Mətbuatın 2020-ci il sınağı - SORĞU

14:59 24.12.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Təzadlarla dolu 2020-ci il. Yola salmaqda olduğumuz bu ildə yaşananlar yəqin ki, uzun illər hafizələrdən silinməyəcək. Maraqlıdır, 2020-ci il Azərbaycan mətbuatı üçün nə ilə yadda qaldı? Həm gözəgörünən, həm də gözəgörünməz düşmənlə aparılan mübarizə sınağından Azərbaycan mətbuatı necə çıxdı? Bu suallar ətrafında media mənsublarından öyrəndiyimiz fikirləri oxucularımıza təqdim edirik.

Sevinc Seyidova, "Həftə içi" qəzetinin baş redaktoru:

- 2020-ci il mediamızın fəaliyyətində, əsasən, üç hadisə ilə yadda qaldı. 44 günlük Vətən Müharibəsi, Milli Mətbuatımızın 145 illik yubileyi və ilboyu davam edən koronavirus pandemiyasına qarşı mübarizə.

Pandemiyanın ilk ayları daha çox çap mediasına özünün mənfi təsirini göstərdi. Karantin rejiminin tətbiqi nəticəsində qəzetlərin satışında kəskin azalma müşahidə olundu. Dövlətimiz bu dəfə də medianı çətin vəziyyətdə qoymadı və öz dəstəyini göstərdi.

Jurnalistlərin fəaliyyətinə gəldikdə isə, koronavirusa qarşı mübarizə istiqamətində mətbuat öz üzərinə düşən işin öhdəsindən layiqincə gəldi. İnsanların maarifləndirilməsi, koronavirusun yaratdığı təhdidlərlə bağlı vətəndaşlarımızın məlumatlandırılırması ən yüksək səviyyədə idi. Təəssüflər olsun ki, peşə borcunu yerinə yetirərkən virusa yoluxaraq həyatını itirən məsləkdaşlarımız da oldu.

Vətən Müharibəsində isə jurnalistlərimizin fəaliyyəti daha peşəkar idi. Ən qaynar nöqtələrdən baş verən hadisələr anbaan vətəndaşlarımızın diqqətinə çatdırılırdı. Yenə də həyatlarını risk altında qoyan həmkarlarımız həqiqətlərin dünya ictimaiyyyətinə çatdırılmasında da mühüm rol oynadılar.

Gələn ilin mətbuatımız üçün daha uğurlu olacağına inanıram. Qarşıya çıxacaq çətinlikləri də "Biz birlikdə güclüyük" şüarı ilə hamılıqla dəf edə biləcəyik.

Aydın Quliyev, "Bakı-Xəbər" qəzetinin baş redaktoru:

- 2020-ci ili ən azı iki hadisəyə görə əlamətdar hesab edirəm. Birincisi, Milli Mətbuatın 145 illiyi tamam oldu. Bu Milli Mətbuat üçün çox böyük bir inkişaf yoludur. İkincisi, hətta daha önəmlisi Azərbaycan mediası Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığımız Vətən Müharibəsində şərəfli qələbənin böyük bir hissəsini öz çiyinlərində daşıdı və bu qələbədə ölkə mətbuatının birbaşa, eləcə də dolayı payı var. Birbaşa rolu ondan ibarətdir ki, öz media funksiyasını yerinə yetirdi. Yəni, ölkəmizin haqq işini dünyaya çatdırmaq, bizim haqqımıza qarşı olan təcavüzləri zərərsizləşdirmək sahəsində öz peşə borcunu lazımı səviyyədə yerinə yetirdi. Dolayı payına gəlincə, bizim media mənsublarımız da Vətən Müharibəsində cəbhədə mübarizə apardılar. Hətta şəhid, qazi olanlarımız da var. Bu nöqteyi nəzərdə 2020-ci ili ən azı iki hadisəyə, fakta görə tariximizdə önəmli bir il sayıram”.

Şərq" qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı:

“Bu il ilk növbədə medianın inkişafı ilə bağlı fikirlərdə, düşüncələrdə, istiqamətlərdə müəyyən mənada dəyişikliklərin olmasını müşahidə etdik. Bu nə ilə bağlı idi? Bildiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun strukturu yenidən formalaşdı və rəhbər heyəti yenidən seçildi. Eyni zamanda, Prezident Administrasiyasında informasiya siyasətinə Hikmət Hacıyevin rəhbərlik etməsi ilə yeni yanaşmalar ortaya qoyuldu. Mətbuatda azad, müstəqil inkişaf meyilləri daha da artdı. Demək olar ki, indi biz çox çətin dönəmi yaşayırıq və bütün dünya koronavirus pandemiyasından əziyyət çəkir. Bu vəziyyət baxmayaq ki, internet resursları vasitəsilə ölkəni məlumatlandırmaq imkanımız var, müəyyən mənada jurnalistlərin də iş, peşə fəaliyyətində məhdudiyyətlər ortaya çıxarıb.

