Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə keçirilən Mərkəzi Asiya - Körfəz Əməkdaşlıq Şurasının Sammiti beynəlxalq əməkdaşlıq prizmasından yanaşıldıqda təbii proses olsa da, bir çoxları bunu fərqli aspektdən izah etməyə çalışır. Amma hər halda, iki böyük təbii zənginliklərə sahib bölgə arasında əlaqələrin sıxlaşması mütləq mənada dünyamızın daha sabit və təhlükəsiz olmasına yardım edəcək. Bu yaxınlaşma həm də türk dünyası ilə ərəb coğrafiyası arasında mövcud olan qədim münasibətləri daha da möhkəmləndirəcək.
Mərkəzi Asiyanın beş ölkəsi - Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Qazaxıstan artan marağın, regional və beynəlxalq rəqabətin mərkəzinə çevrilir. Bu, onların yerləşdiyi regionun geostrateji əhəmiyyəti və bu ölkələrin malik olduğu təbii sərvətlərlə bağlıdır. Məhz malik olduqları bu sərvətlər onları böyük inkişaf sıçrayışları üçün əlverişli edir.
İngilis coğrafiyaşünas Halford Con Makkinderin fikrincə, Mərkəzi Asiya dünya okeanına çıxışı olmayan qapalı region olsa da, bütün hallarda “dünyanın ürəyidir”. Makkinder “Dünyanın ürəyinə nəzarət edən dünyanı idarə edir” deyərək Mərkəzi Asiyanın geostrateji əhəmiyyətini vurğulayıb.
ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Zbiqnev Bjezinski “The Grand Chessboard” kitabında yazırdı ki, “Avrasiya qlobal hökmranlıq uğrunda mübarizənin davam etdiyi şahmat taxtasıdır”.
Körfəz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Əbdüləziz bin Sakr da deyir ki, Körfəz ölkələrinin Mərkəzi Asiyaya marağının orada davam edən regional və beynəlxalq rəqabətə reaksiya kimi deyil, daha çox, güclü siyasət tələb edən real və strateji mülahizələrin nəticəsidir. Sakr, “Səudiyyə Ərəbistanı Körfəz Əməkdaşlıq Şurasının üzvləri ilə ümumilikdə ərəb dünyası və Mərkəzi Asiya arasında güclü əlaqələr və strateji tərəfdaşlıq tələb edir. Bizim Orta Asiya respublikaları ilə qədim tarixi əlaqələrimiz var ki, bu əlaqələr İslamın yayıldığı ilk vaxtlardan və Ərəbistan yarımadasına əks-miqrasiyaların başlanmasından bəri bölgələrdəki tayfa və qruplar arasında mədəni yaxınlaşma nəticəsində yaranıb” deyib.

Sakr həmçinin bildirib ki, bu bölgə hicri birinci əsrdən İslam elmlərinin yayılmasında böyük rol oynamış fiqh, təfsir, hədis və dini elmlərin ən məşhur mütəxəssislərini yetişdirib. Bu yolla intellektual və mədəni kimliyə aparan ortaq əlaqələr qurulub. Əslində bu əlaqələr İslam inancının əsasını təşkil edib.
Dr. Əbdüləziz bin Sakr bəyan edib ki, Körfəz və ümumilikdə ərəb ölkələri ərəb varlığının yoxluğunu və ya zəifliyini doldurmaq üçün Mərkəzi Asiyanı başqalarının nüfuz dairəsinə buraxmamalı və bölgə ilə iqtisadi və mədəni tərəfdaşlıqları aktivləşdirməlidir.
Qahirə Universitetinin İqtisadiyyat və Siyasi Elmlər Fakültəsinin Beynəlxalq Əlaqələr kafedrasının dosenti Nurhan Şeyx vurğulayıb ki, Qazaxıstan və Türkmənistanın təxminən yarısını təşkil edən Xəzər dənizi Ərəb körfəzi regionundan sonra dünyada ikinci ən böyük neft ehtiyatına malikdir.
Dr. Nurhan Şeyx Körfəz Araşdırmaları Mərkəzində dərc olunan məqaləsində bu ifadələrdən istifadə edib: "Bu, region üzərində beynəlxalq və regional rəqabəti izah edir. Moskva bir tərəfdən Mərkəzi Asiya regionunu Rusiyanın təbii təsir dairəsi kimi görür. Prezident Vladimir Putin 2000-ci ildə hakimiyyətə gəldikdən sonra Rusiya bölgəyə yenidən qayıdıb və ancaq bu respublikaların siyasi müstəqilliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşaraq yaxın münasibətlərin saxlanmasına diqqət yetirib”.
Dr. Nurhan Şeyx ABŞ və regional müttəfiqləri, xüsusilə Türkiyə və İsrail arasında gərgin rəqabətə baxmayaraq, Rusiyanın bu ölkələrlə qarşılıqlı maraq və sıx əlaqələr çərçivəsində təsirinin hələ də güclü olaraq qaldığını deyib.

