Moruq və qarağat kimi giləmeyvələri yuduqdan sonra üstünə şəkər tozu əlavə edib, ağzını kip bağlayıb, qışa saxlamaq olar
Meşə giləmeyvələri həm dadı, həm də faydalı xüsusiyyətləri ilə mövsümün ən sevilən qidaları arasındadır. Bu meyvələr kalsium, protein və maqnezium kimi minerallarla olduqca zəngindir. Çiyələk, moruq və böyürtkən ən çox istehlak olunan meşə giləmeyvələridir. Kompot və mürəbbənin də hazırlandığı bu meyvələrə təbii və qatqısız olduqları üçün xüsusi üstünlük verilir.
Mövsüm ilə əlaqədar, demək olar, hər gün səyyar satışda meşə giləmeyvələrinə rast gələ bilərik. İndi bu bitkilərin qiymətləri də olduqca münasibdir. Əsasən, 1 kiloqramı 2 manatdan başlayaraq alıcılara təqdim edilir.
Bəs görəsən, meşə giləmeyvələrini daha faydalı və ləzzətli hala gətirməyin hansı üsulları var? Bu faydalı məhsulları qışa nə cür tədarük etmək mümkündür?
Məsələ ilə bağlı hafta.az-a danışan qida texnoloqu Ağa Salamov giləmeyvələrin bilmədiyimiz faydalarından söz açdı. O bildirdi ki, bu məhsullar, əsasən, qırmızı və bənövşəyi rənglərin tonlarında olduğundan, özlərində “gənclik sirləri”ni saxlayır:
“Bu rəng piqmentləri "gənclik sirləri"nin xəbərvericisidir. Tərkiblərindəki antosyanin maddəsi insanı gənc saxlayır. Yaponiyanın Okinava adasında insanlar 100-120 il yaşayırlar. Adətən, bu uzunömürlülüyü dəniz sahillərində yaşayıb, dəniz məhsulları ilə qidalanmaqla əlaqələndirirlər. Alimlər isə hesab edir ki, "şirin kartof" bu insanlara uzunömürlü olmağa yardımçı olur. Qarağat, moruq, quşüzümü də belə maddələrlə zəngin giləmeyvələrdəndir”.
Ekspert meyvələri kip qabda, üzərinə şəkər əlavə edərək, bişirmədən qışa saxlamağı daha məqsədəuyğun hesab edir:
“Moruq və qarağat kimi giləmeyvələri yuduqdan sonra üstünə şəkər tozu əlavə edib, ağzını kip bağlayıb, qışa saxlamaq olar. Qışa saxlamağın ən yaxşı üsulu meyvəni bişirməməkdir. Bişmiş qida özünün vitamin və minerallarını itirə bilir”.
A.Salamov həmin məhsullardan mürəbbədən əlavə cem düzəltməyin də faydalı olduğunu vurğuladı. Cem qış aylarında soyuqdəymənin ən unikal dərmanı hesab olunur. Onun başlıca işi immun sistemini gücləndirməkdən ibarətdir. Həmçinin mütəxəssis qışa tədarük zamanı məhsullara şəkər tozu əvəzinə bal qarışdırmağı tövsiyə edir:
“Bilirik ki, şəkər tozu boş karbohidratdır. Tam sağlam qidalanmaq istəyən şəxslər giləmeyvələri qışa tədarük edən zaman şəkər tozu əvəzinə "cökə balı" ilə qarışdıra bilərlər. Bu zaman balın qatılığını azaltmaq üçün 100 qram bala 20-30 qram su əlavə etmək olar. İndi adam var deyəcək ki, "Durub sağlam qidalanma haqqında danışır. Deyir, şəkər tozu yerinə bal qat”. Təbii ki, bal qatmaq şərt deyil. Tamamilə qatqısız və şəkər qamışından əldə olunan şəkərdən də istifadə məqsədəuyğun olardı. Məqsəd faydalı meyvələri daha da şəfalı hala gətirməkdən ibarətdir.