Artıq mobil telefon tətbiqi ilə meyvə və tərəvəzlərin yetişib-yetişmədiyini seçmək mümkündür.
Hafta.az-ın yazdığına görə, Moskva Fizika-Texniki İnstitutunun (MIPT) mütəxəssisləri məhsulların təzəliyini müəyyən edə bilən mobil proqram hazırlayıblar. Mövsümi qarpızlar üzərində sınanan tətbiq çox uğurlu nəticə verib.
Bu yenilik barədə Fotonika və İkiölçülü Materiallar Mərkəzinin radiofotonika laboratoriyasının rəhbəri, MIPT Telekommunikasiya Araşdırma Mərkəzinin aparıcı elmi işçisi Dmitri Filonov məlumat verib.
Yeni proqram hələlik yalnız Android cihazları üçün əlçatandır.
Mobil telefonda quraşdırılan proqram meyvə-tərəvəzdən ötən vayfay siqnalını araşdırır və istifadəçiyə bu meyvə və tərəvəzlərin yetişmə dərəcəsini bildirir. Proqramın üstünlüyü ondan ibarətdir ki, meyvə və tərəvəzlərdə dölün keyfiyyətinə və bütövlüyünə xələl gətirmədən bunu başa düşə bilir.
Rus alim Filonov, "Yetişmənin fiziki və kimyəvi meyarları var. Xüsusilə yetişəndə meyvələrdə şəkərin miqdarı artır. Bu, onların daxili mühitinin dielektrik xüsusiyyətlərini dəyişir və onlar vayfay siqnalının keçdiyi səviyyəyə təsir edir" deyib.
Gələcəkdə tətbiqin digər əməliyyat sistemləri üçün hazırlanması və tamamlanması planlaşdırılır.
Bundan əlavə, müştərilərin məhsulun keyfiyyətini müstəqil müəyyən edə bilmələri üçün supermarketlərdə də analoji proqramın tətbiqi planlaşdırılır.