Milli İnsan Hüquqları Günü - Aktual

18:49 14.06.2024 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

İnsan hüquqlarının təmin edilməsi hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti, demokratikləşmə üçün şərtdir

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindəndir. Elə bu səbəbdəndir ki, 18 iyun Azərbaycanda Milli İnsan Hüquqları Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2007-ci il 17 iyun tarixli Fərmanı ilə Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə ölkəmizdə ilk “İnsan hüquqları müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq etdiyi və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirdiyi tarix Azərbaycanda İnsan Hüquqları Günü elan edilib.

Qeyd edək ki, müstəqil Azərbaycanın 1995-ci il noyabrın 12-də qəbul edilən Konstitusiyası ölkənin gələcək inkişaf prioritetlərini müəyyənləşdirməklə yanaşı, insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarıb. Konstitusiyada əksini tapmış bu strateji məqsəd, ilk növbədə, hüquq islahatları və insan hüquqlarının qorunması prinsipinin real həyatda tətbiqini zəruri edib.

Respublikamızda həyata keçirilən hüquqi islahatların ən mühüm mərhələlərindən biri insan hüquqlarının və azadlıqlarının müdafiəsində səmərəli hüquq müdafiə mexanizmi olan Ombudsman təsisatının yaradılmasıdır. İnsan hüquqlarının təmin olunmasını ümumdövlət vəzifəsi hesab edən Ulu Öndər Heydər Əliyevin ilk dəfə insan hüquqları üzrə müvəkkil institutunun təsis edilməsi üçün 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı, habelə 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilən Dövlət Proqramında insan hüquqları üzrə müvəkkil təsisatının yaradılması nəzərdə tutulub. Ombudsman təsisatının yaradılması hüquqi dövlət quruculuğu istiqamətində aparılan islahatların məntiqi davamı idi.

2001-ci il dekabrın 28-də isə Milli Məclis “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununu qəbul edib. Müvəkkil təsisatının yaradılması və fəaliyyəti üçün maddi və hüquqi baza formalaşdırılıb. 2002-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun tətbiq edilməsi barədə Fərman imzalayıb. 2002-ci il iyulun 2-də “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında” Konstitusiya Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Qanun qəbul olunub.

Bu islahatlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Ölkəmizdə insan, vətəndaş hüquq və azadlıqlarının qorunması işi bu gün də təkmilləşdirilir, bu sahədə məqsədyönlü tədbirlərin həyata keçirilməsi uğurla davam etdirilir. Azərbaycanda müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir.

Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də imzaladığı “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi göstərilib.

Azərbaycanda aparılan demokratik hüquqi islahatlar insan hüquqlarının müdafiəsi sahəsində mühüm irəliləyişlərin əldə edilməsinə şərait yaradıb, bu müddət ərzində ölkəmiz bir çox hüquqi aktlara qoşulub. BMT və Azərbaycan hökuməti arasında 1998-ci ilin avqustunda “İnsan hüquqları və demokratiyanın dəstəklənməsi sahəsində birgə layihə haqqında” Memorandum imzalanıb. 2012-ci ilin dekabrında təsdiq olunmuş “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası da insan hüquqlarının səmərəli qorunması üçün yeni imkanlar açır.

Son illər ölkəmizdə bütün sahələrdə həyata keçirilən əsaslı islahatlar insan hüquq və azadlıqlarının etibarlı şəkildə təmin olunması mexanizmlərinin daha da təkmilləşdirilməsini təmin edib. Xüsusilə Azərbaycan Respublikasının 2017-ci il 10 fevral tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamı, eləcə də bu sahədə imzalanan digər fərman və sərəncamlar ölkəmizdə insan hüquqlarının təmin olunması işinə mühüm təkan verib. Məhz bu sahədə əsaslı islahatların və proqram xarakterli fərman və sərəncamların imzalanmasının nəticəsidir ki, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində görülən işlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycanda insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq hüquq normalarına cavab verən geniş hüquqi baza mövcuddur. Bu hüquqların həyata keçirilməsi ilə bağlı konkret hüquq müdafiə mexanizmləri fəaliyyət göstərir. İnsan hüquq və azadlıqlarının təmin olunmasıistiqamətində tədbirlərin həyata keçirilməsi ilə bağlı dövlətin siyasi iradəsi mövcuddur. Bu istiqamətdə davamlı olaraq islahatlar həyata keçirilir. Həmin islahatlar nəticəsindəqanunvericilik təkmilləşdirilərək müvafiq beynəlxalq sənədlərə uyğunlaşdırılır, əhalinin hüquq və azadlıqları daha yüksək səviyyədə təmin olunur.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Naqif Həmzəyev deyib ki, müasir dövrdə istənilən cəmiyyətdə istər inkişaf, istərsə də demokratikləşmə baxımından ən mühüm göstərici insan hüquqları ilə bağlı dövlətin mövqeyi və onun təmin edilməsi səviyyəsidir: “Hətta, demək olar ki insan hüquqlarının nə dərəcədə təmin edilməsindən asılı olaraq, dövlətləri fərqli kateqoriyalaşdırmaq belə mümkündür. Bu baxımdan, Azərbaycan Respublikası insan hüquqları və onun təmininə münasibətini ən ali – Konstitusiya səviyyəsində müəyyənləşdirib və nəzərdə tutulmaqda olan hüquqlar hər bir kəsin ilk növbədə konstitusional hüququdur.