2020-ci ildə mətbuatımız, cəmiyyətimiz, dövlətimiz üçün ən əhəmiyyətlisi o oldu ki, sentyabrın 27-də Ermənistanın təxribatlarına qarşı Vətən savaşı başladı. Media da Vətən savaşının böyük bir iştirakçısına çevrildi və cəmiyyətdə milli birliyin, həmrəyliyin, ordu-xalq birliyinin, ordu-dövlət birliyinin yaranmasında mətbuatın kifayət qədər rolu var. Eyni zamanda, düşmənin informasiya savaşına qarşı Azərbaycan jurnalistləri çox qətiyyətlə, mətinlə döyüşdü. Yəni, 2020-ci ili həm də Azərbaycan mətbuatının bir informasiya səngəri savaşı kimi qiymətləndirə bilərik. Bütövlükdə KİV həm daxili, həm xarici auditoriya üçün düşmənin bizə qarşı başlatdığı anti-təbliğat elementlərinə qarşı müxtəlif dillərdə vahid bir mövqedən çıxış elədi və bu da onu göstərdi ki, Azərbaycanda həqiqətən peşəkar jurnalist ordusu formalaşıb. Bu Azərbaycan dövləti üçün əlamətdar bir hadisə idi. Nəticə etibarilə, 2020-ci ili yaşadığımız bütün çətinliklərə baxmayaq çox yüksək qiymətləndirirəm”.

“Novaya Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev:

“Bu il pandemiyanı nəzərə almasaq Azərbaycan üçün düşərli bir ildir. Zəfər Qələbəsi, Qarabağ torpaqlarının işğaldan azad olması bütün çətinlikləri arxa plana atdı. Biz həmişə arzulayırdıq ki, Azərbaycan mətbuatı Azərbaycan ordusunun qələbə xəbərlərini yaysın. 2020-ci ildə Azərbaycan mətbuatı Ali Baş Komandanımızın qələbə tvitlərini sevə-sevə, qürurla paylaşdı və artıq bizim Zəfər Günümuz var. Hesab edirəm ki,bu il nəinki mətbuatımız, bütün xalqımız üçün heç vaxt unudulmayacaq. Digər tərəfdən bu ilə həm də mətbuatımızın 145 illiyinə təsadüf etdi. Azərbaycan mətbuatının yubleyində bir sıra mətbu orqanların rəhbərləri, jurnalistlər Prezident tərəfindən təltif olundu. Bu da mətbuatın fəaliyyəti üçün verilən qiymət idi. Bundan əlavə, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yeni portal hazırladı və öz sahəsində yeni islahatlar həyata keçirməkdədir. Hesab edirəm ki, bu islahatlar mətbuat üçün çox düşərli olacaq. İndi cəmiyyətimizi əsas qayğılandıran  məsələ pandemiyadır. Gün o gün olsun ki, tezliklə cəmiyyətimizə Azərbaycanın koronavirus pandemiyasına qalib gəldiyinin xəbərini çatdıra bilək”.

Media məsələləri üzrə ekspert, professor Qulu Məhərrəmli Qulu Məhərrəmli:

