Misirdəki diaspor mərkəzinin binasında Azərbaycan dili, həmçinin Quran qiraəti və xəttatlıq kurslarını bitirən tələbələrə diplomlar təqdim olunub.
“Vətənpərvər” Misirdəki Azərbaycan Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı alim Seymur Nəsirovun Hafta.az-a verdiyi məlumata görə, Misirin müxtəlif universitetlərində təhsil alan və diaspor mərkəzində Azərbaycan dilini öyrənən 12 tələbə kursu uğurla bitirib. Onlar, həmçinin Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklər əldə ediblər.
"Diaspor mərkəzində ümumilikdə 500 gənc Azərbaycan dili ilə yanaşı, xəttatlıq, Quran qiraəti, ərəb dili və ədəbiyyatı və s. üzrə müxtəlif kurslarda iştirak edir. Onlar, əsasən, Afrika və Asiya ölkələrindən olan gənclərdir" deyən S.Nəsirov əlavə edib ki, kursu bitirmiş gənc misirli qızın Səməd Vurğunun “Azərbaycan” şeirini söyləməsi zalda alqışlarla qarşılanıb.
Tədbirin sonunda Quran qiraəti üzrə 10, xəttatlıq sənəti üzrə isə 4 tələbəyə diplomlar təqdim edilib.