Azərbaycanın Xankəndi və digər ərazilər üzərində suverenliyini tam təmin etdikdən, Qarabağdakı ermənilərin böyük əksəriyyətinin könüllü olaraq bu əraziləri tərk etməsindən sonra, buradakı rus sülhməramlılarının gələcəyi ilə bağlı suallar açıq qalmaqdadır. Rusiyanın özündə də bir çox siyasətçi etiraf edir ki, rus hərbçilərinin Qarabağdakı missiyası çoxdan başa çatıb. Onların evə qayıtmaq vaxtıdır. Bu məsələdə Kremlin nə kimi qərar verəcəyi, Azərbaycanın hansı yolu tutacağı müzakirə predmeti olaraq qalır.
Siyasi şərhçi Qulu Məhərrəmli hesab edir ki, məsələyə məntiqlə yanaşılarsa, bu gün Rusiya sülhməramlılarının Xankəndidə qalmasının heç bir əsası yoxdur. Həmin bölgədə yaşayan ermənilər, azərbaycanlılar arasında yarana biləcək təhlükəni aradan qaldırmaq üçün rus hərbi kontingentinə heç bir iş qalmayıb.
Rus hərbi kontingentinin Qarabağa gələndən sonra birbaşa öz missiyası ilə məşğul olmadığını qeyd edən ekspert, bu missiyanın Azərbaycan tərəfindən uğurla həyata keçirildiyini vurğulayıb:
“Azərbaycan sərhədləri bağlayıb, bölgəyə nəzarəti artırmasaydı, orada qanlı hadisələr baş verəcəkdi. Rus sülhməramlıları son hadisələrdə neytral mövqe tutdular. Bu, hadisələrin sürətli getməsini təmin etdi. Bundan sonra rus hərbi kontingenti orada necə qalacaq, hansı statusu daşıyacaq, nə işlə məşğul olacaq, bu qeyri-müəyyəndir”.
Q.Məhərrəmli bildirir ki, Rusiya uzun illər himayə edib dəstək verdiyi, əvəzindən vuruşduğu Ermənisan tərəfindən Qərbə satılmasına baxmayaraq, bölgəni belə asanlıqla tərk etmək fikrində deyil.
Rusiya hərbi kontingenti Qarabağda öz şəhərciklərini salıb, infrastruktur qurub. Rusiya hərbçilərinin 2025-ci ilə qədər Qarabağda qalmaqla bağlı planları var. Amma bu, Kremlin orada hərbi baza yaratması anlamına gəlməməlidir: «Rusiyanın Ermənistandakı hərbi bazasına uyğun bir bazanı da Azərbaycanda yaradacağı hadisələrin gedişindən, hərbi-siyasi situasiyadan asılı olacaq. Hesab edirəm, Rusiya-Ukrayna müharibəsi, Qərbin Rusiyaya əks-münasibəti kontekstində bölgədə zəifləməsi fonunda Moskvanın Xankəndidə hərbi baza yaratması mümkün olmayacaq. Rusiya müxtəlif adlarla hərbi kontingentinin ömrünü uzada bilər. Hərbi baza böyük anlayışdır. Bu, tək Rusiyanın istəyindən asılı deyil. Regionda gedən geosiyasi proseslər Rusiyanın Xankəndidə baza yaratması sualına özü cavab verəcək”.
Siyasi ekspert Aydın Quliyev hesab edir ki, Rusiya sülhməramlı kontingentinin Qarabağdakı sonrakı taleyinin necə olacağı məzmun və mahiyyət etibarilə heç də sadə məsələ deyil. Rus hərbi kontingentinin bölgəyə gəlişi 30 il davam etmiş silahlı münaqişələrdən, diplomatlik çarpışmalardan, gərgin mübarizələrdən sonra gerçəkləşib. Rus hərbi kontingentinin Qarabağa gəlişi bir gecənin içində baş verən məsələ olmadığı kimi, ona bir gecənin içində dərhal həll olunacaq məsələ kimi də baxmaq olmaz.
