Murovdağda minaya düşənlərlə bağlı rəsmi məlumat

16:37 29.09.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

 

Hafta.az-a daxil olan birgə məlumatda deyilir:

 

İyulun 30-u Daşkəsən rayon sakinləri 2010-cu il təvəllüdlü Qismət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun kənd təsərrüfatı işləri ilə məşğul olmaq məqsədi ilə evdən çıxaraq itkin düşmələri barədə rayon polis şöbəsinə məlumat daxil olmuş və hər iki şəxsin axtarılması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri aparılıb.

 

24 sentyabr 2021-ci il tarixdə rayon prokurorluğuna daxil olmuş məlumata əsasən, Göygöl-Kəlbəcər rayonu Murovdağ silsiləsindəki düşmən tərəfindən minalanmış ərazidə ilkin ehtimala görə minayə düşmələri nəticəsində Qismət Bayramov və Ülfət Rüstəmova aid meyit fraqmentləri aşkar edilib.

 

Prokurorluq və polis əməkdaşları, o cümlədən prokuror-kriminalistlər tərəfindən məhkəmə-tibb ekspertinin və Minatəmizləmə Agentliyinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə keçirilən baxış zamanı meyit qalıqları və müxtəlif geyim əşyaları aşkar edilmiş, həmin fraqmentlərin Qismət Bayramova və Ülfət Rüstəmova aid olub-olmamasını müəyyən etmək məqsədilə məhkəmə tibbi-genetik ekspertizası təyin edilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən istintaq davam etdirilir.
Nəticəsi barədə əlavə məlumat veriləcək.