Hər il olduğu kimi bu il də müqəddəs Kəbə gül və zəmzəm suyu ilə yuyulub.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, Məkkə əmirinin müavini şahzadə Bədr bin Sultan bin Əbdüləziz Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əs-Səudun adından Kəbəni yumaqdan şərəf duyduğunu bildirib.
Kəbənin içinin qızılgül və zəmzəm suyu ilə təmizlənməsi mərasimində Şahzadə Bədrlə yanaşı, Məscidül-Haram və Məscidi Nəbəvi İşləri İdarəsinin sədri və Kəbənin imamı Əbdürrəhman əs-Sudeys də iştirak edib.
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Əl-İhbariye” telekanalı isə sosial media hesabında Kəbənin yuyulma mərasiminin görüntülərini yayıb.
Xəbərdə gümüş qablarda hazırlanmış zəmzəm suyu ilə Taif qızılgülü, qızılgül yağı, Məscidül-Harama xas ud yağı və müşkün qarışdırıldığı bildirilib.
Haremeyn İşləri Rəhbərliyi Twitter hesabından verdiyi açıqlamada hicrətin 8-ci ilində Məkkənin fəthi zamanı Məhəmməd peyğəmbərin Kəbəni yuduğunu və bu ənənənin o vaxtdan davam etdirildiyini bildirib. Qeyd edib ki, Kəbənin yuyulması mərasimi Peyğəmbərin sünnəsinə əməl etmək çərçivəsində həyata keçirilib.
Açıqlamada, ildə 3 dəfə keçirilən Kəbənin yuyulma mərasiminin artıq ildə bir dəfə keçirildiyi bildirilib.