Moldova portalı İlham Əliyevin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışından yazıb

21:45 22.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Moldovanın “noi.md” xəbər portalında Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən videokonfrans formatında təşkil edilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı informasiyalar dərc edilib.

AZƏRTAC-ın materialları əsasında hazırlanan xəbərlərdə Prezident İlham Əliyevin çıxışına istinadla bildirilir: “Demək olar ki, 30 il çəkən işğal faktı səbəbindən Azərbaycan öz mövqeyini birmənalı şəkildə bəyan etdi ki, biz ərazilər azad olunmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyik. Hesab edirəm, Ermənistanın özü də başa düşür ki, onlar çox böyük səhvə yol veriblər. Onlar vaxt itirdilər.

Əgər bugünkü Ermənistandakı vəziyyətə nəzər salsaq, görərik ki, Ermənistan müstəqilliyi qazanan zaman ilə müqayisədə vəziyyət daha ağırdır. Çünki bu gün Ermənistanın ordusu belə yoxdur. O, tamamilə məhv edilib. Ölkə altı aydan çoxdur ki, daimi siyasi böhran içindədir. Cəmiyyətdə böyük dərəcədə inamsızlıq yaranıb, qarşılıqlı ittiham irəli sürülür. Bəzi siyasi liderlərin ritorikası hər hansı bir qəbul edilən çərçivədən tam uzaqdır”.

Digər xəbərdə isə dövlətimizin başçısının çıxışına istinada vurğulanıb ki, ABŞ Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasına öz töhfəsini verə bilər. Dövlətimizin başçısından gətirilən sitatda deyilir: “ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüm zamanı onlardan yeni təkliflər gözlədiyimi bildirmişdim. Ona görə də düşünürəm ki, hazırda bu təşkilat yeni təkliflər axtarışındadır. Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması, hər iki ölkənin insanlarının yanaşı yaşaması üçün yeni təkliflər irəli sürülə bilər”.