Şeyx, “Körfəz hərəkatının Mərkəzi Asiya regionunda ən mühüm prioriteti enerji sahəsində əməkdaşlıq və koordinasiya olmalıdır. İki regionun iqtisadi əsaslarının oxşarlığına görə, Körfəz ölkələri qlobal enerji bazarında rəqibləri deyil, Mərkəzi Asiyanın neft və qaz hasil edən ölkələrini öz müttəfiqləri kimi görməlidirlər”, -o deyib.
Əvvəllər Kral Hüseyn bin Talal və Kral Əbdüləziz universitetlərində siyasi elmlər professoru olan Əhməd əl-Bursan bəyan edib ki, Körfəz Əməkdaşlıq Şurası ölkələri ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq regional konsensusa nail ola bilər. Bu da müsəlman respublikalarında “terrorizmə qarşı müqavimət və mötədillik” mövzusunda regional və daxili sabitliyi təmin etmək üçün tarazlığa gətirib çıxarır.
Bursan həmçinin, “Biz bu ölkələrin liderlərinin investisiya və ticarət əlaqələri ilə bağlı tez-tez səfərlərini görürük. Turizm və elmi missiyaların təşviqi siyasi və strateji əməkdaşlığı tamamlayacaq. Bu əməkdaşlıq həm də Səudiyyə Ərəbistanının Mərkəzi Asiya İslam xalqları arasında dini mövqeyi ilə möhkəmlənir” deyib.

Kral Əbdüləziz Universitetinin İqtisadiyyat müşaviri Dr. Məhəmməd əl-Bənna iqtisadi yanaşmanın Körfəz ölkələrinin Orta Asiya respublikaları ilə əməkdaşlıq strategiyasının ən mühüm elementi olduğunu bildirib. Bənna deyib ki, diqqət universitet təhsilinə və təhsilin bütün pillələrinin inkişafında əməkdaşlıq edərək birgə tədqiqat mərkəzlərinin inkişafına yönəldilməlidir. O, həmçinin ən son yenilikləri əsas götürməli və innovativ tədqiqatlar üçün lazımi maliyyəni təmin etməklə, universitetləri və tədqiqat mərkəzlərini biznes sektorları ilə əlaqələndirməklə, universitet ətrafında texnologiya yönümlü icmalar yaratmaqla onları bütövlükdə milli iqtisadiyyata inteqrasiya etməyi hədəfləməlidir.
Dr. Bənna təhsilin və elmi tədqiqatların inkişafına töhfə vermək məqsədilə elmi və texniki əməkdaşlıq üçün akademik tərəfdaşlıqların yaradılmasını təklif edib. Bildirib ki, bu tərəfdaşlıq təhsil, elmi tədqiqat, universitet və tədqiqat mərkəzlərinin ətraf regionlarda iqtisadi və sənaye fəaliyyəti ilə əlaqələndirilməsinə, bu layihələrin maliyyələşdirilməsi üçün vençur kapital institutlarının yaradılmasına kömək edəcək.