“Moody’s”dən strateji etimad

12:46 10.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın suveren kredit reytinqini “Ba1” səviyyəsindən “Baa3” səviyyəsinə yüksəldib. Bu, Azərbaycanın beynəlxalq kredit tarixində ilk dəfə investisiya dərəcəli status alması deməkdir. Agentlik reytinq üzrə proqnozu da “müsbət” olaraq saxlayıb. Bu reytinq artımı beynəlxalq investorlar, maliyyə bazarları və fondlar üçün ciddi siqnaldır.

Təbii ki, yeni reytinq üzrə müsbət proqnoz ölkədə davam etdirilən islahatların fonunda iqtisadiyyatın və fiskal sahənin neft-qaz sektorundan asılılıq gözləntilərinin azalmasını əks etdirir. Həmçinin pul-kredit siyasətinin təkmilləşdirilməsi, maliyyə sektorunda tənzimləmələr, dövlət maliyyə idarəçiliyi və ictimai inzibati proseslərdə şəffaflığın artırılması istiqamətində aparılan islahatlar institusional idarəetmənin daha da yaxşılaşacağına əsas verir. Aşağı borc yükü və xalis aktivlərin mövqeyi ilə güclü hökumət balans hesabatı, həmçinin çox yüksək borc ödəmə qabiliyyəti ölkənin güclü tərəfləri olaraq qalır.

Agentlik qeyd edir ki, Azərbaycanın güclü fiskal mövqeyi, möhkəm makroiqtisadi sabitliyin qlobal şoklar və neft qiymətlərinin dəyişkənlik dövründə davamlı olaraq qorunması fiskal dayanıqlığı daha da möhkəmləndirməkdədir. Müsbət proqnoz həmçinin hesabatlılıq sahəsində davam edən potensial inkişafı da əhatə edir. Xarici investisiyaların cəlb edilməsi istiqamətində səylər genişlənir, hüquqi və tənzimləyici çərçivələr üzrə islahatlar davam edir ki, bu da şəffaflıq və hesabatlılığın gücləndirilməsinə kömək edir.

“Moody’s”in qənaətinə görə, Azərbaycanın bölgədə nəqliyyat və yaşıl enerji mərkəzi kimi mövqeyini möhkəmləndirmək yönündə davamlı səyləri nəqliyyat-logistika, tikinti və turizm kimi qeyri-neft sektorlarında davamlı və əhəmiyyətli artımlara imkan verir. Əlverişli coğrafi mövqeyə malik olması və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu - Orta Dəhlizdə artan fəaliyyəti logistika sektorunda əlverişli nəticələr yaradacaq və iqtisadiyyatın digər sahələrinə müsbət təsir göstərərək böyük investisiyaları cəlb edəcək. Eləcə də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin davamlı inkişafı iqtisadiyyatın şaxələndirilməsi istiqamətlərini güclü şəkildə dəstəkləyir. Bütün bu amillər reytinqin yüksəldilməsində təsiredici rol oynayan başlıca amillər kimi çıxış etməkdədir.

Agentliyin ehtimallarına görə, iqtisadiyyatın şaxələndirilməsinə baxmayaraq, Azərbaycan orta və uzun müddətdə neft-qaz gəlirlərindən faydalanmağa davam edəcəkdir. Büdcə transferlərindən asılılığın azaldılması səyləri ilə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin artması fiskal təhlükəsizliyi genişləndirəcək və şok dövrlərində iqtisadiyyata dəstək üçün mövcud olan resursları artıracaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma şöbəsinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru Lətif Zeynallı bildirir ki, ölkədə iqtisadiyyatın və fiskal siyasətin neft-qaz sektorundan asılılığının azaldılması, pul-kredit siyasətində səmərəliliyin artırılması, maliyyə sektorunun tənzimlənməsi, eləcə də dövlət idarəetməsində şəffaflığın və hesabatlılığın gücləndirilməsi istiqamətində atılan addımlar Azərbaycanın iqtisadi idarəetmə keyfiyyətində əhəmiyyətli irəliləyişlərə səbəb olub:

“Bu tədbirlər təkcə mövcud makroiqtisadi sabitliyi qorumaqla kifayətlənmir, eyni zamanda institusional bazanın möhkəmləndirilməsinə və dayanıqlı iqtisadi inkişaf modelinə keçidi dəstəkləyir. Pul-kredit siyasətinin optimallaşdırılması inflyasiya gözləntilərinin idarə olunmasına və maliyyə sabitliyinin qorunmasına xidmət edir, fiskal siyasətin neft gəlirlərindən daha az asılı hala gətirilməsi isə büdcə dayanıqlığını artırır. Maliyyə sektorunda qəbul olunan prudensial tənzimləmə və nəzarət mexanizmləri bank sisteminin likvidliyini və riskə davamlılığını yüksəltməklə real sektora dəstəyi gücləndirir. O cümlədən, dövlət idarəçiliyində şəffaflığın və hesabatlılığın artırılması, qərar qəbuletmə prosesində açıq informasiya axınının təmin olunması və ictimai resursların səmərəli idarə olunması institusional potensialın güclənməsinə səbəb olur. “Moody’s”in reytinq proqnozunda bu amillərin qeyd olunması Azərbaycanın beynəlxalq maliyyə institutları qarşısında artan etibarlılığını və uzunmüddətli iqtisadi perspektivlərinin möhkəmləndiyini nümayiş etdirir”.

L.Zeynallı vurğulayıb ki, logistika, tikinti və turizm sahələrində müşahidə olunan artım ölkənin qeyri-neft sektorunun canlanmasını və diversifikasiyasını stimullaşdırır. Bu sahələr üzrə artım Azərbaycanın tranzit və ticarət mərkəzi kimi mövqeyinin güclənməsi ilə bilavasitə bağlıdır. Xüsusilə Orta Dəhliz üzrə geostrateji mövqeyin möhkəmləndirilməsi  Azərbaycanı Şərq və Qərb arasında əsas nəqliyyat və logistika qovşaqlarından birinə çevirərək regional və qlobal inteqrasiyanı sürətləndirir. Bununla yanaşı, ölkənin bərpa olunan enerji mənbələri sahəsində xüsusilə günəş və külək enerjisi potensialının reallaşdırılması istiqamətində atdığı addımlar yaşıl iqtisadiyyatın formalaşmasına və dayanıqlı inkişaf hədəflərinə çatmasına xidmət edir. Bu çərçivədə həyata keçirilən yaşıl enerji təşəbbüsləri təkcə ekoloji deyil, eyni zamanda iqtisadi baxımdan da strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpası və bu ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası da qeyri-neft sektorunun inkişafında mühüm rola malikdir. Bu bölgələrdə aparılan infrastruktur layihələri, kənd təsərrüfatı və sənaye potensialının yenidən qurulması, eləcə də yaşıl enerji zonası kimi formalaşdırılması Azərbaycanın uzunmüddətli inkişaf gündəliyində əsas prioritetlərdən biridir. Sözügedən regionların iqtisadi fəallığa cəlb olunması yalnız regional deyil, bütövlükdə milli iqtisadi artıma müsbət təsir göstərir.