Məşhurlardan cəbhəyə dəstək - SORĞU

13:22 09.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabr ayının 27-si səhər saat 06:00 radələrindən başlayaraq ermənilər bütün cəbhəyanı ərazilərimizi atəşə tutur. Elə həmin gündən ordumuz uğurlu əks-hücum əməliyyatları ilə düşmənə lazımi şəkildə cavab verir, itirilmiş tarixi Azərbaycan torpaqlarını azad edir. Azərbaycan xalqı isə bu günlər ərzində dəfələrlə sübut etdi ki, ordumuzun arxasına daha böyük ordu-xalq dayanıb. Elə dünyanın dörd bir yanından da ölkəmizə bu haqlı davasında dəstəklər gəldi.

Bəs görəsən Azərbaycanın tanınmış simaları, sənət adamları əsgərimizə, xalqımıza nə cür dəstək göstərir? Bu dəstək sosial şəbəkələrdə olduğu kimi, real həyatda da varmı? Yaranmış suallara cavab tapmaq üçün, hafta.az-ın əməkdaşı ölkənin bir sıra məşhur ifaçıları ilə söhbət apardı.

İlk müsahibimiz tanınmış muğənni Roza Zərgərli oldu. O söylədi ki, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün, Türk və Rus şou biznesinin nümayəndələri ilə həmsöhbət olub, onlar da ölkəmizə bu haqlı yolda, öz dəstəklərini göstərib. Bundan əlavə ifaçı cəbhədə şiddətli döyüşlər başladığı gündən bəri, həmin ərazidə yaşayan əhaliyə müxtəlif yardımlar edib:

“Düzdür Azərbaycan Respublikasının Silahlı Qüvvələrin yardım fonduna vəsait köçürtməmişəm, lakin, müharibə başlayan gündən bir çox, cəbhə bölgələrində olmuşam. Ehtiyacı olan insanlara isə elə yerindəcə yardım etmişəm. Bununla bağlı sosial şəbəkələrdə paylaşım etmirəm. Mən Müdafiə Nazirliyində hərbi solist kimi uzun müddət çalışmışam və bilirəm ki, belə vəziyyətlərdə, şəkil paylaşmaq, yer bildirmək kimi şeylər etmək olmaz”.

Mən Müdafiə Nazirliyində hərbi solist kimi uzun müddət çalışmışam və bilirəm ki, belə vəziyyətlərdə, şəkil paylaşmaq, yer bildirmək kimi şeylər etmək olmaz

Növbəti müsahibimiz isə, məşhur muğam ifaçısı, əməkdar artist Nuriyə Hüseynova oldu. O dedi ki, biz öz haqq davamızı edirik, Azərbaycan xalqının heç kəsin torpağında gözü yoxdur:

“30 ildir insanlar öz doğma yurdundan didərgin düşüb, “qaçqın”, “məcburi köçkün” statusunu daşıyır. Biz bu yolda neçə-neçə şəhid vermişik. Azərbaycan bu gün bir millət olaraq öz kimliyini ortaya qoyub. Həm dövlətimizdə, həm də millətimizdə böyük ruh yüksəkliyi var. Biz bunu küçədə, televizorda, hər yerdə müşahidə edirik. Bütün dünya bilir ki, Azərbaycan xalqı öz  torpaqlarını istəyir, bizim heç kimin, heç nəyində gözümüz yoxdur”.

İfaçı bildirdi ki, hazırda cəbhə xəttində döyüşən bütün əsgərlər onun övladlarıdır. O hər bir əsgərin, evinə, zəfərlə qayıdacağı gün üçün dua edir:

“Mənim oğlum hərbi həkimdir. Kürəkənim və bacımın övladları orduda xidmət edir. Bütün əsgərlərimiz mənim canım-ciyərimdir. Onların torpaqlarımızı azad edib, sağ salamat evlərinə dönməyi üçün hər gün dua edirəm”.

Sənətçi söylədi ki, torpaqlarımız işğaldan azad olduqdan sonra orada, əsgərlərimiz üçün konsert vemək azusundadır:

“Mən dəfələrlə cəbhə bölgəsində olan konsertlərə, tədbirlərə sevə-sevə qatılmışam. Əsgərlərimizin önündə böyük məmnuniyyətlə çıxış etmişəm. Hətta, biz, Tovuz rayonunun ermənistanla sərhəd ərazidə, konsert vermişik. Hər zaman da buna hazırıq. Lakin düşünürəm ki, indi konsert vemək vaxtı deyil. Biz onsuzda 30 il idi ki, yeyib, içib, gəzib, əylənib, istirahət edirdik. Amma hazırda, haqqımız olanı tələb edirik.  Mən illədir bu günü gözləyirdim. İnanıram azərbaycan xalqı öz tarixi torpaqlarına qovuşacaq”.

