MMC və MMMC: Fərq nədir?

19:00 30.04.2015
Yazını böyüt
Yazını kiçilt

 

Ekspertlər bu məsələdə yaranan çaşqınlığın aradan qaldırılması üçün qanunvericiliyə bəzi dəyişikliklərin edilməsini zəruri sayırlar

Son illər dövri mətbuatda, müxtəlif ictimai tədbirlərdə MMC və MMMC abbreviaturalarına rast gəlirik. Danışıq zamanı fərqi hiss etmək mümkünsüz olsa da, yazılışda fərqi nisbətən asan müəyyən etmək olur. Hətta səsləndirmə zamanı əksər hallarda fərqinə varmadan hər ikisini MMC kimi tələffüz edirik. Xeyli sayda insanlar var ki, onların fərqini bilmir.
Bəs görəsən, MMC və MMMC arasındakı oxşar və fərqli cəhət nədən ibarətdir?

Məsələyə aydınlıq gətirən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, bu qurumları birləşdirən bir sıra cəhətlər var: «Hər ikisi hüquqi şəxs statusunu ifadə edir, idarəetmə formaları oxşardır, qərar qəbulu prosesi yaxındır. Ancaq buna baxmayaraq, ciddi fərqlər var. Belə ki, MMC kommersiya, MMMC isə qeyri-kommersiya müəssisəsi hesab olunur. MMC (məhdud məsuliyyətli cəmiyyət) - bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyətdir. Məsələn, məhsul istehsal edən, xidmət göstərən, ticarətlə məşğul olan istənilən kommersiya müəssisəsi MMC adlana bilər. Təsərrüfat cəmiyyətlərinin növü olan belə təşkilatlar təsisçilərin payı əsasında yaradıldığından MMC-nin fəaliyyəti zamanı əldə edilən qazanc ümumi razılıq əsasında təsisçilər arasında bölüşdürülə bilər. Qazanc nizamnamə kapitalındakı paya mütənasib olaraq bölüşdürülür. MMC-nin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. MMC-lərin fəaliyyəti Mülki Məcəllə əsasında tənzimlənir».

MMMC-lər də kommersiya fəaliyyəti göstərirlər, amma…


Samir Əliyev deyib ki, MMC-dən fərqli olaraq MMMC (mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti) – çoxmənzilli binaların idarə edilməsi üçün bina sakinlərinin könüllü birliyidir. Onun sözlərinə görə, MMMC qeyri-kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil: “MMMC-lərin fəaliyyəti əsasən Mənzil Məcəlləsi əsasında tənzimlənir. Məcəllənin çoxmənzilli binaları idarə etmək üçün mülkiyyətçilərə verdiyi 3 idarəetmə üsullarından biridir. Qanunvericiliyə görə, çoxmənzilli bina sakinləri MMMC yaradaraq binanın idarə edilməsi məsuliyyətini birbaşa öz üzərlərinə götürürlər. Göründüyü kimi, MMC-lərdən fərqli olaraq MMMC-lər kommersiya fəaliyyəti göstərsələr də, əldə edilən gəlir bölüşdürülmür, ancaq Nizamnamə fəaliyyətinə yönəldilir. Ancaq hər iki müəssisə dövlət qeydiyyatına alındıqdan sonra firma adının yanında abbreviatura saxlamalı olacaqlar. Bu isə həmişə çaşqınlıq yaradacaq. Hazırda cəmisi 7 MMMC qeydiyyatdan keçib. Gələcəkdə onların sayı minlərlə ola bilər. MMC-lərin sayı isə hazırda onminlərlədir.MMC-lər Vergilər naziriliyində, MMMC-lər isə Ədliyyə nazirliyində dövlət qeydiyyatına alınır».

Təklif var

Ekspert bu məsələdə ortaya çıxan çaşqınlığın aradan qaldırılması üçün mövcud qanunvericiliyə bəzi dəyişikliklərin edilməsini də zəruri sayıb. Samir Əliyev hesab edir ki, Mənzil Məcəlləsinə bununla bağlı texniki dəyişiklik edilməsi yaxşı olardı. Onun sözlərinə görə, beynəlxalq təcrübəyə əsasən, kondominium kimi tanınan mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinin (MMMC) adı Məcəllədə mənzil mülkiyyətçilərinin birgə cəmiyyəti (MMBC) kimi dəyişdirilə bilər: “Gələcəkdə baş verə biləcək çaşqınlığı aradan qaldırmaq üçün bu addımın atılması münasib olardı».
Yeri gəlmişkən, İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Avropa İttifaqının yardımı ilə həyata keçirilən “Azərbaycanın mənzil sektorunda islahatlara yardım” layihəsi çərçivəsində “Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyətlərinin (MMMC) idarə olunması və fəaliyyətinin tənzimlənməsi” mövzusunda növbəti maarifləndirmə tədbiri keçirilib. Seminarda İqtisadiyyat və Sənaye Nazirliyinin, beynəlxalq təşkilatların, bələdiyyələrin və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin, eləcə də çoxmənzilli binaların idarə olunması üzrə təşəbbüs qruplarının nümayəndələri iştirak edib. İqtisadiyyat və Sənaye Nazirliyinin Mənzil-kommunal siyasəti şöbəsinin müdiri Nizami Qasımov nazirlik tərəfindən çoxmənzilli binaların mülkiyyətçiləri arasında, eləcə də yeni yaradılan MMMC-lərin idarəedici şəxslərinin yeni mənzil münasibətləri sahəsində biliklərinin artırılması məqsədilə həyata keçirilən maarifləndirmə işləri barədə məlumat verib. Diqqətə çatdırıb ki, Mənzil Məcəlləsi mənzil-kommunal təsərrüfatı sahəsində yeni münasibətlərin formalaşması, eləcə də mənzil fondunun idarə olunmasında mütərəqqi idarəetmə üsullarının tətbiqində əsas hüquqi bazadır. Məcəllə vətəndaşlara əmlak hüquqlarını həyata keçirmək üçün əlverişli imkan yaradır.
Aparılan islahatlar nəticəsində çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə əlaqədar indiyədək Bakı şəhərində 7 MMMC qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınıb. Hazırda Bakı, Sumqayıt və Xırdalan şəhərlərində 20-dən artıq MMMC-nin yaradılması istiqamətində işlər aparılır. Qeyd edilib ki, bu kimi seminarlar belə idarəedici qurumların sayının artırılması, fəaliyyətlərinin təşkili və dəstəklənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sevinc

rubrikasından digər xəbərlər