İyunun 4-də Nizami Kino Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımova həsr olunmuş süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış "Düşmənə qarşı tək" qısametrajlı filminin təqdimatı keçirilib.
Hafta.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Milli Qəhrəmanın ailə üzvləri, şəhid ailələri, incəsənət xadimləri iştirak ediblər.
Tədbir ərazi bütövlüyümüz və suverenliyimiz naminə canından keçmiş qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən "SOY" Production şirkətinin və layihənin rəhbəri, Əməkdar artist Dilarə Əliyeva filmin şirkətin nəzdində hazırlanmış üçüncü süni intellekt filmi olduğunu deyib.
"Burada real aktyorlar oynamasa da, real rejissor meydançada olmasa da, real operator işləməsə də, real səs rejissoru çalışmasa da, real qrim ustası aktyorları qrim etməsə də, film çox realdır. Bizim niyyətimiz Milli Qəhrəmanımız Natiq Qasımovun haqqını verməkdir. Natiq Qasımov Mingəçevirdə kinoteatrda kino mexaniki işləyib. Onun kinoya böyük marağı olub. Əminəm ki, bu gün onun ruhu bizimlədir. Filmin ərsəyə gəlməsində bizə göstərilən dəstəyə görə Bakı Media Mərkəzinə, xüsusilə onun rəhbəri Arzu Əliyevaya minnətdarıq", - deyə D.Əliyeva bildirib.
Filmin ssenari müəllifi, süni intellekt üzrə mütəxəssis Sarvan Hüseyn Natiq Qasımovla bağlı film çəkməyin ən böyük arzularından biri olduğunu və bunu reallaşdıra bildiyi üçün qürurlandığını qeyd edib: "Natiq Qasımovla bağlı məlumatların bir çoxunu internet resurslarından əldə etdikdən sonra Mingəçevirə yola düşdüm. Qəhrəmanın ailə üzvləri mənə bu işdə çox dəstək oldular. Filmdəki bütün kadrlarda Xocalıdan götürülmüş səhnələr süni intellekt vasitəsilə daha real vəziyyətə gətirilib. Demək olar ki, 80 faiz səhnə bir reallığı əks etdirir. Süni intellektlə hissi ötürmək çətin olsa da, bunu etməyə çalışmışam. İnanıram ki, filmdə Natiq Qasımovun qəhrəmanlığını, şücaətini çatdıra bilmişəm".
Natiq Qasımovun beş gün beş gecə ac-susuz, köməksiz şəkildə müqəddəs amalını yerinə yetirdiyini diqqətə çatdıran filmin redaktoru Fariz Əliyev bu gün Azərbaycan xalqının onu Milli Qəhrəman kimi böyük ehtiramla yad etdiyini deyib: "Natiq Qasımovun həyat hekayəsinə nəzər salarkən qürurlanırıq ki, onun kimi neçə belə qəhrəmanla bir xalqın, bir torpağın nümayəndəsiyik. Həmin qəhrəmanlar bu gün bizim aramızda olmasalar da, onların uğrunda canlarını qurban verdikləri Vətən torpağı artıq bütövləşib. Bu cür oğulların hər biri ilə fəxr edirik".
Daha sonra film nümayiş olunub.
Süni intellekt texnologiyaları ilə hazırlanan 25 dəqiqəlik ekran əsəri onun döyüşlərə qatıldığı gündən son anlarınadək uzanan qəhrəmanlıq salnaməsini təsirli şəkildə canlandırır. Film boyunca Vətənə bağlılığın, əyilməz iradənin və fədakarlığın necə böyük bir insan taleyinə çevrildiyini görmək mümkün olur. Ekranda canlanan hər səhnə, Natiq Qasımovun şərəfli döyüş yolu, üzləşdiyi çətinliklər, onun şücaəti tamaşaçıya dərin təsir bağışlayır.
Nümayişdən sonra şəhidin ailə üzvləri adından çıxış edən qardaşı Nofəl Qasımov Natiq Qasımovla bağlı xatirələrini bölüşərək deyib: "Natiq kinomexanik işləyəndə məni özü ilə müharibə, döyüş filmlərinə baxmağa aparırdı. Deyirdi ki, bax gör necə oğullar var, yəqin, nə vaxtsa mən də belə qəhrəman olaram. Bu gün burada Natiq Qasımovla birlikdə döyüşüb şəhid olan 6 qəhrəmanın da ailə üzvləri iştirak edirlər. Film hər birimizi kövrəltdi, həmçinin çox qürurlandırdı. Filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdaram". /AZƏRTAC/