Biz onsuzda 30 il idi ki, yeyib, içib, gəzib, əylənib, istirahət edirdik. Amma hazırda, haqqımız olanı tələb edirik

Əməkdar artist onu da qeyd etdi ki, hazırda əlindən gəldiyi qədər orduya, əsgərlərimizə öz dəstəyini göstərir:

“Mən bir neçə dövlət müəsisəsində işləyirəm. Onların hamısında biz maaşımızın bir hissəsini yardım fondlarına köçürürük. Az əvvəl də dediyim kimi, oğlum hospitalda işləyir. Mən həm ona, həm də oradakı bütün əsgərlərə əlimdən gəldiyi qədər yemək, içmək, bazarlıq edirəm. Çalışıram ki onların zəhmətində, şücaətində mənim də bir qatqım olsun”.

Digər müsahibimiz Aşıq Əli də, əsgərlərimizə öz dəstəyini göstərən məşhurlar sırasındadır. Aşıq dedi ki, biz millət olaraq hər zaman sülhün tərəfdarı olmuşuq. Lakin bu gün torpaqlarımızı işğaldan azad etməyin başqa yolu yoxdursa deməli biz mühaibə etməliyik:

“Biz hər zaman sülh istəmişik, lakin düşmən öz terrorçu təxibatçı əməllərindən əl çəkmədi. Mən vətən uğrunda şəhid olan bütün qardaşlarımıza allahdan rəhmət, ailələrinə və bütün xalqımıza səbr diləyirəm”.

İfaçı söylədi ki, bir neçə dəfə cəbhə bölgəsi üçün edilən müxtəlif yardım kompaniyalarına qoşulub, hətta burada əsgərlərlə görüşməyə də təşəbbüs göstərib:

“Mən Rusiyada, Türkiyədə yaşayan dostlarıma müraciətlər etmişəm. Onların da, həm maddi, həm də mənəvi dəstəkləri olub. Yaxın zamanlada isə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrin yardım fonduna vəsait köçürəcəyəm”.

Xalq artistimiz, xanəndə Mənsum İbrahimov da, çətin lakin bir o qədər də şərəfli yolda əsgərlərimizin yanında olan məşhurlarımızdandır. Elə xalqımız kimi o da, illərdir ki, bu günləri gözləyirmiş:

“Mən 27 il idi ki, torpaqlarımızı azad edəcəyimiz günü gözləyirdim.  Nəhayət 27 sentyabr Ali Baş Komandanımız bu əmri verdi. Xalqımızda ruh yüksəkliyi var və hər bir fərd özünü əsgər kimi hiss edir. Çünki bizim işimiz haqq işidir. Bizim heç kəsin torpağında gözümüz yoxdur. İllərdir ki bütün dünya bu işğala göz yumur. Hər dəfə danışıqlar prosesi getsə də, nəticə  yox idi. Ermənilər vaxt uzadırdılar ki biz onlarla razılaşaq. Bu gün səbri tükənmiş dövlət, xalq öz tarixi torpaqları uğrunda mübarizə aparır. İnanıram ki, Şuşada 3 rəngli bayrağımız dalğalanacağı gün elə də uzaqda deyil. Mən həmin günü səbrsizliklə gözləyirəm”.

İnanıram ki, Şuşada 3 rəngli bayrağımız dalğalanacağı gün elə də uzaqda deyil. Mən həmin günü səbrsizliklə gözləyirəm

M.İbrahimov döyüşlər başladığı gündən 3 gün sonra, Ağdama, cəbhə xəttinə yollanıb, sözün əsil mənasında əsgərlərimizin yanında olub:

“Əks-hücum əməliyyatları başladıqdan 3 gün sonra yetirməm olan əməkdar artist Təyyar Bayramov ilə birlikdə cəbhə bölgəsinə yollandıq. Əsgərlərimizə payımızı  birbaşa Ağdama apardıq. Mülki əhali ilə birlikdə olduq, şəhid dəfnində iştirak etdik. Hətta bir saat atəş altında belə qaldıq. Düşmən orada dinc əhalini mütəmadi olaraq atəşə tutur. Burada mən insanların yüksək əhval ruhiyyəsini müşahidə etdim. Düşməndən fərqli olaraq, evi dağılan bir nəfər belə, oranı tərk etmir. Çünki, əhali Azərbaycan əsgərinə və Ali Baş Komandanına güvənir. Biz əminik ki qələbə bizimdir”

Apardığımız söhbətdən belə məlum oldu ki, bu ölkənin hər bir fərdi qələbəyə inanır, bunun üçün əlindən gələn dəstəyi də, göstərir. Elə bizdə dövlətimizə, ordumuza və xalqımıza güvənərək qətiyyətlə söyləyirik ki, qələbə bizimdir!

Banu Hüseynli

Oxunma sayı 2195
Mədəniyyət rubrikasından digər xəbərlər