“Hesab edirəm ki, 2020-ci ildə cəmiyyətimizlə bərabər Azərbaycan mediası da çətin sınaqlardan keçdi. Əslində 2020-ci ilə mətbuat özü çox yorğun, müəyyən problemlərlə gəlib çıxmışdı. Amma bu sınaq ilində məncə mətbuat cəmiyyətin yanında ola bildi. Məsələn, media pandemiyanın birinci dalğasında problemləri çox əhatəli, dərin, cəmiyyətin xeyrinə ciddi şəkildə işıqlandırdı. Məncə birinci dalğada zərərlərin az olması həm hökumətin müəyyən dərəcədə hazırlığı, həm də mətbuatın apardığı maarifçilik işi ilə bağlı idi.Təssüf ki, ikinci dalğa ilə bağlı bunu demək olmur. Çünki cəmiyyətin özündə də müəyyən dərəcədə arxayınçılıq yarandı. Eyni zamanda, media da bu məsələyə çox diqqət yetirə bilmədi. Vətən Müharibəsi ilə bağlı isə mətbuatı iki qatda qəbul eləmək olurdu. Həm yazılı mətbuat, saytlar, həm də ayrıca olaraq TV-lər. Əlbəttə, təbii üstünlüklərinə görə televiziya diqqəti daha çox cəlb edirdi. Amma onların da fəaliyyətini təhlil edəndə iki rakusdan yanaşmaq lazımdır. Belə ki, cəbhəyanı bölgələrin hadisələrini işıqlandırmaqda televiziya və onun əməkdaşları, repartiyorlar müəyyən iş gördülər. Lakin birbaşa cəbhə bölgəsindən verilən materiallarla bağlı müəyyən problemlər yaşandı. Bu da birinci növbədə döyüş meydanından materialların az yayımlanması ilə əlaqədar idi. Eyni zamanda, prosesləri işıqlandırarkən də birbaşa bağlantıların sayı çox deyil idi. Baxmayaraq ki, televiziya bütün dinamikası ilə işləməyə çalışırdı, amma Gəncə, Bərdə bombardmana məruz qalanda təəssüf etmək lazımdır ki, bizim TV-lər qardaş Türkiyənin televiziyalarından müəyyən dərəcədə geri qaldı. Lakin sonrakı hadisələrdə diqqət yetirdim ki, televiziyalar özünü düzəltməyə, auditoriyanın tələbatı ilə ayaqlaşmağa çalışır. Yazılı mediaya gəlincə, hesab edirəm ki, müharibəni çox yaxşı şəkildə işıqlandırdı və operativliyi bir yana qoyub daha çox analitik yazılar, müharibə qəhrəmanları, şəhidlərimiz, qazilərimizlə, əsgər, generallarımızla bağlı kifayət qədər materiallar verildi. Burda keyfiyyət fərqini də görmək mümkündür. Artıq əvvəlki bayağı yanaşma yoxdur, tam səmimi qəhrəmanları önə gətirmək, onların problemlərini işıqlandırmaqla cəmiyyətə çatdırmaq, onların özlərini tanıtmaq kimi bir missiya yürüdülür. Bu baxımdan hesab edirəm ki, medianın müsbət işi var və bunu heç cür danmaq olmaz. Təbii ki, 2021-ci ildən də gözləntilərimiz böyükdür. Qarşıdan gələn ildə bizi çox böyük işlər gözləyir. Birinci növbədə işğaldan azad olunmuş rayonlarda aparılacaq yenidənqurma işlərinin işıqlandırılmasıdır. Eyni zamanda, Qarabağın özündə gedən ziddiyyətli proseslərlə bağlı cəmiyyət daxilən hazır olmalıdır, çox yetkin, intellektual mövqe nümayiş etdirməlidir. Əlbəttə bu proseslərdə də mediadan umacaqlar çoxdur. Biz arzulayırıq ki, yerlərdən reportajların sayı artırılsın, ixtisaslaşmış jurnalistlər ortaya çıxsınlar, artıq yeni siyasi platformada keyfiyyətli materiallar yazan jurnalistlərə ehtiyacımız var. Bundan başqa, konflikt jurnalistikasının, repartyorluq məktəbinin inkişafı ilə bağlı ciddi problemlərimiz var. Ona görə həm cəmiyyət, həm də ona xidmət edən media bu məsələləri diqqət mərkəzində saxlamalıdır. İkinci bir böyük cəbhə Azərbaycanda dünya ilə uyğunlaşan, dünyaya inteqrasiya edən, dünyanın diqqətini cəlb edən, yeni cəmiyyət quruculuğudur. Bu prosesdə də medianın özünəməxsus rolu olmalıdır. Məncə, indiki şərait bizə imkan verir ki, Azərbaycanda media, o cümlədən müstəqil, azad media inkişaf  edib əsas yerini tuta bilsin. Bu çox önəmlidir. Çünki keçdiyimiz hadisələr göstərdi ki, azad media olmadan ümumiyyətlə, media haqqında danışmaq çətinləşir. Ona görə güman edirəm ki, media ilə bağlı bu kimi məsələlər dövlət siyasətində də diqqət mərkəzində olacaq”.

Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli:

