji dayanıqlılığı, estetik tərbiyəsi, sadə əmək vərdişlərinə yiyələnməsi, ətraf aləmə, şəxsi sağlamlığın qorunmasına həssas və şüurlu münasibəti, zəruri həyati bacarıqlara yiyələnməsi və şəxsiyyətinin formalaşdırılmasının əsası qoyulur. Biz uşaqları hərtərəfli yetişdirməyə çalışmalıyıq. Onların kiçik yaşlarından yükləməklə effektif nəticə əldə edə bilmərik”.

Mövzu ilə bağlı təhsil ekperti Kamran Əsədov bildirib ki, hazırda1693 uşaq bağçası və körpələr evində 114 minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib: "Bu, ümumi uşaqların yalnız 30 faizə qədəridir. Qeyd edim ki, 2016-cı ildə qəbul edilmiş "Məktəbəqədər təhsil haqqında" qanunun tələblərinə əsasən, uşaq bağçaları və körpələr evində daha çox bu sahə üzrə ali və orta ixtisas təhsilli şəxslər çalışa bilərlər. Bu o demək deyil ki, kollec məzunları orada işləyə bilməz. Qanunvericilikdə bununla bağlı hər hansı bir məhdudiyyət nəzərdə tutulmur. Yəni kollec məzunları da işləyə bilər. Sadəcə olaraq bu sahəni biz artıq təhsilin ciddi bir pilləsi olaraq qəbul etməliyik. Bu gün Azərbaycanda uşaq bağçaları, körpələr evi çox təəssüflər olsun ki, daha çox dayə xidmətini yerinə yetirən bir müəssisə fonundadır. Əslində məktəbəqədər təhsil, yəni uşaq bağçaları təhsilin bir pilləsidir və burada şagirdlərə oxuma, yazma, anlama və dinləmə kimi kompetensiyalar formalaşdırılmalıdır və biliklər verilməlidir. Amma bu gün orta məktəblərdən fərqli olaraq, məktəbəqədər təhsil müəssisələrində, yəni uşaq bağçaları və körpələr evində çalışan 18000 şəxsin 6 minindən çoxunun ümumiyyətlə təhsili yoxdur. Yaxud da ki, 60 faizə qədər çalışanlar qeyri sahədən gələnlərdir. Məhz burada uşaqların təməli zəif qoyulur. Bilirik ki, uşaqlar məktəbəqədər təhsildən birinci sinfə gələndə müəyyən qədər fiziki, psixoloji və zehni problem yaşayır. Məsələn, Finlandiyada, Cənubi Koreya və Sinqapurda məktəbəqədər təhsil müəssisələrində ali təhsilli müəllimlər çalışır. Bu o demək deyil ki, hazırda kollecdə oxuyanlar gələcəkdə işləyə bilməz. Yaxud da kimsə indi bağçalarda işləyir və kollec məzunudursa, o işdən azad olunacaq. Proses belə deyil, onlar da işləyəcəklər. Bundan sonrakı prosesdə, yeni mərhələdə daha çox üstünlük ali təhsillilərə veriləcək".