Mənəvi təzminat qanunla tənzimlənirmi?

15:34 05.08.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda mənəvi təzminatın ödənilməsi ilə bağlı məhkəmə qərarlarının hansı qanuni bazaya söykənərək tətbiqi, həll edilməsi ilə bağlı məsələlər birmənalı deyil. Qanunla mənəvi təzminatın istənilməsi haqqı zərərçəkənin - iddiaçının öz öhdəsinə verilir, digər bir tərəfdən  sarsıntının ölçülməsi hakimin subyektiv ədalətinə buraxılır. Qanunla hansı halların mənəvi zərərə daxil edilməsi, yaxud hansı sarsıntılara görə nə qədər təzminatın tələb olunması göstərilmir. Ona görə də narazılıqlar var ki, mənəvi təzminatin həcmi azdır, yaxud “Allahın ümidi”nə buraxılıb. Əgər belə tələb və narazılıq varsa, o zaman qanun mənəvi zərərin təyini, ödənilməsi ilə bağlı nə təklif edir, hansı zərərə görə təzminat maksimum nə qədər nəzərdə tutulmalıdır. Mənəvi təzminat və onun ödənilməsi ilə bağlı qanunvericilik nə deyir və hansı dəyisikliklərə ehtiyac var.

Bu istiqamətdə “Həftə içi”nə açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, Azərbaycan qanunvericiliyində “təzminat”  yox, “kompensasiya” ifadəsi var. Mülki Məcəllənin 21-22-ci maddəsində göstərilir ki, vətəndaş məhkəməyə müraciət edib məhkəmə qaydasında kompensasiya tələb edə bilər.

Deputat eyni zamanda bildirib ki, şərəf və ləyaqətin ləkələnməsinə görə nə qədər təzminatın ödənilməsini hüquq tənzimləyə bilmir.  Sarsıntını heç bir qanun ölçə bilmədiyi üçün qanunvericilik mənəvi təzminatı tənzimləyə bilməz. Bu məsələ hüquqi istiqamət olsa da, hüquqla tənzimlənən məsələ deyil.

Deputat, eyni zamanda, mənəvi təzminat tələbi, məhkəmələrdə təzminatın ödənilməsi ilə bağlı qərarlarına dair mətbuatda kifayət qədər faktların olduğunu deyib. O, Türkiyə təcrübəsində mənəvi zərərə görə hətta 1 lirə mənəvi təzminat tələbinin qoyulmasını da təsadüfən qeyd etməyib.  

“Qanun təzminatın məbləğini məhkəmə qaydasında təyin eləməyin ümumi əsaslarını müəyyən edib. İddiaçı  məhkəməyə ona vurulan mənəvi ziyanın ölçüsünün dərəcəsini sübut eləməlidir.

Kimsə hansı əməli ilə başqasını mənəvi sarsıntıya məruz qoyursa,  gedib bu barədə iddia qaldırıb təzminat istəyə bilər. Hakim də şəxsin iddiası əsasında ağlabtan təzminat tələb etmək hüququna malikdir”. 

Bir çox ekspertlər hesab edir ki, burada məhkəmə və iddiaçı, qarşı tərəfin hansı sübutları məhkəməyə təqdim edib onu nə dərəcədə inandıra bilməsi, yaxud hakimin tərəflərə qarşı subyektiv olaraq nə dərəcədə ədalətli ola biləcəyi şübhəli ehtimalları ortaya çıxarmaqla, burda boşluqların mövcudluğunu ortaya çıxarır.

Deputat isə burada hər hansı bir boşluğun olmadığını bildirib.

“Burada hər hansı boşluqdan söz gedə bilməz. Məhkəmə qanuna deyil, şəxsin özünün iddiasına əsaslanaraq cərimə təyin edəcək. Məhkəmə ağlabatanlıq prinsipi əsasında hərəkət edir. Ona görə də burda bir boşluq yoxdur. Dünyanın elə bir ölkəsi yoxdur ki, mənəvi təzminat üçün qanunla məbləğ təyin etsin. Qanun bizə deyir ki, hakim qanunlara, daxili inama əsaslanır”.

Hüquqşünas Qulamhüseyn Əlibəyli məsələ ilə bağlı açıqlamasında mənəvi təzminatla bağlı qanunda dəyişikliklərin olmasını və qanunla bir çox məsələlərin nizamlanmasına ehtiyac duyulduğunu bildirib.

Onun sözlərinə görə, Azərbaycanda mənəvi zərərə görə konpensasiyanın ödənilməsi qaydası və şərtləri Mülki qanunvericiliklə tənzimlənir.  Mülki Məcəllədə “mülki hüquqi dəlillərdən irəli gələn məsuliyyət məsələsinə” həsr olunmuş ayrıca bir fəsil var. Orada həm maddi, həm də mənəvi zərərin ödənilməsi məsələləri öz əksini tapıb. 

Hüquqşünas qeyd edib ki, qüvvədə olan qanunvericilikdə mənəvi zərərin nə minimum, nə də maksimum həcmi müyyən olunmayıb. Lakin Ali Məhkəmənin plenimunun bir qərarı var və orada məhkəmələrə tövsiyə edir ki, mənəvi zərərin miqdarını müəyyənləşdirərkən, birinci növbədə şəxs öz iddiasında mənəvi zərərin miqdarını göstərməlidir. 

“Amma iddiada göstərilən miqdar məhkəmə üçün məcburi deyil.  Məhkəmə özü konkret işin hallarından asılı olaraq mənəvi zərərin miqdarını müəyyən edə bilər. Bu zaman qeyri-qanuni hərəkət zamanı şəxsə vurulmuş  mənəvi iztirabların, sarsıntıların və digər halların çoxluğu, azlığı, dərəcəsi nəzərə alınır və məhkəmə bu məsələ ilə bağlı qərar qəbul edir. Yəni bu, konkret iş üzrə işin hallarından asılı olaraq şəxsin keçirtdiyi mənəvi iztirabların məhkəmə tərəfindən qiymətləndirilməsidir. Bu qiymətləndirmə hər bir hakim tərəfindən subyektiv aparılır və hər bir hakimin meyarları qanunla, məhkəmə təcrübəsi ilə dəqiq müəyyən olunmayıb”.

Ona görə Q.Əlibəyli mənəvi zərərin maksimum nə qədər olması ilə bağlı elə bir məlumatın olmadığını deyib.

Q.Əlibəyli hesab edir ki, mənəvi zərərin ödənilməsi Mülki Məcəllədə dəqiqləşdirilməlidir. Mənəvi təzminatın hansı hallarda, necə  ödənilməsi şərtləri müəyyən edilməlidir.

“Düzdür, Ali Məhkəmənin qərarında bunlar var. Amma sarsıntı, iztirabın nə olduğu, onun cəriməsinin nə qədər olduğu qanunda şərtlər daxilində göstərilsəydi, daha yaxşı olardı”.