“Ümumiyyətlə, bu il çətin il oldu, iki müharibə gördük. Biri pandemiya, digər müharibə isə Vətən Müharibəsi oldu. Şükür ki, Vətən Müharibəsindəki şanlı qələbəmiz əvvəl yaşadığımız ağrılı günləri unutdurdu. Mətbuatımız da hər iki cəbhədə vuruşdu. Birincisi pandemiyanın ilk dalğasında aparılan mübarizəyə toxunmaq istəyirəm. Hesab edirəm ki, mətbuat birinci dalğada maarifçilik missiyasını zəif apardı və həmin ərəfədə cəmiyyətə daha çox təlaş, qorxu yaradan materiallar təqdim olundu. Amma sonradan yavaş-yavaş vəziyyət düzəlməyə başladı və mətbuatımız birbaşa Prezidentimizin köməkçisinə çevrildi. Yəni, bu məsələdə ilk aylarda qüsurumuzun olması pandemiya ilə bağlı təcrübəsizliyimizlə əlaqədar idi. Amma Qarabağ məsələsini mətbuat heç vaxt unutmadı. Bizim mətbuatın ən böyük işi budur ki, Qarabağ məsələsi pandemiya şəraitində belə əsas mövzu kimi qaldı. Vətən Müharibəsi başlayanda da bizim jurnalistlər cəbhədə döyüşən döyüşçülərimizin yanında oldu. Mən qürur duydum ki, bizim televiziyaların, qəzetlərin əməkdaşları ön cəbhədə, ən təhlükəli yerlərdən materialları heç nədən çəkinmədən hazırladılar. Biz bilirik ki, hər bir mətbuat orqanının öz auditoriyası var və həmin auditoriyaya uyğun informasiya siyasəti mövcuddur. Amma Vətən Müharibəsi dövründə hər kəsin yeganə informasiya siyasəti vardı. Bu da Vətən, işğalda olan torpaqlarımızın azadlığı uğrunda mübarizə, ordumuzun yanında olmaq, Ali Baş Komandanın yanında olmaq, xalqımızın yanında olmaq və xalqımız birləşməsinə kömək etməkdən ibarət idi. Bu dövrdə xalqımızın yumruq kimi birləşməsində mətbuatın çox böyük rolu oldu. Müharibə dövründə düşmən bizə həm də feyk xəbərlərlə hücum edirdi. Bu hücumlar indi də var. Düşmənin saxta, feyk xəbərlərinə qarşı mətbuatımız çox ciddi mübarizə apardı. Biz indi postmüharibə dövrünü yaşasaq da mübarizəmiz davam edir. Mənim artıq mətbuatın bəzi nöqsanlarını səsləndirməyə  dilim gəlmir. Ona görə ki, bu mübarizədə mən çox arzusunda olduğum birləşmiş Azərbaycan jurnalistlərini gördüm. Biz bu mübarizədə əsl birlik nümayiş etdirdik, xalqımız yanında olduq. Allah xalqımızı, Prezidentimizi qorusun! Burada bir məqama da diqqət çəkmək istəyirəm. Bildiyimiz kimi, müharibə dövründə Prezidentin xarici mediaya saysız-hesabsız müsahibəsi oldu. Azərbaycan Prezidenti həmin müsahibələrlə müsahibə janrının son dərəcə peşəkar nümunələrini yaratdı. Biz jurnalistika fakültəsində müsahibə janrına “jurnalistikanın nəzəriyyəsi və təcrübəsi” fənni içərisində cəmi 2 saatlıq vaxt vermişik. Lakin indi belə qərara gəlmişik ki, Prezidentin müsahibələri ayrıca bir kitab halında çap olunsun. Artıq həmin müsahibələr kitab halına salınmaqdadır. Jurnalistika fakültəsində həmin müsahibələrə əsasən, müsahibə janrı üçün ayrıca kurs yaratmışıq. Təxminən 32 saatlıq kursda tələbələrə Prezidentin həmin müsahibələrini aydınlaşdıracağıq. Əslində etiraf etməliyik ki, biz mətbuat olaraq müharibə dövrünə hazır deyildik. Amma Vətən Müharibəsi bizim üçün dünya miqyaslı bir təcrübə oldu. Adətən biz həmişə qərb mediasına istinad edirdik, onlardan öyrənirdik. İndi baxın görün, qərb jurnalistikası nə günə qalıb. Onlar dəqiqlik, qərəzsizlik, balanslı xəbər yaymaq və s. prinsiplərin hamısını tulladılar. Hazırda onların işi qeyri-dəqiq, qərəzli xəbər tirajlamaqdan ibarətdir. Ona görə də  Azərbaycan jurnalistikasının yeganə öyrənəcəyi yer klassik junalistikamızdır. Üzeyir Hacıbəyli, Məmmədəmin Rəsulzadə, Mirzə Cəlil və s. şəxsiyyətlərimizdən öyrənməliyik. Sevindirici haldır ki, bizim müharibə dövrü jurnalistlərimiz sanki yenidən milli klassikaya qayıtdılar və möhtəşəm qələbənin təmin olunmasına kömək etdilər. Hesab edirəm ki, bu 1-2 ay ərzində qazandığımız təcrübə bizə illərlə yol göstərəcək. Artıq jurnalistikamız yeni formata qədəm qoyub. Biz televiziyalarda, yazılı mətbuatda daha çox vətənpərvərliyin təbliğ olunduğu materialları görürük. Bu materiallarda Vətən müharibəsinin qəhrəmanları cəmiyyətə tanıdılır. Çox istərdim ki, media bu missiyanı 2021-ci ildə də davam etdirsin və Vətən müharibəsi qəhrəmanlarından cəmiyyətə tanıdılmayan bir nəfər də qalmasın”.