Çində turistlərin tez-tez ziyarət etdiyi Yuntai şəlaləsindəki suyun əraziyə çəkilən borulardan gəldiyi aydın olub.
Hafta.az-ın CNN-ə istinadən yazdığına görə, ölkənin şimalındakı Henan əyalətindəki Yuntai dağında yaradılan təbiət parkındakı şəlalə sosial mediada müzakirələrə səbəb olub. Müxtəlif platformalarda yayımlanan görüntülərdə 314 metr yüksəklikdəki şəlalənin suyunun əraziyə qoyulan borulardan gəldiyi diqqətə çatdırılıb.
Yuntai Təbiət Parkının saytında "axan Süd Yolu kimi" kimi təsvir edilən şəlalə Çin Mədəniyyət və Turizm Nazirliyinin AAAAA reytinqinə malikdir. Bu, nazirliyin istənilən turizm sahəsi üçün verdiyi ən yüksək təsnifatdır.
Bir Twitter istifadəçisi “Ola bilər, amma axı borular Çin istehsalıdır” yazsa da, digəri “Yəni bu, təbii şəlalə deyil, oradan santexnika suyu gələn duşdur?” deyib.
Digər tərəfdən, təbiət parkının rəhbərliyi quraq mövsümlərdə şəlalədən gələn su axınının kəsilməməsi üçün borularla daşınan su ilə dəstək verildiyini açıqlayıb.
Park rəsmiləri, "Mövsümi dəyişikliklərə görə şəlalə ən yaxşı şəkildə görünməyə bilər. Ona görə də quraq mövsümlərdə kiçik bir təkmilləşdirmə etdik" deyib.
Səlahiyyətlilər şəlaləyə göstərilən marağa görə təşəkkür ediblər və bildirdilər ki, Yuntai bu yay "qonaqları ən mükəmməl və təbii formada qarşılayacaq".
Park rəhbərliyinin bəyanatını dəstəkləyənlər də olub. Çində geniş istifadə edilən sosial media platforması Weibo-da bir nəfər "Axı insanlar şəlalənin mənbəyini görməyə gəlmirlər. Bu, ictimaiyyətə yalan danışmaq sayılmır" şərhini yazıb.
Başqa bir Weibo istifadəçisi yazıb: “Siz orada quyruğunu göstərən tovuz quşunu görmək üçün varsınız, tovuz quşunun ombasına diqqət etmək üçün yox”.