A.Quliyev bildirir ki, söhbət tək Rusiya sülhməramlı qüvvələrdən getmir. Regionda, eyni zamanda, Rusiya-Türkiyə monitorinq qrupu da var. Ekspert qeyd edir ki, 30 il erməni işğalından sonra, Azərbaycan-Ermənistan münasibətlərində yeni reallıqların yaradılmasında Rusiya-Türkiyə monitorinq qrupu çox fəal rol oynayıb. Onun fikrincə, biz erməni təcavüzünün başa çatmasının nəticələrindən biri kimi, bölgədə rus hərbi kontingentinin, monitorinq qrupunun olmasını bir reallıq kimi qəbul etməli, bunun üzərində düşünərək nəticə çıxarmalıyıq.
Ekspert bu kontekstdə bildirir ki, rus sülhməramlılarınn Qarabağdakı taleyi, ən azı, Rusiya, Türkiyə, Azərbaycan arasında aparılan müzakirələrdən sonra bəlli olacaq:
“Rus hərbi kontingentinin ərazilərimizdə qalması, formal olaraq, 2025-ci ilin axırlarınadək nəzərdə tutulub. 2025-ci ilin ortalarına yaxın Azərbaycan məsələ ilə bağlı mövqeyini bildirsə, sülhməramlılar ilin sonunadək Azərbaycandan getməlidirlər. Bu cür təsəvvürlər sadədir. Ona görə ki, Rusiya–Azərbaycan münasibətləri yüksək səviyyədədir. Eləcə də Rusiya–Türkiyə münasibətləri rəvandır və üçtərəfli müqavilədə həll olunmamış probem yoxdur. Belə bir şəraitdə sülhməramlı və monitorinq qrupu ilə bağlı Azərbaycanın birdən-birə kəskin qərar verməsi asan olmayacaq. Ona görə də bu, hər üç ölkənin birlikdə aparacağı müzakirlərin nəticəsindən asılı olacaq”.
A.Quliyev qeyd edir ki, rus hərbi kontingentinin digər missiyalarından biri də ərazilərimizdə olan ermənilərin təhlükəsizliyinə və toxunulmazlığına təminatın yaradılması ilə bağlıdır:
“Nəzərə almaq lazımdır ki, biz erməni sakinlərini ərazidən qovmadıq, onlar hansısa bir planın tərkibi olaraq mütəşəkkül şəkildə yığışıb Azərbaycandan getdilər. Bu gün onların yenidən geri qaytarılması məsələsi var və Azərbaycan da buna etiraz etmir. Qərbi azərbaycanlıların öz yurdlarına, indiki Ermənistana qayıdışı ilə, ermənilərin Azərbaycana qayıdışı paralel aparılmalıdır. Belə bir şəraitdə rus sülhməramlılarının bizim ərazilərdə qalışı üçün son müddəti müəyyən etmək də çətindir. Ona görə ki, erməni əhalisinin Azərbaycana qayıdış şərtləri tam aydınlaşmalıdır. Düşünürəm, Rusiya öz hərbi kontingentinin çıxışı məsələsinin müzakirəsinə hazır deyil. Bəlli olan odur ki, bu missiyanın taleyi barədə qərar verəcək ölkələrin sırasında Ermənistan yoxdur”.
Siyasi icmalçı Rauf Qurbanov hesab edir ki, Xankəndi və Qarabağın digər ərazilərində dislokasiya olunmuş Rusiya sülhməramlı qüvvələri 10 Noyabr bəyannaməsinin şərtlərinə uyğun olaraq, Azərbaycan ərazilərini 2025-ci ilin müvafiq ayında tərk edəcəklər.
Ekspert hesab edir ki, Rusiya Federasiyasının Qarabağ ərazisində hərbi baza və ya hərbi kontingent saxlamağa marağı yoxdur və ümumiyyətlə, buna ehtiyac da duyulmur:
"Azərbaycan Respublikası bloklara qoşulmayan dövlətlərin sırasındadır və bu səbəbdən, ərazisində hər hansı bir dövlətin hərbi bazasının movcudluğu bu təməl prinsipə ziddir.
Azərbaycan Silahlı Qüvvələrinin oktyabrın 19-da Xankəndi və onun ətrafında 24 saata yaxın bir müddətdə keçirdiyi anti-terror əməliyyatından sonra, Rusiya sülhməramlıları Qarabağ ərazisində əksər nəzarət-buraxılış məntəqələrini bağlayıblar. Bu da bir daha yuxarıda söylədiyim fikrə əsas verir ki, Rusiya sülhməramlıları Azərbaycan ərazisini yaxın gələcəkdə tamamilə tərk edəcəklər".