“Mərkəzi Asiya və Körfəz ölkələri bir-birinə uzunmüddətli tərəfdaşlar kimi güvənir” – Şavkat Mirziyoyev

12:50 20.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Səudiyyə Ərəbistanının Ciddə şəhərində ilk dəfə keçirilən "Mərkəzi Asiya-Körfəz Əməkdaşlıq Şurası" Sammitində çıxış edib.

Hafta.az-ın yazdığına görə, Mirziyoyev çıxışında qeyd edib ki, Mərkəzi Asiya və Körfəz regionu xalqları uzun müddətdir ki, bir-biri ilə ticarət əlaqələri, ortaq dəyərlər və ənənələr, ən əsası isə müqəddəs İslam dini ilə sıx bağlıdır. Dövlət başçısı bu əlaqələrin inkişafında tarixən böyük alimləri və üləmaların böyük rol oynadığını, həmin elm adamlarından ikisinin Orta Asiya torpaqlarında doğulduğunu, qədim Buxaranın “Kubbətül” adı ilə məşhurlaşdığını bildirib. Musa əl-Xarəzmi, Əhməd Fərqani, Əbu Reyhan Beruni və İbni Sina kimi böyük alimlərin ərəb dilində əvəzsiz elmi əsərlər yaratdığını vurğulayıb.

Mərkəzi Asiya və Körfəz regionunun bu gün dünyada müxtəlif təhlükələrə baxmayaraq sülh, sabitlik və inkişaf bölgələri olduğunu vurğulayan Mirziyoyev, “Qlobal sabitliyin təmin edilməsində və enerji təhlükəsizliyinə  verdiyi töhfələr baxımından böyük iqtisadi, təbii və intellektual resurslara malik körfəz ölkələrinin rolu müqayisəedilməzdir. Hazırda Mərkəzi Asiya və Körfəz ölkələri bir-birinə uzunmüddətli tərəfdaşlar kimi güvənir” deyib.

Özbəkistanın Körfəz dövlətləri ilə əlaqələrinin son illər yeni səviyyəyə qalxdığını, region ölkələrinin şirkət və banklarının iştirakı ilə həyata keçirilən birgə layihələr portfelinin 20 milyard dolları ötdüyünü ifadə edən Mirziyoyev bildirib ki, regionlar arasında konstruktiv əməkdaşlığın inkişafı üçün siyasi sahədə bir çox addımlar atılmalıdır. Bunlar müxtəlif formatlarda hərtərəfli əlaqələrin inkişaf etdirilməsi, yüksək texnologiyalar və investisiyalar sahəsində əməkdaşlığı gücləndirmək, ticarət və nəqliyyat sektorunda əlaqələri artırmaq, "Körfəz - Mərkəzi Asiya" birgə turizm istiqamətinə yatırımlar qoymaqla turizm sənayesində əməkdaşlığı dərinləşdirməkdir.

Özbəkistan prezidenti həmçinin bəyan edib ki, dünyada baş verən islamafobiya hallarına qarşı birgə mübarizə aparmalı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bu istiqamətdə əməli addımlar atılmalıdır.

Belə açıq və səmərəli görüşlərin davam etdirilməsi üçün növbəti sammitin 2025-ci ildə Özbəkistanda keçirilməsini təklif edən Mirziyoyev, “Bugünkü tarixi sammitimizin nəticələri, şübhəsiz ki, Körfəz və Mərkəzi Asiya regionları arasında çoxtərəfli münasibətləri yeni səviyyəyə qaldıracaq" deyib.

Siyasət rubrikasından digər xəbərlər