Konstitusiyamızın 24-cü maddəsində təsbit edilir ki, hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. İnsan hüquqları dediyimiz anlayışın elə məhz özü budur; yəni, hərhansı göstərici və ya qrupa aidlik məfhumu olmadan, anadan olduğu andan etibarən bəhs edilən hüquq və azadlıqlara sahib olması və onların təmin edilməsinə qarşı münasibətdə dövlətin rolu.

Qeyd etmək lazımdır ki, xüsusilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda xalqın tələbi ilə rəhbərliyə qayıtmağının ardından, hüquqi dövlət quruculuğu, vərəndaş cəmiyyəti və insan hüquqları dövlətin prioritet fəaliyyət istiqamətlərinə çevrildi. Hətta 18 iyun 1998-ci il tarixli prezident sərəncamı ilə təsdiq edilmiş insan hüquqlarının müdafiəsi sahəsində dövlət proqramı konteksində institusional və qanunvericilik islahatları həyata keçirilmiş, Kontitusiya nəzarətini həyata keçirən fəaliyyət mexanizmləri mənimsənmiş, məhkəmə islahatları həyata keçirilmiş, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) təsisatı yaradılmış, senzura ləğv edilmiş və kütləvi informasiya vasitələrinin, medianın sərbəst fəaliyyəti üçün bütün əsaslar yaradılmış və gücləndirilmişdir”.

Millət vəkili vurğulayıb ki, insan hüquqlarının prioritet istiqamət olaraq qəbul edilməsi ənənəsi Prezident cənab İlham Əliyev rəhbərliyində uğurla davam etdirilir: “Dövlət başçısının 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il 18 iyun tarixi İnsan Hüquqları Günü olaraq qeyd edilir. Bu cənab Prezidentin bu sahəyə xüsusi maraq və qayğısının nəticəsidir ki, dövlətin inkişafının da mühüm göstəricilərindən biridir. 27 dekabr 2011-ci il tarixdə isə "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı" qəbul olunub.

İnsan hüquqlarının təmin edilməsi hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyəti, demokratikləşmə üçün şərtdir. Lakin, mövzunun həssaslığını nəzərə alaraq bildirmək lazımdır ki, beynəlxalq müstəvidə aparılan müzakirələr konteksində də bir çox hallarda dövlətin başqa bir dövlətə müdaxilə bəhanəsi kimi qlobal mahiyyətə bürünə bilir. Bunun ən bariz nümunəsini keçmiş Qarabağ konflikti çərçivəsində müşahidə etdik. Azərbaycan öz suveren torpaqlarını işğaldan azad edərkən, torpaqlarımızdakı terrorçu-ekstremist yuvaya qarşı apardığımız hərbi əməliyyatları Qərbdə siyasiləşdirərək, sanki insan hüquqlarının tapdalanması olaraq xarakterizə etməyə çalışdılar. Halbuki, kombatantlar və hərbi hədəflərə qarşı münasibətdə dövlət öz torpaqlarında yaradılmış hərbiləşmiş xunta rejimə qarşı başqa nə edə bilərdi ki? Daha sonra isə ölkəmizə qarşı fərqli qarayaxma kampaniyaları ilə informasiya terroru tətbiq etməyə çalışdılar. Lakin, bütün bu cəhdlər heç bir nəticə vermədi və verməyəcək. Çünki, dövlətimiz Müzəffər Lider cənab İlham Əliyev rəhbərliyində bütün sahələrdə olduğu kimi, insan hüquqlarının təmini ilə bağlı da dövlət ənənələrinin təkmilləşdirilməsi siyasəti aparır və açıq şəkildə ortadadır ki, ölkəmizə qarşı ikili standartlar, çirkin kampaniyaların ilk bəhanəsi insan hüquqlarından yönəlir. Kiçik bir tədqiqat isə kifayət edir ki, ölkəmizin insan hüquqlarına qarşı münasibətdə konstruktiv mövqeyi aşkara çıxsın”.

Oxunma sayı 325